Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1084/2023 14.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Şikayət vermiş şəxs X3, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin YNH üzrə baş inspektoru X4 iştirakları ilə, X3 Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin 23 fevral 2022-ci il tarixli, TP ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin 23 fevral 2022-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 12 fevral 2022-ci ildə idarə etdiyi ** ZL *** dövlət qeydiyyat nişanlı, "Xəzər LX" markalı nəqliyyat vasitəsilə Lökbatan dairəsi deyilən yerdən Lökbatan qəsəbəsi istiqamətində hərəkət edərkən Binə ticarət mərkəzi ilə üzbəüzdə yerləşən "Cənub qapıları" yaşayış kompleksinin həyətinə daxil olmuşdur. Sonra kompleksin həyətindən Binə TM - Lökbatan yoluna çıxarkən həyətdaxili yolda yolayrıcına daxil olub yolda avtonəqliyyat vasitəsi olmadığına əmin olub, yolu keçərkən 15-16 metr eni olan yolu keçib qurtararkən sağdan "İnfiniti" markalı avtomobil onun avtomobilinə çırpılmışdır. Hadisə yerinə gələn yol patrul xidməti əməkdaşlarından biri heç avtomobildən düşməmiş, ikinci əməkdaş hər iki sürücünün sənədlərini alıb gedərkən onlara demişdir ki, hadisənin təfərrüatlarını aydınlaşdırsınlar, qeydiyyat aparsınlar. Lakin DYP əməkdaşı “sən sağı gözləməliydin” deyib getmək istərkən ona araşdırma aparmalı olduqlarını təkrar bildirmişdir. Buna baxmayaraq onlar sənədlərini alıb heç bir qeydiyyat aparmadan getmişlər. O, 21 fevral 2022-ci il tarixdə Qaradağ rayon Pİ-nin DYP Şöbəsinə gəlmiş, YNH inspektoru R.Abbasovun yanında hadisə ilə bağlı izahat yazmış və göstərmişdir ki, yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli deyil və onlardan xahiş etmişdir ki, ədalətli və hərtərəfli araşdırma aparsınlar. O izahatında göstərmişdir ki, "İnfiniti" markalı nəqliyyat vasitəsi işıq siqnalından istifadə etməmiş və sürət həddini aşmışdır. İcraçılar bildirmişlər ki, sürət həddini müəyyən edən texniki vasitə olmamışdır. O bildirmişdir ki, infinitinin qabaq buferinin altında olan kronşteyn buferi yarıb keçərək onun idarə etdiyi Xəzər avtomobilinin qabaq qapısını kəsib keçərək dayağı əzmişdir. Bu isə həmin avtomobilin həddən artıq yüksək sürətlə gəldiyini təsdiq edir. İcraçı inspektor R.Abbasov onun avtomobilinin qapısına baxmışdır. Lakin buna baxmayaraq sonda heç bir araşdırma aparılmadan qərar qəbul etmişdir. İcraçı hadisə yerinə baxış keçirmədən otaqda yol nəqliyyat hadisəsinin sxemini çəkmiş və qərar qəbul etmişdir. Sxem də düzgün çəkilməmiş, çünki, hadisə o, yolayrıcını keçib qurtaran anda baş vermişdir. 23 fevral 2022ci il tarixdə telefonla R.Abbasovla əlaqə saxlamış və onun haqqında protokol tərtib edildiyini öyrənmişdir. O bildirmişdir ki, protokolu və qərarı rəsmi qaydada göndərsinlər. O, 28 fevral 2022-ci il tarixdə gedib protokolu və qərarı DYP Şöbəsindən götürmüşdür. Bu zaman onun İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi və 40 manat cərimə olunması barədə protokol və qərar tərtib olunduğunu görmüşdür. Barəsində tərtib olunmuş 23 fevral 2022-ci il tarixli, İXP ******* protokol və TP ******* saylı qərardan Qaradağ rayon məhkəməsinə şikayət etmişdir. Qaradağ rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 3(002)-390/22 saylı qərarı ilə şikayət təmin edilməmiş, qərar qüvvəsində saxlanılmışdır. Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(002)-390/22 saylı qərarından apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-2071/2022 saylı qərarı ilə Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən araşdırılması üçün Qaradağ rayon Pİ-nin DYP Şöbəsinə geri qaytarılmışdır. Qaradağ RPİ-nin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol düzgün tərtib olunmuşdur və ləğv olunmuş qərar yenidən qəbul edilmişdir. Bu barədə Qaradağ rayon məhkəməsinə məlumat verilmişdir. 10 may 2023-cü il tarixdə Qaradağ RPİ-nin xx.xx.2023cü il tarixli 3-13-48/2-H-4450/2/2023 saylı məktubunu almışdır. Məktubda əvvəlki cavab təkrar verilmiş və İXP ******* saylı inzibati xata haqqında protokolun ve qərarın surəti ona göndərilmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində tərtib edilmiş 23 fevral 2022-ci il tarixli, İXP ******* saylı protokolun və inzibati tənbeh vermə haqqında 23 fevral 2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə məhkəmə iclasında verilmiş suala cavab olaraq X5 bildirmişdir ki, onun barəsində tərtib edilmiş protokol əsassızdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin YNH üzrə baş inspektoru X8 bildirmişdir ki, İnfiniti markalı avtomobil sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsi olduğu üçün hərəkət üstünlüyü onda olmuşdur. Göstərilən halları nəzərə alaraq, İ.D.Hüseynovun şikayətinin əsassız olduğunu nəzərə alaraq, təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, işə əlavə edilmiş 23 fevral 2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X5 12 fevral 2022-ci il tarixdə, saat 21:47-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub qapısı yaşayış kompeksində idarə etdiyi “Xəzər LX” minik markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğu üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, İ.D.Hüseynovun şikayətinin dəlillərini işdə olan sübutlar və hadisə yerinin qeydə alınmış videogörüntüsünə əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, şikayətçi İ.D.Hüseynov 12 fevral 2022-ci il tarixdə, saat 21:47-də “Xəzər LX” minik markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub qapısı Yaşayış kompleksində yolun kəsişmə hissəsində sağ tərəfdən nəqliyyat vasitəsinin hərəkət edib-etməməsinə kifayət qədər əmin olmadan yolayrıcına daxil olaraq “İnfiniti” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə inzibati xəta hadisəsini törətmişdir. Məhkəmə hesab edir ki, şikayətçi İ.D.Hüseynovun şikayət ərizəsində qeyd etdiyi xüsusatlar isə özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Ona görə də onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 10cu bəndinə əsasən nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. Həmin Qanunun 77-ci maddəsinin 3-cü bəndinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Belə yolayrıclarında tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq, relssiz nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin 23 fevral 2022-ci il tarixli, TP ******* saylı inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X3 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin 23 fevral 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1084/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1084/2023
14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver