Məhkəmə qərarları › İş №3(002)-1086/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1086/2023

24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1086/2023 24.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X1, DİN-in BDYPİ-nin YPX-nın 6-cı tağımının komandir müavini, polis baş leytenantı X2 və YPX-nın 6-cı tağımının inspektoru, polis baş serjantı X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1987-ci ildə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Daşkəsən rayonu, Rəsullu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 24 may 2023-cü il tarixdə, saat təxminən 11:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən BDYPİ-nin 719 saylı postunda polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 24 may 2023-cü il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X5 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 24 may 2023-cü il tarixdə, saat təxminən 11:00 radələrində xidmətdə olduğu zaman BDYPİ-nin 719 saylı postundan onları köməyə çağırmışlar. 11-ci PB-nın əməkdaşları 719 saylı posta yaxınlaşarkən bir nəfər şəxsin polisin qanuni tələbini pozaraq idarə etdiyi “Kamaz” markalı avtomaşını tərəziyə çıxartmaqdan imtina etdiyini, yəni polisin qanuni tələbinə tabe olmadığını görmüşlər. Vətəndaşı 11-ci Polis Bölməsinə gətirmişlər. Bölmədə onun Şəxs olduğu müəyyən olunmuşdur. Nəticədə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 24 may 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən DİN-in BDYPİ-nin YPX-nın 6-cı tağımının komandir müavini, polis baş leytenantı X6 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 24 may 2023-cü il tarixdə, saat təxminən 11:00 radələrində BDYPİ-nin 719 saylı stasionar postunda xidmətdə olarkən “Kamaz” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin mişar daşı ilə dolu vəziyyətdə posta yaxınlaşdığını görmüş, həmin avtomobilin normadan artıq yüklə yükləndiyi aşkar göründüyündən rabitə vasitəsilə ilə xidmətdə olan əməkdaşlara yük maşınını saxlamağı tapşırmışdır. O xidmət apardığı kabinetdən həmin vətəndaşı müşahidə edərkən onun yük maşınını tərəzinin qarşısına sürdüyünü, ancaq tərəziyə çıxmamaqda israr etdiyini görmüşdür. O vətəndaşa yaxınlaşanda sürücü avtomaşının qapılaırnı bağlayaraq yük avtomobilini tərəziyə sürməkdən imtina etdiyini, ona yalnız müdirinin, yəni qardaşının tapşırığı ilə tərəziyə çıxa biləcəyini bildirmişdir. O da yanında olan yol polisi əməkdaşı X8 ilə avtomobilin sağ və sol tərəfindən təkərlərinin üstünə çıxaraq yük maşınını saxlamağa çalışmışlar. Bu zaman sürücü yük maşınının pəncərələrini bağlamış və hadisə yerindən uzaqlaşmağa çalışmışdır. Bundan sonra bir xeyli müddət sürücüyə avtomaşının qapılarını açmasını və mühərriki söndürməsini təkidlə xahiş etsələr də sürücü buna əməl etməmiş, sonradan YPX-nın 6-cı tağımının inspektoru, polis baş serjantı X3 yan tərəfdən avtomobilin pəncərəsini aşağı salmış və pəncərədən içəri daxil olaraq mühərriki söndürməyə və qapını açmağa çalışmış, bu zaman sürücü onlara müqavimət göstərmişdir. Odur ki, məcbur olub fiziki zor tətbiq edərək sürücünü avtomaşından düşürüb postun inzibati binasına aparmışlar. Sürücü müqavimət göstərən zaman baş nahiyəsi avtomaşının qapısına dəymişdir. Hadisə vaxtı onlar sürücüyüə qarşı heç bir qanunsuzluq etməmiş və qəsdən onu vurmamışlar. Daha sonra 11-ci polis bölməsinin əməkdaşlarını köməyə çağırmışlar və sürücü bölməyə təmin edilmişdir. Qeyd olunanlara əsasən sürücünün barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən DİN-in BDYPİ-nin YPX-nın 6-cı tağımının inspektoru, polis baş serjantı X8 öz izahatında DİN-in BDYPİ-nin YPX-nın 6-cı tağımının komandiri, polis baş leytenantı X2 dediklərini təsdiq edərək eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmiş ki, sürücü Şəxs onların qanuni tələbinə uzun müddət tabe olmadığı üçün məcbur olaraq sağ yan tərəfdən yük avtomobilinin şüşəsini aşağı salaraq pəncərədən içəri daxil olmuş və əlini ataraq avtomobilin mühərrikini söndürmək istəyərkən sürücü ona müqavimət göstərərək boğazından tutmuşdur. O isə birtəhər özünü müdafiə edərək sürücü tərəfdən qapının açılmasını təmin etmişdir. Hadisə vaxtı nə o, nə də ki digər polis əməkdaşları sürücüyə qarşı heç bir qanunsuz hərəkətlər törətməmişlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında qeyd etmişdir ki, o Daşkəsən rayonunda, Rəsullu kəndində ailəsi ilə birlikdə yaşayır, evlidir, himayəsində iki azyaşlı övladı var, fərdi qaydada sürücülük fəaliyəti ilə məşğul olur. 24 may 2023-cü il tarixdə, saat 11:00 radələrində mişar daşı yüklü “Kamaz” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşını Qaradağ rayonunda yerləşən 719 saylı postda yol polisi əməkdaşları onu saxlamış və tərəziyə çıxmasını bildirmişlər. O isə qardaşına zəng vurmuş və polis əməkdaşlarının qardaşı ilə danışmasını istəmişdir. Polis əməkdaşları buna məhəl qoymayaraq səbəbsiz yerə onu idarə etdiyi yük maşınında boğmağa başlamış və maşından yerə düşürmüşlər. Sonra qolunu kəskin şəkildə buraraq ona qarşı nalayiq ifadələr işlədərək və onu döyərək postun inzibati binasına aparmışlar. Postun binasında yerləşən otaqların birində onu üzü üstə yerə uzadaraq fiziki zor tətbiq etmişlər. Nəticədə o burun, göz və qolundan xəsarətlər almışdır. Daha sonra onu 11-ci PB-a təhvil vermişlər, onun aldığı xəsarətlərə əhəmiyyət verməyərək onu tibbi müayinədən keçirməmişlər. O öz izahatında polisə qarşı heç bir müqavimət göstərmədiyini, əksinə polis əməkdaşları tərəfindən fiziki şiddətə məruz qaldığını bildirərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması tərəflərin iştirakı ilə hadisənin görüntülərini əks etdirən iki ədəd DVD-R disklərə baxış keçiirlmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Şəxs mişar daşı ilə dolu vəziyyətdə olan “Kamaz” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşını 719 saylı polis postunun yaxınlığında saxlamış, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq hər hansı bir üzürlü səbəb olmadan avtomaşını tərəziyə sürməkdən imtina etmiş və yol polisi əməkdaşlarının avtomaşına daxil olmaması üçün avtomobilin qapılarını açmaqdan imtina etmişdir. Bundan əlavə məhkəmə hesab edir ki, Şəxs həqiqətən də döyülərək xəsarət alması, o cümlədən onun xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı zor tətbiq etməklə müqavimət göstərməsi faktının olub-olmamasının müəyyən edilməsi məqsədi ilə Qaradağ rayon prokuroruna müvafiq məlumat göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BDYPİ-nin YPXA-nın 6-cı tağımının komandiri, polis baş leytenantı X7 və 6-cı tağımın polis nəfəri, polis baş serjantı X8 tərəfindən tərtib olunmuş, 24 may 2023-cü il tarixli aktda qeyd olunmuşdur ki, “24 may 2023-cü il tarixdə təxminən saat 11:00 radələrində BDYPİ-nin 719 saylı tərəzi postunda yük avtomobili tərəzidən keçməkdən imtina edən zaman Daşkəsən rayonu, Rəsullu kənd sakini, xx xxxxxx 1987-ci il təvəllüdlü Şəxs polisə tabesizlik edən zaman idarə etdiyi “Kamaz” markalı, ** BD *** dövlət nömrə nişanlı maşının qapısı baş və üz nahiyyəsinə dəyən zaman xəsarət almışdır.” Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs aldığı fiziki xəsarətlərlə bağlı müvafiq araşdırma aparılması üçün qərarın və materialın surəti Qaradağ rayon prokuroruna göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar