Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1089/2020 09.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahəvələdov Ümüd Nadir oğlunun katibliyi Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.1, 447.0.1 və 398-ci maddələri ilə Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ Rayon Məhkəməsinə Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.1, 447.0.1 və 398-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati materialdan aydın olur ki, Azərbaycan Respublikası Baş prokurorluğunun İstintaq idarəsində ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs evinin həyətində müvafiq tələblərə cavab verməyən və antisanitar şəraitdə kəsilmiş hər kiloqramı 5 manata satılan 150 kq sümüklü at əti və hər kiloqramı 6 manata satılan 30 kq sümükdən ayrılmış dayça əti olmaqla cəmi 1080 manatlıq ət aşkar edilməsi barədə material üzrə yoxlama aparılmış, yoxlamanın gedişində Şəxs və ailə üzvlərinin sahibkar kimi qeydə alınmaması müəyyən olunduğundan Azərbaycan Respublikası CPM-in 39.1.1ci maddəsinə əsasən cinayət işinin başlanması istisna edilərək toplanmış material aidiyyəti üzrə müvafiq qərar qəbul edilməsi üçün Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilmişdir. Müəyyən edilmişdir ki, Şəxs 2018-ci ilin iyun ayından etibarən qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan baytarlıq baxışından keçirilməmiş, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən, ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanları (at, keçi və s.) kəsib satmaqla sahibkarlıq fəaliyyəti həyata keçirmiş və bu fəaliyyət nəticəsində hər ay 100 manat olmaqla, ümumilikdə 2400 (iki min dörd yüz) manat gəlir əldə etmişdir. Qeyd olunanlar X1 Mərkəzi baytarlıq laboratoriyasında (1042 NQ-li sınaq protokolu) və Milli Referens Laboratoriyasında (1820 Ns-li sınaq protokolu) Şəxs evindən götürülərək müayinə edilmiş ət nümunəsinə dair xx.xx.2020-ci il tarixli, ETRQ 023820R nömrəli rəyi, sonuncunun və X2 Bakı Regional bölməsinin əməkdaşları X4 və X3 izahatları, eləcə də, yoxlama materialına əlavə edilmiş xx.xx.2020-ci il tarixli aktla təsdiq edilir Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 289.0.1, 398 və 447.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM- nin 43, 54, 99, 103 və 110-cu maddələrini, habelə “Prokurorluq haqqında” qanunun 24-cü maddəsini rəhbər tutularaq 21,02.1982-ci il tarixdə Ermənistan Respublikasının Qaris rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs (FİN - xxxxxxx) barəsində Azərbaycan Respublikası İXM-nin 289, 398 və 447.0.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Şəxs Hidayıt oğlu öz izahatında bildirmişdir ki, 2018-ci ilin iyun ayından etibarən yaşadığı evin həyətində sifariş olduğu hallarda dayça, keçi və çəpiş əti kəsib satmaqla məşğul olur və ət kəsimindən təxminən aylıq 100-150 manat gəliri olur. Ətlə bağlı sifariş olduqda, sifarişçi kəsilmiş əti özü gəlib evindən götürür. Kəsdiyi heyvan ətinin bir qismini 10 nəfər ailə üzvü olduğuna görə ailəsi ilə birgə yeyir, qalan hissəsini isə tanıdığı dindar qardaşlarına hər kiloqram üçün keçi əti 8 manat, çəpiş əti 10 manat, dayça əti 6 manat, böyük at əti isə 5 manat olmaqla satır. Kəsilmiş heyvan ətlərini evində olan 02 ədəd dondurma soyuducusunda saxlayır və soyuducuların hər birində təxminən 150-200 kq ət saxlamaq mümkündür. Dindar biri olduğuna görə çalışır ki kəsdiyi ətlər xarab olmasın və heyvan əti tərəfindən kəsildikdən təxminən 2-3 gün sonra tamamilə satılır. Bu işlə məşğul olmasına dair hər hansı icazə və ya lisenziyası yoxdur, bu barədə müvafıq rəsmiləşdirmə aparılmayıb, ət kəsimi ilə məşğul olmağı ilə bağlı özü və ya ailə üzvlərindən hər hansı birinin adına VÖEN yoxdur, ümumiyyətlə bu fəaliyyətilə əlaqədar dövlətə vergi ödəmir. Sonuncu dəfə 2020-ci ilin iyun ayının sonunda digər atlar tərəfindən yaralanmış atının tələf olmasın deyə dayçası ilə birgə kəsmiş və həmin heyvanlardan təxminən 30 kq sümüksüz, 150 kq sümüklü ət ayırmışdır. Ətin təxminən 30 kiloqramını tanışına 1 kiloqramı 3 manatdan olmaqla satmış, qalan hissəsini isə xx.xx.2020-ci il tarixdə X2 Bakı Regional bölməsinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı ətlərin yararsız olması bildirildiyi üçün atmışdır. Yoxlamanın gedişində ətin xarici görünüşü, qoxusu, çəkisi və digər əlamətləri əks olunmuş akt tərtib olunmuş və aktla tanış olduqdan sonra qısa izahat verib imzalamışdır. Agentliyin əməkdaşları tərəfindən aparılmış yoxlamadan sonra öyrənmişdir ki, kəsilmiş ətin üzərində bağırsaq çöpü qrupuna aid bakteriyalar aşkar olunsa da, ətin qoxusunun onun çürüməsi ilə hər hansı əlaqəsi yoxdur, çünki at ətinin özünəməxsus qoxusu olmuşdur. Hal-hazırda törətdiyi əməldən peşiman olmaqla, məhkəmədən onun bağışlanmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsinə təkrarən qanununvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbli barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Şəxs izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, onun təqsirli bilindiyi İXM-nin 289.0.1 və 447.0.1-ci maddələri məhkəmənin səlahiyyətinə aid olmadığından o, İXM-nin 43-cü maddəsinə əsasən həmin Məcəllənin 398-ci maddəsi ilə təqsirli bilinməklə barəsində inzibati tənbeh tədbiri tədbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən, Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat zamanı toplanmış sənədləri tədqiq edərək hesab edir ki, Şəxs, inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin, yəni 2400 manatın) iki misli miqdarında cərimə edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 17, 114-115 və 117ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinərək, əldə edilmiş gəlirin iki misli miqdarında, yəni 4800 (dörd min səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1089/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1089/2020
09.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver