Məhkəmə qərarları › İş №3(002)-11/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-11/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-11/2023 18.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MKM-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirləndirilməsinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MKM-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli hesab edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 09 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 21 noyabr 2022-ci il tarixdə Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən Şəxs MKM-yə məxsus çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı yaranan bərk qarışıq tullantıların qeyriqanuni olaraq qalaqlanması və qanunla müəyyən edilməmiş əraziyə boşaldılmasına görə Şəxs MKM tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək inzibati tənbeh vermə barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 19 dekabr 2022-ci il tarixli, 3(002)-2068/2022 saylı bildirişdən görünür ki, Şəxs MKM-nin hüquqi ünvanı ünvan 2 Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (20 dekabr 2022-ci il tarixli reyestr nömrəsi 6). İş materiallarına əlavə edilmiş sifarişli-xəbərnaməli poçt göndərişindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 43, mənzil 1 ünvanına bildiriş göndərilmiş, lakin bu ünvanda yaşamadığı qeyd edilmişdir. İş materiallarında olan 28 dekabr 2022-ci il tarixli, 3(002)-2068/2022 saylı bildirişdən görünür ki, Şəxs MKM-nin hüquqi ünvanı ünvan 2 Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (05 yanvar 2023-cü il tarixli reyestr nömrəsi 17). İş materiallarında olan 10 yanvar 2023-cü il tarixli, 3(002)-11/2023 saylı bildirişdən görünür ki, Şəxs MKM-nin hüquqi ünvanı ünvan 2 Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (11 yanvar 2023-cü il tarixli reyestr nömrəsi 13). Bununla da, məhkəmə hesab edir ki, Şəxs MKM-nin nümayəndəsinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmişdir. Belə ki, vergi ödəyicilərinin məlumatlarında şirkətin ünvanı kimi qeyd edilən Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 43, mənzil 1 ünvanına bildirişlər göndərilmiş, həmçinin Şəxs MKM-nin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə 28 dekabr 2022-ci il tarixli məhkəmə iclası 09 yanvar 2023-cü il tarixə, 09 yanvar 2023-cü il tarixli məhkəmə iclası isə 18 yanvar 2023-cü il tarixə təxirə salınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MKM-nin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Şəxs MKM-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MKM-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, proses iştirakçısını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MKM Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 09 dekabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 21 noyabr 2022-ci il tarixdə Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən Şəxs MKM-yə məxsus çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı yaranan bərk qarışıq tullantıların qeyri-qanuni olaraq qalaqlanması və qanunla müəyyən edilməmiş əraziyə boşaldılmasına görə Şəxs MKM tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, boş ərazi müxtəlif tullantılarla qalaqlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 76654 nömrəli akta əsasən idarənin xx.xx.2022-ci il tarixli sərəncamına əsasən, Qaradağ rayonu ərazisində ətraf mühitin mühafizəsi, istehsalat və məişət tullantıları haqqında qanunların və digər qanunvericilik aktlarının icrasına nəzarət məqsədi ilə xx.xx.2022-ci il tarixli reyd zamanı 28 may küçəsində inşaatı başa çatmaq üzrə olan Şəxs MKM-yə məxsus çoxmərtəbəli yaşayış binasının tamamlama işləri zamanı tullantıların əsas plastik və digər bərk qarışıq olmaqla müvəqqəti saxlanma yerləri hazırlanmadan qalaqlanması və bir qismində basdırılması eyni zamanda fəaliyyət zamanı yaranan tullantıların 90-C-423 dövlət qeydiyyat nişanlı özü yığan xüsusi texnika vasitəsi ilə **-LK-*** dövlət qeydiyyat nişanlı Kamaz markalı yük avtomaşınına yüklənərək Lökbatan qəsəbəsi ərazisində yerləşən Lökbatan gölü adlanan ərazinin kənarlarına qanunsuz formada boşaldılaraq qalaqlanması faktı aşkar edilmişdir. Faktla bağlı araşdırma aparılan zaman yük avtomobilinin sürücüsü şifahi şəkildə əraziyə boşaldılaraq qalaqlanan tullantıların Şəxs MKM-yə məxsus tikilməkdə olan binaya aid yaranan tullantıların olduğunu və həmin ərazidən şifahi göstəriş əsasında gətirdiyini bildirmişdir. Lakin faktla bağlı hər hansısa yazılı izahat və ya sənəd təqdim etməsindən təkliflə razılaşmayaraq, tərtib edilmiş aktı imzalamaqdan imtina etmişdir. Faktla bağlı araşdırmanın davamı olaraq həmin müəssisənin tikinti ərazisindəki nümayəndələrinə tullantıların idarə olunması ilə əlaqədar ekoloji normativ sənədləri təqdim ediməklə akta imza etməsi təklif edilsədə aktın imzalanmasında imtina edilmişdir. Eyni zamanda həmin akt İdarənin müfəttişləri Elnur Muxtarov və Cavad Məmmədli tərəfindən imzalanmışdır. Məhkəməyə təqdim olunmuş fotoşəkillərdən görünür ki, **-LK-*** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı yük avtomaşını tikinti olan ərazini tərk edərək, tikinti zamanı yaranan tullantıları qalaqlanması nəzərdə tutulmayan və qanunla müəyyən edilməmiş əraziyə boşaldır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin ərazidən tullantıların daşınıb təmizlənməsini təmin edən, hüquqi şəxslə bağlanmış müqavilənin mövcud olmaması, tullantıların boşaldıldığı ərazinin ümumi tullantı yeri olması faktının sübuta yetirilməməsi həmin ərazidə antisanitar vəziyyət yaranması faktının olmasına dəlalət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs MKM-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinə əsasən istehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. Tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına gətirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilə bilər. İstifadə edildikdən sonra tullantıların zərərsizləşdirilməsi və istifadəsi üçün texnologiyası olmayan məhsulun idxalı qadağan edilir. İstehsalat və məişət tullantılarının uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. Tullantılara verilən ekoloji tələblər bu Qanunla yanaşı tullantılar haqqında normativ hüquqi aktlarla müəyyən edilir. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun 10cu maddəsinin tələblərinə görə tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ləğv edilməsi müvafiq norma və qaydalara uyğun aparılır. Tullantıların emalı yerləri və texnologiyaları seçilərkən insan səhhətinə və ətraf mühitə ziyanlı təsir barədə ekoloji ekspertizanın tələbləri əsasında müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Dövlət Ekologiya və X2 Komitəsi və Səhiyyə Nazirliyi) müəyyən etdiyi şərtlər nəzərə alınmalıdır. Tullantıların emalı yerlərinin ətraf mühitə təsirini müəyyən etmək məqsədilə ətraf mühitin monitorinqi aparılmalıdır. Tullantıların emalı yerlərində mərz nişanları və nəzarətli girişlər olmalı, texnoloji məntəqələrin ətraf mühit üçün tamamilə təhlükəsizliyi təmin edilməlidir. Bu məqsədlə nəzərdə tutulmayan yerlərdə tullantıların yerləşdirilməsi və emalı qadağandır. Tullantıları emal edən müəssisələrin fəaliyyəti tullantıların həcminin azaldılmasına və zərərsizləşdirilməsinə yönəldilməlidir. Bu müəssisələr öz fəaliyyətini nizamnamələrində nəzərdə tutulan qaydada və tullantılara mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında həyata keçirirlər. Tullantıları emal edən müəssisələrdə müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Dövlət Ekologiya və X2 Komitəsi və Səhiyyə Nazirliyi) tərəfindən təsdiq edilən qəza hallarının ləğv edilməsinə dair tədbirlər planı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs MKM Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətaların xarakteri, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117 və 271-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MKM Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 7000 (yeddi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar