Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1106/2023 16.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhəri, Qaradağ RPİ-nin DYPŞ-nın 03 may 2023-cü il tarixli EQ 14296873 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan X2 şikayətlə Qaradağ rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən 03 may 2023-cü il tarixli, EQ 14296873 saylı protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında 03 may 2023-cü il tarixli, EQ 14296873 saylı qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş DİN-in DYP Web Portalından çıxarılmış 03 may 2023cü il tarixli EQ 14296873 saylı inzibati xəta haqqında qərardan aydın olur ki, X2 03 may 2023-cü il tarixdə, saat 13:31 radələrində Qaradağ rayonu, Xocasən yolu, Socarın qarşısında “Kia Cerato” minik markalı ** OG *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 öz izahatında şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində Qaradağ rayonu, Xocasən yolu, qarşısında o "TŞ" kamerası vasitəsilə, “EQ 14296873" No-li protokola əsasən İXM-in 327.2-ci maddəsi ilə cərimə edilib. Ona məxsus ** OG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə geriyə dönmə hərəkətini icra etdiyi üçün protokol tərtib olunmuşdur. Həmin protokol ona görə tərtib olunub ki, o "Yol hərəkəti haqqında" Qanunun 69-cu maddəsində göstərilmiş "1.3" nişanlama xəttini kəsib geriyə dönmüşdür. Ancaq bildirmək istəyir ki, orada o geriyə dönmə hərəkətini icra etməzdən əvvəl yolun nişanlamasına diqqət etmiş və onun geriyə döndüyü hissə "1.11" nişanlama xətti olduğunu görmüşdür. Protokol "SMS radar" telefon proqramı ilə ona göndərildikdən sonra bir neçə dəqiqə ərzində o oraya yaxınlaşıb həmin yolun və nişanlama xəttinin foto və video görüntülərini telefonu vasitəsilə qeydə almışdır. Həmin görüntülərdən məlum olur ki, orada nişanlama xətti iki düz xətt olaraq dəyişilməyə çalışılsa da həmin xətt kənardan bir düz və bir qırıq xətt olaraq nəzərə çarpır. Həmin gün yağışlı hava şəraiti ilə əlaqədar yer yaş olduğu üçün demək olar ki, ikinci – ona yaxın olan xətt tamamilə qırıq görsənir. Ona göndərilən protokolda yalnız şəkil vardır və həmin şəkil aydın görsənmədiyi və uzaqdan çəkildiyi üçün iki düz xətt (1.3 nişanlama xəttinə) uyğun görsənir. Yəqin edir ki, həmin protokola müvafiq olaraq kamera görüntülərinə əsasən yolun nömrə və kilometrinə anoloji olaraq baxılarsa onun geriyə dönməni icra etdiyi yeri müəyyənləşdirmək mümkün olacaq və məlum olacaq ki, onda olan, həmin tarixdə telefon ilə qeydə aldığı video və foto görüntülərdə olan yer odur. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, EQ14296873 saylı inzibati xəta haqqında qərar üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ RPİ-nin DYPŞ-na təkrarən məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti, iş materiallarını və şikayət verən şəxsin izahatını dinləyərək hesab edir ki, 03 may 2023-cü il tarixli EQ 14296873 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün Qaradağ RPİ-nin DYPŞ-na geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı Qaradağ RPİ-nin DYPŞ əməkdaşı məhkəmə iclasında iştirak etməmiş və X1 göstərdiyi halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa X1 məhkəməyə təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilmiş videogörntüdən və şəkillərdən də sözügedən yolun bir düz və bir qırıq xətt kimi göründüyü aydın olur. Məhkəmə hesab edir ki, bu faktın araşdırılması üçün Qaradağ RPİ-nin DYPŞ tərəfindən yenidən araşdırma aparılmalı və mövcud anlaşmazlıq aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, X2 barəsində olan inzibati xəta haqqında protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. X1 barəsində tərtib edilmiş 03 may 2023-cü il tarixli, EQ 14296873 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılıb baxılması üçün Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-na geri qaytarılsın. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1106/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1106/2023
16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver