Məhkəmə qərarları › İş №3(002)-1108/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1108/2022

05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1108/2022 05.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Şikayət vermiş şəxs X2, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi YPX inspektoru X3 iştirakı ilə, X2 Bakı şəhəri Qaradağ rayon DYP şöbəsinin 19 iyul 2022-ci il tarixli, TP ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Qaradağ rayon DYP şöbəsinin 19 iyul 2022-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 19 iyul 2022-ci il tarixdə Qaradağ rayon ərazisində yerləşən Sədərək ticarət mərkəzinin yaxınlığındakı ərazidə avtomobili ilə hərəkət edən zaman dövlət yol patrul xidməti tərəfindən saxlanılmış, özünü təqdim edən polis serjantı Sənan Nərimanlı ona təhlükəsizlik kəmərini taxmadığı üçün saxla əmri verdiyini bildirmişdir. O da polis əməkdaşına bildirmişdir ki, ikinci qrup əlildir buna görə də təhlükəsizlik kəmərindən istifadə edir. Bundan sonra polis əməkdaşı heç bir əsas və ya sübut olmadan bir mənalı şəkildə təhlükəsizlik kəmərini taxmadığını bildirmiş, o sübut tələb edəndən sonra polis əməkdaşı ona nəqliyyat vasitəsini sürməyini xahiş etmişdir. Lakin 21 avqust 2022-ci il tarixdə digər patrul xidməti tərəfindən saxlanılarkən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını sistemə vuranda ona 19 iyul 2022-ci il tarixdə təhlükəsizlik kəmərini taxmadığına görə cərimə yazılması bildirilmişdir. Bu məlumatı öyrəndikdən dərhal sonra polis şöbəsindən qərarı alıb onların qanunsuz hərəkətlərindən narazı qalaraq, məcbur olub məhkəməyə müraciət etmişdir. Qaradağ rayon DYP şöbəsinin TP 51388382 saylı 19 iyul 2022-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra X4 qərardan şikayət vermə müddətini üzrlü səbəbdən ötürdüyünü nəzərə alaraq, prosessual müddətin bərpasına dair ərizəsinə əsasən, Qaradağ rayon DYP şöbəsinin TP 51388382 saylı 19 iyul 2022-ci il tarixli qərarından şikayət vermə müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə məhkəmə iclasında verilmiş suala cavab olaraq X4 bildirmişdir ki, o, təhlükəsizlik kəməri istifadə etmişdir, lakin polis əməkdaşı onun idarə etdiyi nəqliyyat vasitəsinə yaxınlaşana kimi təhlükəsizlik kəmərini açmışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi YPX inspektoru X3 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq öz izahatında bildirmişdir ki, X4 xx.xx.2022-ci il tarixdə saat 18:12 radələrində idarə etdiyi “Hyundai” markalı ** SF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərini bağlamamış və bununla da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin Vİ bəndinin tələbini pozmuşdur. Ona görə də barəsində Azərbaycan Respublikasının İXM-nin 329.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmişdir. X4 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdığı üçün həmin protokol əsasında xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən, Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi YPX-nin 19 iyul 2022-ci il tarixli, TP ******* saylı qərarının dəyişdirilməməsi və şikayətin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, işə əlavə edilmiş 19 iyul 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, X4 19 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş 19 iyul 2022-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X4 19 iyul 2022-ci il tarixdə Sədərək TM yaxınlığında təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 6-cı bəndinə görə konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir), motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi düymələməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 124.2-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, X4 təhlükəsizlik kəmərini bağlamadan Hyundai markalı, ** SF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyə görə İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi üzrə 40 manat məbləğində cərimə edilmişdir. O, həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək onun əsassız olduğunu iddia edərək qərarın qanuniliyini mübahisələndirmişdir. Lakin şikayətçi tərəfindən onun təhlükəsizlik kəməri istifadə etməsi faktı sübuta yetirilməmiş, əksinə özünün də etirafına görə polis əməkdaşı ona yaxınlaşarkən onun üzərində təhlükəsizlik kəməri olmamışdır. X4 Bakı şəhəri Qaradağ rayon DYPŞ YPX tərəfindən düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi üzə məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Qaradağ rayon DYPŞ YPX xx.xx.2022ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ rayon DYPŞ YPX xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar