Məhkəmə qərarları › İş №3(002)-1116/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1116/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1116/2023 23.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib edən X2, Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala Qaradağ rayon Məhkəməsinin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Qaradağ Rayon Məhkəməsinə baxılması üçün hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 18 may 2023-cü il tarixli MN №1762745 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 47-ci km-də yerləşən Şəxs MMC-nin fəaliyyəti zamanı ətraf mühitə atılan, axıdılan zərərli maddələrin miqdarının normativlərdən artıq olması aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən X5 protokolu müafiə edərək təmin edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 məhkəmə iclasında bildirmişdir ki, inzibati orqan tərəfindən qanunvericiliyin tələbləri açıq-aydın və kobud şəkildə pozulmuşdur. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 24.2-ci maddəsinə əsasən atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları qanunvericiliklə müəyyən edilən qaydada (sahibkarlara münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla) həyata keçirirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 16.1.3-cü maddəsinə əsasən insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda plandankənar (növbədənkənar) yoxlama aparılır. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Lakin, inzibati orqan tərəfindən monitorinqin (yoxlamanın) keçirilməsi ilə bağlı Şəxs MMC-yə heç bir məlumat verilmədiyindən müəssisənin səlahiyyətli nümayəndəsinin monitorinqdə iştirakı mümkün olmayıb. Yoxlamanın hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) əsasında keçirilməsi barədə məhkəməyə sübut təqdim etməyib. Bununla da, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Monitorinqin nəticəsi ilə bağlı tərtib olunmuş 000566 saylı 27 aprel 2023-cü il tarixli akta əlavə olunmuş fotoşəkillərdən xüsusi texniki vasitənin göstəriciləri görsənmir. Azərbaycan Respublikası İXM-nin 100,1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları. 100.1.8 inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar. İş materiallarından görünür ki, inzibati xəta haqqında protokol tərtib edilərkən qanuni təmsilçi X3 izahatı alınmamış, onun guya icraatda iştirakı yalandan qeyd edilmiş, ümumiyyətlə Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi dəvət edilməmişdir. X6 protokolda qeyd edilən tarixdə Bakı şəhərində olmamışdır. Protokolda inzibati xətanın aşkar edilməsi zamam istifadə olunan texniki vasitə olan “Ankat” 64M3-03 modelli cihazın göstəriciləri (elektron qaydada), ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar qeyd olunmamışdır. Bundan başqa, inzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilərək ona hüquq və vəzifələri izah edilməmişdir. Halbuki qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bir qayda olaraq hər bir şəxsə onun barəsində aparılan icraatla bağlı hüquq və vəzifələri dərhal izah edilməli, eləcə də onun hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq qeyd aparılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqmda iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Beləliklə, hesab edir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Hətta təqsir sübut edilsə belə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun qaydada yoxlama həyata keçirilmədiyindən şəxs İnzibati xəta üzrə məsuliyyətə cəlb edilə bilməz. Şəxs MMC barəsində tərtib edilmiş protokola görə o, İXMnin 233.1-ci maddəsinin tələblərini pozmuşdur, həmin maddədə «Ətraf mühitə atılan, axıdılan və basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması» göstərilmişdir. Lakin protokolda xx.xx.2023-cü il tarixində Bakı şəhəri Qaradağ rayonu, Bakı-salyan yolu 47-ci km ünvanda yerləşən müasir tikinti materialları zavodunun fəaliyyəti zamanı atmosfer havasına CO-in normadan artıq atılması göstərilmiş və barəsində İXM-nin 233.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Protokolda əks edilən pozuntu İXM-nin 234.1- ci maddəsinin tərkibini yaradır. Guya inzibati xətanın törədilməsi faktı xx.xx.2023-cü ildə aşkar olunsa da inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixdə tərtib olunmuşdur. Mümkündür ki, bu müddət ərzində inzibati araşdırma aparılıb. Lakin, belə olan halda inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma haqqında qərardad qəbul olunmalı və Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilməli İdi. İnzibati xəta haqqında protokolda və aktda CO-in normasının 5 mq/m3 olduğu halda monitorinq zamanı müəssisənin ətrafında 5,8 mq/m3 təşkil etmişdir. 2023-cü ilin may ayında Şəxs MMC-yə məxsus müasir tikinti materialları zavodu ərazisində "xxxx" MMC tərəfindən aparılan ətraf mühitin müəssisə monitorinqinə əsasən CO norma daxilində olmuş, hətta maksimal həddən xeyli aşağı olmuşdur. Eyni zamanda bu yoxlama zavodun həyətində bacanın yanında aparılmışdır. Müəssisədə toztutucu qurğular vaxtında dəyişdirilir. Hər il Ekologiya və Təbii Sərvətlər nazirliyinin tabeliyində olan qurumda qeydiyyata alınır. Bundan əlavə həmin qurğuların faydalı iş əmsalları ETSN-nin müvafiq qurumu tərəfindən yoxlanılmış və bu barədə sənəd təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öztəqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə İcraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri İlə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə görə İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) İşin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə İcraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd edilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 18 may 2023-cü il tarixli MN №1762745 saylı inzibati xəta haqqında protokoldan görünür ki, baxış zamanı Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 47-ci km-də yerləşən Şəxs MMC-nin fəaliyyəti zamanı ətraf mühitə atılan, axıdılan zərərli maddələrin miqdarının normativlərdən artıq olması aşkar edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə inzibati xətalara görə təyin ediləcək inzibati tənbeh tədbirlərini nəzərə alaraq inzibati xətanı törədən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10500 (on min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar