Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1116/2025 30.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ ******* nömrəli qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ 28629569 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarı əsasında İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Belə ki, barəsində tərtib edilmiş qərarda qeyd edilir ki, xx.xx.2025-ci il tarixdə, saat 05:45:00-da etibarnamə əsasında idarə etdiyi Mercedes Benz 2541 L Yük markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində hərəkətdə olarkən iriqabitli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərını aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. O, Mercedes Benz 2541 L Yük markalı **-RC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. Həmin nəqliyyat vasitəsi ilə mütəmadi olaraq X4 Bakı Satış Mərkəzinə kərpic daşıyır. Kərpiclərin sayı zavod tərəfindən avtomobilin ölçüsünə uyğun olaraq standart sayda, yəni 8000 ədəd olur ki, bu miqdarda kərpicin çəkisi təxminən 14000-14600 kq təşkil edir. İdarə etdiyi nəqliyyat vasitəsinin çəkisi 11700 kq-dır. Beləliklə, tam yüklü vəziyyətdə avtomobilin çəkisi maksimum 26300 kq olur. 27 aprel 2025-ci il tarixdə idarə etdiyi həmin nəqliyyat vasitəsinə X5 8000 ədəd kərpic yüklənmişdir. Buna dair ******* nömrəli qaimə fakturanı şikayətinə sübut olaraq əlavə edir. 28 aprel 2025-ci il tarixdə səhər saatlarında həmin yükü Bakı Karpic Zavoduna gətirərkən Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində magistral yolda quraşdırılmış elektron tərəzidə avtomobilinin ümumi çəkisi 28080 kq göstərilmiş, bu səbəbdən də elektron qaydada qərar qəbul olunaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 600 manat inzibati cərimə təyin edilmişdir. Halbuki, həmin gündən sonra 02 və 05 may tarixlərində yenə də zavoddan Bakı şəhərinə eyni miqdarda yük daşımış, yükün, avtomobilin və ümumi çəki tərəzi qəbzlərində göstərilmiş miqdarda olmuş, lakin həmin tarixlərdə barəsində İXM-nin yuxarıda göstərilən maddəsi ilə protokol və ya qərar qəbul olunmamışdır. Hazırda şikayətində göstərilənlərin sübutu kimi inzibati xəta hadisəsi qeydə alınan gecə maşına yüklənən kərpicin miqdarına dair qaimə-faktura, həmin gündən sonrakı tarixlərdə də eyni miqdarda yükü daşıdığı zaman avtomobilin və yükün çəkisini göstərən tərəzi qəbzləri mövcuddur. İXM-nin 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər 600 manat cərimə edilir. Halbuki, yuxarıda qeyd etdiyi kimi, yük avtomobilimə yerləşdirildikdən sonra həmin yüklə birlikdə avtomobilin maksimum çəkisi 26300 kq olur. İnzibati xəta hadisəsini qeydə alan kamera görüntülərinin aşağı hissəsində yolda icazə verilən çəkinin 26000 kq olduğu göstərilmişdir. Belə olan halda İXM-nin 353.2-ci maddəsinin tələbi nəzərə alınmaqla, həmin yolda 27299 kq yüklə hərəkət edilməsi həmin maddə üzrə məsuliyyətə səbəb olmur. (26000 kiloqramın 5 faizinədək). Zavoddan verilən kərpicin standart sayı (8000 ədəd), həmin sayda kərpicin təxmini çəkisi (14000-14600 kq) və avtomobilin çəkisi (11700 kq) bəllidir, bunlara dair sübutlara şikayətinə əlavə etmişdir. İnizbati xəta hadisəsini qeydə alan tərəzidəki göstəricinin işin hallarına açıq-aşkar uyğun gəlməməsi isə işin şübhəli halıdır və hesab edir ki, həmin şübhələr onun xeyrinə həll edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ ******* nömrəli qərarının ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş orqana rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X2 ərizəsinin məzmununa uyğun şəkildə izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ ******* nömrəli qərara əsasən X2 xx.xx.2025-ci il tarixdə idarə etdiyi Mercedes Benz 2541 L Yük markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş tərəzi qəbzindən aydın olur ki, X2 tərəfindən xx.xx.2025ci il tarixdə daşınan yük ölçdürülmüş və nəqliyyat vasitəsinin yüklə birgə oxa düşən kütləsi 26140 kq olmuşdur. İş materialında olan xx.xx.2025-ci il tarixli çəki qəbzinə əsasən müəyyən olunur ki, X2 tərəfindən xx.xx.2025-ci il tarixdə daşınan yük ölçdürülmüş və ölçmə nəticəsində nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisinin 26300 kq olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə X1 şikayətinin dəlillərini işdə olan sübutlar və izahatlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Məhkəmə təqdim olunmuş sübutlara əsaslanaraq qeyd edir ki, şikayət ərizəsinə əlavə olunmuş qəbzlərin əldə edildiyi tərəzinin müvafiq şəhadətnaməsi, həmin tərəzinin sonuncu dəfə hansı tarixdə sertifikasiya olunması barədə şikayət verən şəxs tərəfindən müvafiq sənədlər təqdim edilmədiyindən həmin tərəzinin standartlara uyğunluğunu müəyyən etmək mümkün olmamışdır. Bundan başqa şikayət ərizəsinə əlavə olunmuş Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən təqdim edilmiş kamera görüntülərinə əsasən xx.xx.2025-ci il tarixdə, saat 05:45-də Mercedes Benz 2541 L Yük markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin daşıdığı yük avtomobillə birlikdə 28020 kqdır. Göründüyü kimi X1 barəsində inzibati tənbehvermə qərar qəbul edilməsinə əsas olmuş inzibati xəta hadisəsi xx.xx.2025-ci il tarixdə qeydə alınmasına baxmayaraq şikayətçinin təqdim etdiyi qəbzlər xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərə aid olduğundan hazırki iş üzrə sübut əhəmiyyəti daşımır. X2 xx.xx.2025-ci il tarixdə idarə etdiyi Mercedes Benz 2541 L Yük markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Bu isə istinad edilən normativ hüquqi akta əsasən Azərbaycan Respublikasında nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş, icazə verilən həddin aşılması ilə nəticələnmişdir. Həmin normativ hüquqi aktda qeyd olunan parametrlər avtomobilə münasibətdə deyil, üzərində hərəkət olunan yola münasibətdə tətbiq olunur. İş materialına əlavə edilmiş hərəkət halında çəki ölçmə nəzarət sistemindən əldə olunmuş məlumata əsasən belə növdə olan nəqliyyat vasitələrinə yük daşıma üçün icazə verilən ən yuxarı həddə çəki parametri 26 tondur. Qeyd edilmiş qərarla icazə verilmiş həddən yuxarı çəkidə yük daşıyan nəqliyyat vasitələri avtomobil yollarını zədələyərək deformasiyasına, sıradan çıxmasına səbəb ola bilir. Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollarında iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ölçülməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən istifadə edilən hərəkət halında çəki ölçmə nəzarət sistemi ilə digər özəl və ya kommersiya məqsədli tərəzilər arasında bir sıra mühüm fərqlər mövcuddur. AYNA-nın tətbiq etdiyi hərəkət halında çəki ölçmə nəzarət sistemi nəqliyyat vasitələrinin çəkisinin və ox yükünün hərəkət zamanı ölçülməsini təmin edən avtomatlaşdırılmış sistemdir. Bu sistem vasitəsilə nəqliyyat vasitələri dayandırılmadan, yol örtüyünə quraşdırılmış sensorlar sayəsində ölçülür, qeydiyyat nömrəsi, hərəkət sürəti, tarix və vaxt kimi əlavə məlumatlarla birlikdə məlumatlar real vaxtda mərkəzi nəzarət sisteminə ötürülür. Bu yanaşma nəqliyyat axınının pozulmaması, ölçmələrin yüksək dəqiqliklə və insan müdaxiləsi olmadan aparılması baxımından üstünlük təşkil edir. Eyni zamanda bu sistem vasitəsilə aparılan ölçmələr hüquqi əsas daşıyır və normadan artıq çəki və ölçü ilə hərəkət edən nəqliyyat vasitələri barəsində inzibati tədbirlərin görülməsi üçün əsas kimi istifadə olunur. Bunun əksinə olaraq, digər özəl şirkətlər və kommersiya obyektlərində istifadə edilən tərəzilər adətən stasionar və ya portativ olur və nəqliyyat vasitəsinin dayandırılaraq tərəziyə daxil olunmasını tələb edir. Ölçmə prosesi bəzi hallarda yarıavtomatik və ya tamamilə əllə idarə olunduğundan insan faktoru və müdaxilə ehtimalı daha yüksəkdir. Həmçinin bu tərəzilərdən alınan nəticələr hər zaman hüquqi əsas daşımaya bilər və yalnız daxili nəzarət məqsədləri üçün istifadə oluna bilər. Beləliklə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tətbiq edilən hərəkət halında çəki ölçmə sistemi texniki baxımdan daha üstün, avtomatlaşdırılmış, dəqiq və hüquqi cəhətdən etibarlı nəzarət mexanizmi kimi qiymətləndirilir. Digər tərəzilər isə daha çox kommersiya və texniki nəzarət məqsədilə istifadə olunan, lakin hüquqi cəhətdən məhdud əhatəyə malik olan ölçmə vasitələridir. Bu səbəbdən məhkəmə hazırki şikayətə əlavə edilmiş özəl şirkətlərdən əldə olunan ölçmə nəticəsini mötəbər hesab etmir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən aparıcı oxa malik olan üç oxlu, hava və ya ona ekvivalent asqı ilə təchiz olunmuş iki cüt təkərdən ibarət olan nəqliyyat vasitələri üçün icazə verilən qabarit və çəki parametri 26 tondur. Həmin qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan, X2 isə şikayətini əsaslandıracaq faktları təqdim etmədiyindən şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1116/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1116/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver