Məhkəmə qərarları › İş №3(002)-1121/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1121/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1121/2024 24.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1966-cı ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Ağdam rayon Məhkəməsinin 2(013)-1878/2023 saylı, 29 avqust 2023-cü il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X8 protokolu müdafiə edərək bildirmişdir ki, Ağdam rayon Məhkəməsinin 2(013)-1878/2023 saylı, 29 avqust 2023-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 65.700 (altmış beş min yeddi yüz) manat, cavabdeh X2 3.000 (üç min) manat pulun və işin məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 337.10 manat məbləğin 287.10 iki yüz səksən yeddi manat on qəpik hissəsinin Şəxs, 50 əlli manat hissəsinin Dilarə Fərzəliyevadan alınıb X6 xeyrinə verilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 04 sentyabr 2023-cü il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, borclu Qaradağ rayonu Baş Ələt Stansiyasının Yük daşımaları departamentində operator vəzifəsində işləyir. Borclunun rəsmi iş yeri aşkarlandığından borc həmin əmək haqqına yönəldilmiş və 2023-cü ilin dekabr ayından əmək haqqının hər ay üçdə bir hissəsi həmin borcun ödənilməsinə yönəldilmişdir. Lakin borclunun həm "xxxx" ASC-yə, həm də "xxxx" MMC-yə borcu olduğundan rəsmi maaşı üç yerə bölünür. Belə olduğu təqdirdə borclunun X7 olan borcu üzrə hər ay təxminən 127-137 manat aralığında pul tutulur. Beləliklə borclu bu günədək borcundan cəmi 556 manat ödənilmiş, 65144 borcu isə qalmaqdadır. Bundan başqa borclu icra məmurunun çağırışlarına cavab vermir və icra şöbəsinə gəlməkdən yayınır. Bütün bunlara əsasən borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 24 aprel 2024-cü il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X9 öz izahatında göstərmişdir ki, pensiya düzəltmək məqsədilə Şəxs onu aldadaraq ondan müxtəlif vaxtlarda ümumilikdə 65700 manat pul almışdır. İndiyədək borcundan 556 manat ödənilmiş, 65144 borcu isə qalmaqdadır. Şəxs borcundan kifayət qədər ödəniş etməməsi onu çox ağır vəziyyətə qoyur. Belə ki, borclu olduğu şəxslər pulun qaytarılmasını ondan ciddi şəkildə tələb edirlər. Odur ki, məhkəmədən borclu barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, Qaradağ rayonu Baş Ələt Stansiyasının Yük daşımaları departamentində operator vəzifəsində işləyir. Aylıq maaşı 500-600 manat arasında dəyişir. Hal-hazırda maaşı "xxxx" ASC-yə, "xxxx" MMC-yə və X7 olan borcuna yönəldilir. Buna görə də ümumiyyətlə maaş almır. Əlavə gəlir yeri olmadığından X7 olan borcunu ödəməkdə çətinlik çəkir. Lakin şərait yaradılacağı təqdirdə bu şənbə gününə borlcuya 400 manat, ayın axırına yaxın isə əlavə 1000 manat ödəyəcəkdir. O öz izahatında daha sonra icra məmurunun çağırışlarına gəlməkdən qəsdən yayınmadığını bildirmişdir. Odur ki, barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs yaranmış borcundan xəbəri olsa da heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Belə ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-1121/2024 saylı, 24 aprel 2024-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 2(104)-213/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Ağdam Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(013)-1878/2023 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağdam Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(013)-1878/2023 saylı qətnaməsi cavabdeh X3 apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa borclu icra məmurunun çağırışlarına da məhəl qoymaraq İcra Şöbəsinə gəlməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tərəflərin izahatları, inzibati xəta haqqında tərtib edilmiş 24 aprel 2024-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və rəsmi iş yerindən əlavə digər hər hansı bir qazanca (gəlirə) malik olmasına dair mötəbər sübutların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar