Məhkəmə qərarları › İş №3(002)-1123/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1123/2021

21.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1123/2021 21.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1978-ci ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qəfərov X2 RPİ-nin 10-cu PB-nin ******* nömrəli 27 noyabr 2020-ci il tarixli və ******* nömrəli 06 iyun 2020-ci il tarixli icra sənədlərinin icrasını təmin etmədiyinə və cərimələri ödəmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X3 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nın ******* nömrəli 06 iyun 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlarına əsasən İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində və Qaradağ RPİ-nin 10-cu PB-nın ******* nömrəli 27 noyabr 2020-ci il tarixli inibati tənbeh vermə haqqında qərarına əsasən İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Şəxs həmin cərimələri ödəmədiyi üçün həmin qərarlar məcburi icra üçün Qaradağ rayon icra şöbəsinə göndərilmişdir. Borclu Şəxs hal-hazırda da həmin cərimələri ödəmədiyi üçün və üç aydan artıq müddət keçdiyinə görə onun İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə cəzasının ictimai işlər cəzası ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləməməklə heç bir qazancı yoxdur. O qaraciyər serrozundan əziyyət çəkməklə çox ağır məişət şəraitində yaşayır. Məişət tullantıları yerlərindən metal qırıntıları toplayıb satmaqla gündəlik ac qalmaması üçün çörək və digər ərzaq əldə etməyə çalışır. Fiziki cəhətdən sağlamlığı imkan vermədiyi üçün rəsmi qaydada hər hansı bir işlə də məşğul ola bilmir. Odur ki, bütün bunları nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində göstərilir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu rəsmi və ya qeyrirəsmi qaydada heç bir yerdə işləməməklə hər hansı bir gəlirə də malik deyildir. O ağır qaraciyər serrozundan əziyyət çəkir və maddi durumu çox aşağı olduğuna görə nəinki cərimələri ödəmək imkanı yoxdur, hətta yaşaması üçün özünü gündəlik ərzaqla təmin etmək iqtidarında belə deyildir. Məhkəmə baxışı zamanı Şəxs məhkəməyə təqdim etdiyi tibbi sənədlərdən də aydın olur ki, o, “ qaraciyərin alkoqol mənşəli sirrozu-dekompensasiya mərhələsi, assit, sarılıq” diaqnozu ilə xəstə olmaqla stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmdığından başlanmış inzibati icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar