Məhkəmə qərarları › İş №3(002)-1129/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1129/2022

30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1129/2022 30.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Şəxs Bakı-Ələt istiqamətində işləyən 195 nömrəli sərnişin marşrutunun sürücülərinə qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru Ü.Ə.İsmayılov bildirmişdir ki, "xxxx" MMC-nin direktor müavini M.Ş.Kərimov ərizə ilə bölməyə müraciət edərək ayrı-ayrı qeyri-qanuni kiçik tutumlu avtobusların sürücüləri tərəfindən 195 nömrəli marşrut xəttinin vaxtında və müntəzəm işləməsinə maneçilik törədilmişdir. Həmin marşrut xəttinin sürücüləri çoxsaylı şikayətlər verdiyi üçün tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru Ü.Ə.İsmayılov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, özü əlavə heç bir araşdırma aparmamış, yalnız sürücülərin izahatları əsasında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, təxminən 1 ildir ki, Binə bazarından Ələt istiqamətində sərnişin avtobusu sürməklə məşğul olur. Ona məxsus avtobusun qeydiyyat nişanı **-JS-***-dür. Onun barəsində verilən şikayət ərizəsi ilə tanış olmuşdur. Bildirmişdir ki, həmin xətdə işləyən 195 nömrəli avtobusun sürücüləri ilə heç bir problemi olmamış, onların ünvanına nalayiq söyüşlər söyməmişdir. Onun sərnişin daşıma üçün daha aşağı məbləğdə gediş haqqı alması həmin sürücülərlə aralarında problem yaranmasına səbəb olmuşdur. Bununla bağlı ona irad bildirmişlər. Buna baxmayaraq, ödəniş məbləğini artırmadığı və onun idarə etdiyi nəqliyyat vasitəsinə sərnişin tələbatı daha yüksək olduğu üçün ondan şikayət etmişlər. Ərazinin sahə inspektoru isə heç bir araşdırma aparmadan onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilən halları nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, 195 saylı avtobusda 1 il yarım olar ki, sürücü vəzifəsində işləyir. Onun bu fəaliyyətinə rəsmi icazəsi olmayan bir sıra şəxslər lisenziya olmadan onların qoşulduğu xətt üzrə daha ucuz gediş haqqı ilə sərnişin daşıma həyata keçirərək onların normal fəaliyyətlərinə mane olmuşlar. Onun işlədiyi marşrut xətti üzrə sərnişin daşıma həyata keçirməməsi ilə bağlı sürücü Şəxs xəbərdar etməsinə baxmayaraq, o öz fəaliyyətini dayandırmamışdır. Bununla da aralarında problem yaranmış və onlar polisə şikayət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verilmiş suala cavab olaraq bildirmişdir ki, Şəxs onu söyməmiş, əmlakına zərər vuracaq heç bir hərəkətə yol verməmişdir. Onun adından məhkəməyə təqdim olunmuş izahatı özü yazmamış, izahatda yazılanları oxumadan imzalamışdır. Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində olarkən Şəxs tərəfindən söyülməsi və əmlakına zərər vurulmasına dair ifadələr səsləndirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, 195 saylı avtobusda 1 ildən artıqdır ki, sürücü vəzifəsində işləyir. Onların xətti Ələt-Lökbatan qəsəbəsi istiqamətindədir. Həmin xətt üzrə sərnişin daşıma fəaliyyətini həyata keçirən Şəxs sərnişinləri aşağı məbləğdə gediş haqqı müqabilində apararaq onların fəaliyyətinə maneçilik törədir. Onun bu hərəkətlərinin qarşısınnı almaq məqsədilə polisə şikayət etmişlər. Şəxs tərəfindən onun ünvanına heç bir nalayiq söyüş, təhqir səsləndirilməmiş, əmlakına zərər vurulmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında mübahisəyə səbəb onların fəaliyyət göstərdikləri marşrut xətti üzrə Şəxs aşağı gediş haqqı müqabilində sərnişin daşıması olmuşdur. Bununla əlaqədar aralarında narazılıq yaranmış və polisə şikayət etmişlər. Tərtib edilmiş inzibati xəta haqqında protokolda və ya əlavə edilmiş digər iş materiallarda Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməli nə vaxt, harada, hansı şəxslərin yanında törətməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə inzibati xəta haqqında protokol heç bir araşdırma aparılmadan tərtib edilmişdir. Protokola əlavə edilmiş izahatlar isə bilavasitə şahid qismində dindirilmiş şəxslər tərəfindən yazılmamış və izahatlarla tanış olunmadan imzalanmışdır. Məhkəmə iclasında şahidlərin verdikləri izahatlardan aydın olur ki, Şəxs xırda xuliqanlıq hərəkətlərinə yol verməmişdir. Belə ki, 195 saylı marşrut xətti üzrə sürücülərin iddiasına əsasən Şəxs aşağı məbləğdə gediş haqqı ilə sərnişin daşımasına görə ona irad bildirərkən yüksək tonla danışmışlar. Şəxs isə bu əməli polis sahə inspektoru tərəfindən xırda xuliqanlıq, yəni yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkət kimi qiymətləndirilərək onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin, Protokolda Şəxs həmin maddənin dispozisiyasında nəzərdə tutulan hansı hərəkəti və yaxud hərəkətsizliyi etməklə inzibati xəta törətdiyi göstərilməmiş və eləcə də, onun əməlində həmin maddənin tərkibinin olduğunu təsdiq edən sübutlar protokolda qeyd edilməmiş və belə bir sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 510-cu maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar