Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1131/2022 30.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 511-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 30 sentyabr 2022-ci il tarixli MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs Bakı-Ələt istiqamətində işləyən 195 nömrəli sərnişin marşurut sürücülərinə qarşı nalayiq ifadələr işlətmişdir. Buna görə də Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru X2 tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs Bakı-Ələt istiqamətində işləyən 195 nömrəli sərnişin marşurut sürücülərinə qarşı nalayiq ifadələr işlətmişdir. Bu barədə "xxxx" MMC tərəfindən Qaradağ RPİ-nin 11-ci PB-na 23 sentyabr 2022-ci il tarixli məktub ünvanlanmışdır. Məktubda qeyd olunmuşdur ki, “bəzi xidmət təşkilatlarına məxsus avtobusların sürücüləri və ayrı-ayrı şəxslərə məxsus avtobusların sürücüləri hər gün səhər saatlarından Ələt qəsəbəsi istiqamətindən Bakı şəhəri istiqamətinə və əksinə hərəkət etdikləri zaman gündəlik istismar etdikləri 195 nömrəli marşurut üzrə xidmət göstərən avtobusların marşurut xəttinə girərək 195 nömrəli marşurut avtobuslarına aid sərnişinləri daşıyırlar. "xxxx" MMC-nin rəhbərliyi tərəfindən həmin avtonəqliyyat vasitələrinin dövlət nömrə nişanları dəfələrlə qeyd edilmiş, sürücülərinin etdikləri hərəkətlər, hətta fotoları belə çəkilmiş və avtonəqliyyat vasitələrinin sürücülərinə dəfələrlə xəbərdarlıq edilmişdir. Edilmiş xəbərdarlıqlara baxmayaraq həmin avtonəqliyyat vasitələrinin sürücüləri 195 nömrəli marşurut üzrə xidmət göstərən avtobuslarda qanuni işləyən avtobus sürücülərini hər gün ağır ifadələrlə nalayiq söyüşlərlə təhqir və təhdid edirlər.” Buna görə də sözügedən sürücülərdən biri olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunmuşdur. Hal-hazırda da tərtib edilmiş inzibati protokolu müdafiə edərək Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, həqiqətən də Bakı-Ələt qəsəbəsi istiqamətində qanunsuz olaraq sərnişin daşıma ilə məşğul olmuşdur, lakin heç vaxt heç bir sürücüyə qarşı nalayiq ifadə işlətməmiş, söyüş söyməmişdir. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən 195 saylı marşurut xəttində dispetçer vəzifəsində işləyən X3 öz izahatında göstərmişdir ki, təxminən bir il yarım olar ki, 195 saylı marşurut xəttində dispetçer vəzifəsində çalışır. 195 saylı marşurut xəttinin hərəkət yoluna qoşulan qeyri-qanuni avtobusların sürücülərindən bəziləri ona qarşı nalayiq ifadələr işlədərək ona “bu paşinyandır, ermənidir, bunun avtobuslarına minməyin” deyir, hətta bəziləri 195 saylı marşurutun sərnişinlərini avtobusdan düşürdərək öz nəqliyyat vasitələrinə mindirirlər. O, öz izahatında daha sonra qeyd etmişdir ki, sözügedən hadisəni törədən sürücülərin arasında hal-hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs olmamışdır. Belə ki, sonuncu ona qarşı heç bir təhqiramiz ifadələr işlətməmiş, lakin qanunsuz sərnişindaşıma ilə məşğul olmuşdur. Bütün bu qeyd etdiklərinin nəzərə alınaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçib hesab edir ki, Şəxs əməlində xırda xuliqanlıq inzibati pozuntusunun tərkib əlamətləri aşkar olunmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs tərəfindən qanunsuz sərnişindaşıma ilə məşğul olması nəticəsində baş vermiş hadisə xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsindən aydın olur ki, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilərək inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1131/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1131/2022
30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver