Məhkəmə qərarları › İş №3(002)-1138/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1138/2021

15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1138/2021 15.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, X3 Bakı şəhər Qaradağ RPİ-nin 38-ci polis bölməsinin 22 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 22 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər Qaradağ RPİ-nin 38-ci polis bölməsinin 22 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 22 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 22.07.2021-ci il tarixli, MN № ******* saylı Protokol əsasında qəbul edilmiş 22.07.2021-ci il tarixli, MN № ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4.000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərar onunla “əsaslandırılmışdır” ki, sahibi olduğu Qaradağ rayonu Sahil qəsəbəsi ünvanında yerləşən “Sahil” şadlıq sarayında 22.07.2021-ci il tarixdə elektron portaldan keçirilmədən toy aşkar olunmuşdur. Hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi tərəfindən 22.07.2021ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında Qərar ləğv edilməlidir. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərarın 1.4.-cü bəndinə əsasən, 2021-ci il 1 iyul tarixindən şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilmişdir. Belə ki, 17.07.2021-ci il tarixdə tərəflərindən “icaze.egov.az” portalında 22.07.2021-ci il tarixdə həmin şadlıq sarayında təşkil olunacaq toy mərasimi, eləcə də digər tarixlərdə təşkil olunacaq toy mərasimləri barədə məlumatlar yerləşdirilmişdir. Lakin bir neçə toy mərasimləri ilə bağlı məlumatlar həmin elektron portalda yerləşdirilsə də, 22.07.2021, 23.07.2021, 24.07.2021 və 26.07.2021-ci il tarixlərdə keçiriləcək toy mərasimləri ilə bağlı məlumat portalda baş vermiş texniki nasazlığa görə yerləşdirilməmişdir. “icaze.e-gov.az” portalı ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə tərəfimizdən müraciət edilmiş və şifahi olaraq texniki nasazlıq olduğundan həmin elektron sistemdə məlumat yerləşdirilməsinin mümkün olmadığını, yaranmış texniki nasazlığın aradan qaldırılacağını və bu barədə bizə məlumat veriləcəyi bildirilmişdir, lakin halhazıradək bizə heç bir məlumat verilməmişdir. Həmçinin tərəflərindən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha və digər aidiyyatı orqanlara yazılı olaraq müraciətlər edilmiş, baş vermiş texniki nasazlıqların aradan qaldırılmasında köməklik göstərilməsi xahiş edilmişdir. 22.07.2021-ci il tarixdə keçiriləcək toy mərasiminə tərəflərindən hazırlıq işləri görülən zaman Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşları şadlıq sarayına yaxınlaşaraq, “icaze.e-gov.az” elektron portalında həmin toy mərasiminin keçirilməsinə dair məlumat yerləşdirilmədiyini bildirmiş və toy mərasiminin keçirilməməsini tələb etmişlər. Bu səbəbdən həmin toy mərasimi üçün görülən hazırlıq işləri dayandırılmış, lakin buna baxmayaraq Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşı tərəfindən ayrı-ayrılıqda onun və restoran inzibatçısı X2 barəsində “qeydiyyatdan keçmədən şadlıq sarayında toy məclisi keçirilməsi” “əsası” ilə inzibati xəta haqqında protokollar tərtib edilmiş və inzibati tənbeh vermə haqqında Qərarlar qəbul edilmişdir. Göstərilənlərin nəzərə alınaraq Bakı şəhər Qaradağ RPİ-nin 38-ci polis bölməsi tərəfindən qəbul edilmiş 22 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Qərardan şikayət vermiş şəxsə və qərarından şikayət verilən orqana məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, Qərardan şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş, qərarından şikayət verilən orqanın səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Buna görə də, məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin və qərardan şikayət vermiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər Qaradağ RPİ-nin 38-ci polis bölməsinin 22 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş X5 22 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Sahil” şadlıq sarayında “icazə.e-gov.az” portalından qeydiyyatdan keçmədən toy məclisi təşkil etdiyinə görə 4000 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)- 953/2021 saylı, 23 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X4 tam maddi məsuliyyətli inzibatçı vəzifəsində işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Sahil” şadlıq sarayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 22 iyun tarixli 177 nömrəli Qərarının 2.5-3.7-ci bəndinin tələblərini pozaraq, müvafiq icazə olmadan 22 iyul 2021-ci il tarixdə toy şənliyi təşkil edərək, epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin tələblərini pozduğuna görə İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarına əlavə edilmiş X5 ilə X4 arasında əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, onların arasında 19.11.2018-cı il tarixdə müqavilə bağlanmış və sonuncu Sahil Şadlıq sarayının direktoru vəzifəsinə təyin olunmuşdur Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 134.1.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 22 iyul 2021-ci il tarixdə direktor vəzifəsində işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Sahil” şadlıq sarayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 22 iyun tarixli 177 nömrəli Qərarının 2.5-3.7-ci bəndinin tələblərini pozaraq, “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədən toy şənliyi təşkil etdiyi üçün sonuncu səlahiyyətli orqan tərəfindən 22 iyul 2021-ci il tarixdə İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli Qərarına əsasən İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həbs növündə tənbeh tədbiri tətbiq edilmiş, eyni zaman da həmin tarixdə həmin əsaslarla “Sahil” şadlıq sarayının sahibi X1 orqanın vəzifəli şəxsi tərəfindən İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq barəsində 4000 manat məbləğində inzibati cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında 22.07.2021-ci il tarixli, MN ******* saylı qərar qəbul olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, nəticədə səlahiyyətli orqanın (vəzifəli şəxsi) tərəfindən qanunvericiliyin tələbləri pozulmuş və şikayətçinin inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmamışdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, hazırki iş üzrə inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə uyğun tərtib olunmamış, bundan başqa inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən həmin Məcəllənin 61 və 115-ci maddəsinin tələblərinə riayət edilməmişdir Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fərdi identifikasiya nömrəsi qeyd edilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınmamış, hüquqları və vəzifələri izah edilməmiş, ancaq şəxsin adı, soyadı və atasının adı yazılmaqla kifayətlənmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən «Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır». Həmin Məcəllənin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, iş üzrə qərardan şikayət vermək kimi hüquqları vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, S.M.Əliyev inzibati məsuliyyətə cəlb edilməsinə dair qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin olması sübut edilməli olan hal kimi müəyyən edildiyindən və hadisənin olmasını sübut etmək vəzifəsi inzibati orqanın üzərində düşdüyündən inzibati orqan inzibati xəta hadisəsinin olmasını sübut etməlidir. Hazırda isə bununla bağlı məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, eyni zamanda hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki S.M.Əliyevin şikayəti təmin edilməli, Bakı şəhər Qaradağ RPİ-nin 38-ci polis bölməsinin 22 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 22 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin olunsun. Bakı şəhər Qaradağ RPİ-nin 38-ci polis bölməsinin 22 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 22 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar