Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1144/2025 15.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X6, Tələbkarın nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və müdafiəçi X1 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Cəbrayıl rayonunda, Balyand kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-1266/2024 saylı icra sənədinə əsasən ümumilikdə 2255 manat məbləğində aliment borcu ödənilməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X10 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-1266/2024 saylı icra sənədinə əsasən ümumilikdə 2255 manat məbləğində aliment borcu ödənilməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Borclu sonrakı çağırışlara gəlməkdən boyun qaçırmış, icra sənədini 2025-ci ilin yanvar ayından tam icra etməkdən yayınmışdır. Belə ki, borclu tərəfindən tələbkara 2025-ci il tarixdə yanvar ayında 50 manat, fevral ayında 50 manat, mart ayında 100 manat, aprel ayında 80 manat olaraq natamam ödənişlər edilmiş, ümumilikdə isə icra sənədi üzrə 1740 manat ödənilmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq icra məmuru bildirdi ki, icra sənədinin borclunun əmək haqqına yönəldilməsinin təmin edilməsi üçün onun iş yerinə xx.xx.2025-ci il tarixdə tərəfindən məktub ünvanlanmış, lakin həmin məktubun işəgötürən tərəfindən təhvil alınmasına dair hər hansı poçt göndərişi bildirişi icra şöbəsinə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, hazırda işləyir, ötən aylarda işləri zəif olsa belə o, hər ay maddi vəziyyətinə uyğun şəkildə tələbkara ödənişlər etmişdir. Maddi imkansızlığı səbəbindən aliment ödənişlərini tam yerinə yetirməsə də qərəzli şəkildə ödəməməsi halları baş verməmişdir. Bundan sonra aliment ödənişlərindən yayınmayacağını, icra məmurunun çağırışlarına gələcəyini bildirmişdir. Həyata keçirmiş olduğu ödənişləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, əlilliyi olmayan şəxsdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X8 bildirdi ki, o, borcludan alimenti müntəzəm qaydada ödənilməsini tələb edir. Belə ki, borclu ötən aylarda hissəli ödənişlər etmişdir, lakin yenə də həmin ödənişlər icra sənədində nəzərdə tutulmuş aylıq aliment ödənişini əhatə etməmişdir. Borclu barəsində veriləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X3 çıxış edərək bildirdi ki, tələbkara borclu tərəfindən edilmiş ödənişləri nəzərə alaraq, bu vəziyyətin borclunun öhdəliyini heç icra etməməsi kimi qiymətləndirilməsi doğru olmazdı. Hazırda borclunun rəsmi iş yeri olduğunu və aliment ödənişinin onun əmək haqqına yönəldilməli olduğunu nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-1266/2024 saylı icra sənədinə əsasən xx.xx.2023-cü il tarixindən başlayaraq, 16 iyun 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 ödənilməlidir. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-1266/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-1266/2024 saylı icra sənədinə əsasən ümumilikdə 2255 manat məbləğində aliment borcu ödənilməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materialında olan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, icra şöbəsi rəhbərliyi tərəfindən borclunun hazırda işlədiyi "xxxx" MMC-yə icra sənədinin icrasının təmin edilməsinə dair məktub ünvanlanmışdır. Məhkəmə iclasında proses iştirakçılarının izahatlarından müəyyən olunmuşdur ki, borclu tərəfindən tələbkara 2025-ci il əzində yanvar ayında 50 manat, fevral ayında 50 manat, mart ayında 100 manat, aprel ayında 80 manat olaraq ödənişlər edilmiş, ümumilikdə isə icra sənədi üzrə 1740 manat ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati xəta haqqında protokolu, icra məmurunun, vəkilin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə iclasında borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair heç bir hal müəyyən edilməmişdir. Məhkəmə borclunun üzərinə düşən aliment borcunun ödənilməsindən qərəzli olaraq yayınması hallarının mövcud olduğunu hesab etmir. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən aliment ödənişinin onun əmək haqqına yönəldilməməsinə baxmayaraq, tələbkarın xeyrinə ödənişlər edilmişdir. İcra şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə icra sənədinin təmin edilməsi üçün borclunun iş yerinə müvafiq müraciət olunmuşdur. Bundan başqa məhkəmə iclasında borclunun aliment borcunun ödənilməsindən qərəzli şəkildə yayınmasına dair də hər hansı bir sübut aşkar edilməmişdir. Həmçinin, məhkəmə iclasında borclu tərəfindən tələbkara 2025-ci il tarixdə yanvar ayında 50 manat, fevral ayında 50 manat, mart ayında 100 manat, aprel ayında 80 manat olaraq natamam ödənişlər edilmiş, ümumilikdə isə icra sənədi üzrə 1740 manat ödənişin həyata keçirildiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, borclu barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə və ya inzibati həbs tənbeh tədbirinin tətbiq ediməsi yuxarıda göstərilənlərə əsasən məqsədə müvafiq deyildir ona görə cərimə tənbeh növü borclunun üzərində olan aliment borcunun ödənilməsinin daha da çətinləşməsinə, inzibati həbs tənbeh tədbiri isə borclunun vəziyyətinin pisləşməsinə səbəb ola bilər. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməmişdirsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. Odur ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 3 saata görə 33 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 3 saata görə 33 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1144/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1144/2025
15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver