Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1152/2025 03.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən tərtib olunmuş EQ 27740760 saylı, 04 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən tərtib olunmuş EQ 27740760 saylı, 04 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 04 may 2025-ci il tarixli EQ seriyalı 27740760 saylı qərar qəbul edilmişdir. O, 04 may 2025-ci il tarixli EQ seriyalı 27740760 saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2025-ci il tarixində, etibarnamə əsasında idarə etdiyi “DAF XF 105 Yük” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Qazax rayonundan Bakı istiqamətində hərəkətdə olarkən saat 22:37-də Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində SMS radar tətbiqindən və Asanpay elektron sistemindən telefonuna cərimələndiyi haqqında SMS daxil olmuşdur. Cərimə yazılmasına səbəb kimi idarə etdiyi yük avtomobilinin yüklə birlikdə kütləsinin Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 104 №li qərarı ilə müəyyən edilmiş həddən artıq olduğu göstərilmişdir. Elektron qərarda göstərildiyinə görə həmin anda idarə etdiyi avtomobilin yüklə birlikdə kütləsi 42 ton 760 kq olmuşdur. Qəbul edilmiş qərarla razı deyildir və qərarın əsassız olduğu qənaətindədir. Belə ki, idarə etdiyi avtomobil xx.xx.2025-ci il tarixdə saat 15:26-da Qazax rayonunun Daş Salahlı kəndində yerləşən "xxxx" MMC-yə məxsus olan zavodda yüklə doldurulmuş, həmin vaxt yükün miqdarı zavoda məxsus olan elektron tərəzi vasitəsi ilə müəyyən edilmişdir. Bu zaman avtomobilin yüklə birlikdə ümumi kütləsi 39 ton 760 kq olmuşdur. Bu fakt "xxxx" MMC-yə məxsus tərəzidən verilmiş tərəzi qəbzində də öz əksini tapmışdır. Yüklənmə zamanı avtomobilin kütləsinin qanunvericiliyə uyğun olması üçün çalışmışdır. Bunun üçün avtomobili yarı yüklü olduğu halda tərəziyə qaldırmış, yükün qalan hissəsini tərəzi üzərində, tərəzinin göstəricisini nəzarətdə saxlayaraq yükləyici vasitəsi ilə yüklətdirmişdir. Qazax rayonu ərazisində yerləşən "xxxx" MMC-də yüklənən yük 2025-ci il tarixində saat 02:13-də Binəqədi rayonu, Dərnəgül adlanan ərazidə yerləşən “X3” QSC-yə məxsus zavoda təhvil verilmişdir. Yükün təhvil verilməsi zamanı idarə etdiyi nəqliyyat vasitəsi elektron tərəzi üzərinə qaldırılmış, avtomobilin yüklə birlikdə kütləsinin 39 ton 980 kq olduğu müəyyən edilmişdir. Bu hal “X3” QSC-yə məxsus tərəzidən verilmiş tərəzi qəbzində də öz əksini tapmışdır. Göründüyü kimi həm yükləmə yerində, həm də yükün təhvil verilmə yerində tərəzi qəbzləri 220 kq fərqlə bir-birinə uyğundur, hər iki qəbz idarə etdiyi avtomobilin ümumi kütləsinin 40 tondan aşağı olduğunu göstərir. Bundan əlavə Qazax rayonundan Bakı istiqamətində hərəkətdə olarkən həmin tarixdə Ucar rayonu ərazisində yerləşən, AYNA tərəfindən quraşdırılmış elektron tərəzi üzərindən də keçmişdir. Lakin həmin tərəzidə də heç bir qayda pozuntusu qeydə alınmamışdır. Nəqliyyat vasitənin çəkisi icazə verilən çəki həddindədir və heç bir yükləmə həddi aşılmamışdır. Bu faktı nəzərə alaraq, o heç bir inzibati xətaya yol verməmişdir. Buna baxmayaraq barəsində qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar əsassız olduğundan ləğv edilməsini və icraata xitam verilməsini xahiş edir. İnzibati protokol tərtib edən orqana və qərardan şikayət verən şəxsə işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati protokol tərtib edən orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən aydın olur ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən tərtib olunmuş EQ 27740760 saylı, 04 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1152/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1152/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver