Məhkəmə qərarları › İş №3(002)-1165/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1165/2021

15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1165/2021 15.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş 15.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədinə əsasən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-145/2020 saylı, 21 yanvar 2020-ci il tarixli icra sənədinə əsasən iddiaçı X2 öz övladı – 15 mart 2018-ci il təvəllüdlü X7 ilə hər həftənin bazar günü (habelə bazar günü ilə üst-üstə düşmədiyi təqdirdə Yeni il, Novruz, Ramazan və Qurban Bayramı günlərinin birinci günü) saat 12:00dan saat 15:00-dək görüş vaxtı (uşağın üç yaşına çatanadək cavabdeh Şəxs iştirakı ilə, üç yaşından sonra cavabdehin iştirakı olmadan sərbəst olaraq) müəyyən edilmişdir. Buna baxmayaraq Şəxs heç bir üzürlü səbəb olmadan qeyd olunan icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmışdır. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, qeyd olunan icra sənədi şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarlar qəbul edilərək, icra sənədinin könüllü icra edilməsi üçün borclunun ünvanına göndərilmişdir. İcra sənədinin icrasından boyun qaçırdığına görə tələbkar 23.08.2021-ci il və 14.09.2021-ci il tarixlərdə ərizə ilə şöbəyə müraciət etmişdir. Bundan sonra Şəxs 23.08.2021-ci il və 15.09.2021-ci il tarixlərdə şöbəyə dəvət olunaraq izahatı alınmış, o, izahatlarında bildirmişdir ki, icra sənədindən xəbərdardır və icra sənədinin icra etməməsinə səbəb azyaşlı uşağı Uğur Abdulhəmidovun özünün atası Samir Abdulhəmidovla görüşmək istəməməsi olmuşdur. Ona görə də uşağın manafeyinə zidd oğlu Uğuru atası Samirlə görüşünə şərait yarada bilməmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədindən xəbərdardır, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli icra sənədinə əsasən himayəsində olan oğlu X5 üç yaşına çatanadək onun iştirakı ilə atası Samir Abdulhəmidovla görüşü hər həftənin bazar günü saat 12:00-dan saat 15:00-dək, üç yaşından sonra onun iştirakı olmadan sərbəst olaraq görüş müəyyən edilmişdir. Uşaq 3 yaşına çatanadək atası Samir bir dəfə də, olsun ki, uşaqla görüşmək üçün ona müraciət etməmişdir. 05.09.2021-ci il tarixdə tələbkar ona mobil telefon vasitəsi ilə zəng edərək uşaqla görüşmək istədiyini bildirmiş və o həmin tarixdə uşağı Uğuru atası Samirlə görüşə aparmış, lakin Samir ona uşaqla tək görüşmək onun hüququ olduğunu bildirib, uşağı avtomobilinə əyləşdirərək öz yaşadığı evlərinə aparmışdır. Növbəti dəfə 14.09.2021-ci il tarixdə Samir uşaqla görüş üçün ona müraciət etsə də, azyaşlı uşağı Uğur atası ilə görüşmək istəməmiş, eləcə də o ağlayaraq görüşə getmək istəməmişdir. Oda uşağın manafeyinə zidd hərəkət etməyərək uşağı atası ilə görüşdürə bilməmişdir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X4 inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli icra sənədinə əsasən ona öz övladı X7 ilə hər həftənin bazar günü saat 12:00-dan saat 15:00-dək görüş vaxtı müəyyən edilmişdir. Buna baxmayaraq Şəxs qərəzli olaraq icra sənədinin icrasından boyun qaçırır. Uşaqla görüşmək onun hüququ olduğu halda keçmiş həyat yoldaşı ona oğlu Uğurla görüş üçün şərait yaratmır. Ona görə də, məhkəmədən Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-145/2020 saylı, 21 yanvar 2020-ci il tarixli icra sənədinə əsasən iddiaçı X2 öz övladı – 15 mart 2018-ci il təvəllüdlü X7 ilə hər həftənin bazar günü (habelə bazar günü ilə üst-üstə düşmədiyi təqdirdə Yeni il, Novruz, Ramazan və Qurban Bayramı günlərinin birinci günü) saat 12:00-dan saat 15:00-dək görüş vaxtı (uşağın üç yaşına çatanadək cavabdeh Şəxs iştirakı ilə, üç yaşından sonra cavabdehin iştirakı olmadan sərbəst olaraq) müəyyən edilmişdir. İcraata başlama haqqında 25.02.2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-145/2020 saylı, 21 yanvar 2020-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmə qeyd edir ki, Şəxs oğlunun icra sənədinin icrasından qərəzli olaraq yayınmasını əks etdirən hallar məhkəmə araşdırması zamanı müəyyən olunmadı, bu da onun hərəkətlərində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunu istisna edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmır. Belə ki, barəsində icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-145/2020 saylı, 21 yanvar 2020-ci il tarixli icra sənədini icra etməməsinə səbəb azyaşlı Uğur Abdulhəmidovun özü atası Samir Abdulhəmidovla görüşmək istəməmiş, eləcə də, uşaq ağlayaraq görüşdən imtina etmişdir. Oda uşağın manafeyinə zidd hərəkət etməyərək uşağı atası ilə görüşdürə bilməmişdir. Bununla yanaşı icra materiallarında olan 23.08.2021-ci il və 14.09.2021-ci il tarixli ərizələrdən görünür ki, Şəxs icra sənədini icra etmədiyinə görə tələbkar Samir Abdulhəmidov 15 mart 2018-ci il təvəllüdlü X7 ilə sərbəst görüşə şərait yaradılması üçün İcra şöbəsinə müraciət etsə də, icra məmuru tərəfindən qeyd olunan icra sənədinin icra olunmamasının əsas və səbəbləri araşdırılmamış, eləcə də azyaşlı X5 özünün həqiqətən də atası ilə görüşmək istəyinin olub olmaması müəyyən edilməmiş, bu barədə mütəxəsis rəyi iş materiallarına əlavə edilməmiş və bu barədə mötəbər sübutlar məhkəmə baxışı zamanı məhkəməyə təqdim edilməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, hazırkı halda borclu Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar