Məhkəmə qərarları › İş №3(002)-1182/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1182/2023

18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1182/2023 18.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs MMC qanuni təmsilçisi və direktoru X2 iştirakı ilə, Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon Məhkəməsinə Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsi tərəfindən Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. İş materiallarına əlavə edilmiş 31 may 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görsənir ki, Şəxs MMC, 3-44-1/2-1-4734/23 saylı bildiriş məktublarında qeyd olunan müraciətlər əsasında idxal olunmuş ərazlıq kartof, bibər, kivi, xiyar məhsullarını qida təhlükəsizliyi sertifikatı almadan Bakı şəhəri, Qaradağ rayonu, Qurd Qapısı adlanan yerdə yerləşən anbarda 11 may 2023-cü il tarixdə satmışdır. Məhkəmə iclasında iştirak edən Şəxs qanuni təmsilçisi və direktoru X3 öz izahatında tərtib olunmuş protokolu qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsi tərəfindən verilən 69 (altmış doqquz) müraciət üzrə məhsulların standarlara uyğun olmaması ilə bağlı Qaradağ rayon məhkəməsinə inzibati material göndərilmişdir. Bildirmişdir ki, idxal olunmuş mallar Bakı Baş Gömrük İdarəsində AQTA-nın sistemdə icazəsi olmadan buraxılmır. Eyni zamanda qeyd etmişdir ki, buraxılmadan əvvəl BBGİ-də mallardan nümunə götürülür. AQTA-nın nümayəndələri tərəfindən götürülən nümunələr düzgün qablaşdırılmır, adi sellofon paketlərə yığılır, ağzı bağlanmır, günlərlə arazidə, açıq havada qalır. Nümunələrin yoxlanılmasının nəticələri barədə maksumum 15 (on beş) gün ərzində idxalçıya məlumat verilməli olduğu halda, günlərlə, hətta aylarla məlumat verilmir, anbara baxış keçirilmir, tərtib olunan protokollarla tanış olmaq və onları imzalamaq üçün idxalçı dəvət olunmur. Bununla yanaşı, eyni dövlətə məxsus eyni şirkətdən və eyni gündə müxtəlif idxalçılar tərəfindən idxal olunan və müxtəlif "TİR"larla daşınsa da, eyni adda olan məhsullardan götürülən nümunələrin ekspertiza cavabları birbirindən fərqlənir və ya bu qəbildən olan mallardan götürülən nümunələr idxalçılar arasında fərq qoyulmaqla ekspertiza edilir və ya müəyyən qismi "TİR"lardan heç bir halda nümunə götürülmür. Ekspertiza nümunələri götürülən "TİR"larda gələn mallar "mənfi", nümunələr götürülməyən "TİR"larda gələn mallar "müsbət", keyfiyyətli olur?! Bununla belə, laborotoriya ekspertizasının aparılması üçün AQTA tərəfindən idxalçıdan məcburi şəkildə bu və ya digər özəl şirkətlərlə müqavilə bağlanması tələb olunur (məsələn, "xxxx" MMC). Bu laborotoriyalarda laborotoriya rüsumu həddindən artıq yüksəkdir. Dövlət laborotoriyalarında ekspertiza qiymətləri ucuz, qəbulediləndir. Götürülən məhsulların laborotoriya rüsumunun həddindən artıq olması idxalçıya əlavə maddi öhdəliklər yaradır. Malların ekspertiza nəticələri həmin özəl şirkətlərdən götürə bilmir, müraciət etdikdə bildirilir ki, AQTA özü sizə nəticələrlə bağlı məlumat verəcəkdir. İdxal etdikləri kənd təsərrüfatı mallarını, meyvə və tərəvəz məhsullarını 3 gündən artıq saxlaya bilmirlər. Məhsullar tələf olur, xarab olur, keyfiyyətini itirir ki, bu da idxalçıya əlavə maddi ziyan vurur. Ümumiyyətlə, AQTA və ona bağlı özəl laborotoriyalar tərəfindən yaradılan süni maneələr, tərtib olunan protokollar əsasında tətbiq olunan sanksiya və cərimələr vergi ödəyicisinə maddi ziyan vurur, sahibkarlıq fəaliyyətindən gəlir, mənfəət götürmək əvəzinə borca düşürlər. Bundan başqa, yuxarıda qeyd olunan məhsullarla bağlı AQTA tərəfindən 2023cü ilin yanvar ayında idxal olunmuş məhsulların ekspertiza cavabının 2023-cü ilin may ayında mənfi cavab çıxarması qəbuledilməzdir, daha doğrusu, başa düşülmür. Bununla bağlı dəfələrlə AQTA-ya şifahi və yazılı şəkildə şikayətlər ünvanlasalar da, AQTA heç bir şikayətə obyektiv yanaşma göstərməmiş, düzgün şəkildə baxmamış, əksinə olaraq, malların idxal olunmasına qadağa qoyan qeyri-qanuni şəkildə məsələlər ortaya qoymuşdur. AQTA tərəfindən ekspertiza nəticəsi mənfi çıxan məhsulların idxalını qadağan etmək, bu barədə həmin ölkəyə bildirmək və həmin malların ölkəyə gətirilməsini qadağan etmək daha doğru və məqsədəuyğun olmazdımı? O öz izahatında daha sonra göstərmişdir ki, yuxarıda qeyd olunan məhsullarla bağlı AQTA-nın nümayəndələri tərəfindən anbara hər hansı bir baxış keçirilməmiş və bununla bağlı hər hansı bir akt da tərtib edilməmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə AQTA-nın Bakı Regional Bölməsinə rəsmi qaydada təkrarən (üç dəfə) məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə AQTA-nın Bakı Regional Bölməsinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə, Şəxs qanuni təmsilçisi və direktoru X2 izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğundan yenidən araşdırılması üçün geri qaytarılmalıdır. Belə ki, AQTA-nın Bakı Regional Bölməsinin 31 may 2023-cü il tarixli, MN ******* nömrəli protokolunda qida məhsullarının Bakı şəhəri, Qaradağ rayonu, Qurd Qapısı adlanan yerdə yerləşən anbarda 11 may 2023-cü il tarixdə satıldığı qeyd olunsa da bu halla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş AQTA-nın Bakı Regional Bölməsindən Şəxs MMC-yə ünvanlanmış 04 may 2023cü il tarixli məktubun və 15 may 2023-cü il tarixli 3-44-1/2-124734/23 nömrəli bildirişin surətindən aydın olur ki, 69 sayda nömrəli müraciətlər üzrə qeyd olunan müddətdə quruma məlumat verilmədiyi təqdirdə məhsulların sertifikatsız satışı kimi qiymətləndiriləcəyi qeyd edilsə də, lakin protokolun tərtib olunmasına səbəb olan əsas hal, yəni həmin MMC-nin qida məhsullarının satışını həyata keçirdiyini müəyyən etməyə əsas verən sənədlər, yəni Şəxs MMC-yə məxsus anbara baxış keçirilməsini təsdiq edən akt iş materiallarına əlavə edilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yuxarıda adı çəkilən və tez xarab olan qida məhsullarının ölkəyə idxalı 2023-cü ilin yanvar ayına təsadüf etsə də həmin məhsullara dair AQTA tərəfindən idxalçıya uzun müddət keçdikdən sonra, yəni 04 may 2023-cü il tarixdə bildiriş göndərilərək qida məhsullarının ekspertizasına dair ödənişi təsdiq edən sənəd və lisenziyanın təqdim edilməsi bildirişmişdir. Hansı ki, həmin məktubun da idxalçı təşkilata rəsmi qaydada göndərilməsinə dair iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Qeyd olunan inzibati işə baxılması ilə əlaqədar AQTA-nın nümayəndəsinin iştirak etməməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan tərəfin etirazının əsası kimi istinad etdiyi halların aydınlaşdırılmasını qeyri-mümkün etmişdir. Bu da məhkəmə tərəfindəndən iş üzrə obyektiv yekun qərarın qəbul edilməsini istisna etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin İXM-nin 447.0.4-cü maddəsinə əsasən təqsirləndirilməsinə dair inzibati material natamam olduğundan, yenidən araşdırılıb baxılması üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə geri qaytarılsın. Hakim Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar