Məhkəmə qərarları › İş №3(002)-12/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-12/2022

17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-12/2022 17.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Qaradağ RPİ-nin DYPŞ-nın inzibati tənbeh tətbiq etmə haqqında 08 dekabr 2021-ci il tarixli, TP ******* saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 şikayətlə Qaradağ rayon Məhkəməsinə müraciət edərək barəsində tərtib edilmiş inzibati xəta haqqında 05 noyabr 2021-ci il tarixli, İXP ******* saylı protokolun və 08 dekabr 2021-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayətində göstərmişdir ki, 05 noyabr 2021-ci il tarixdə istifadəsində olan **-LM- *** dövlət qeydiyyat nişanlı “HOVO YÜK” markalı nəqliyyat vasitəsi ilə hərəkət edərkən sonradan adının X4 olduğunu bildiyi YPX inspektorunun göstərişinə əsasən dayandırılmışdır. Nəticədə barəsində İXM-in 353.2-ci maddəsi ilə İXP ******* nömrəli protokol tərtib edilmişdir. Aşağıda göstərilənlərə əsasən YPX inspektoru X4 tərəfindən tərtib edilmiş İXP4288874 saylı protokol və 08 dekabr 2021-ci il tarixli, TP ******* saylı qərar qanunsuz və əsassız olduğundan ləğv edilməsi zəruridir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına əsasən o, idarə etdiyi maşında iriqabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəkisindən artıq yük daşımışdır. Qeyd etmişdir ki, bununla bağlı DYP əməkdaşı tərəfindən hər hansı bir xüsusi cihazdan istifadə edilməmişdir. Əgər çəkinin müəyyən edilməsi üçün istifadə olunan xüsusi cihazdan istifadə edilsəydi o zaman həmin cihazın yararlı olub-olmaması ilə onun istehsal tarixi və digər xüsusi keyfiyyətləri inzibati xəta haqqında protokolda qeyd edilməli idi. Lakin mübahisəli İXP ******* saylı protokolda bununla bağlı hər hansı bir qeyd aparılmamışdır. Məhz bu səbəbdən də, inzibati xətanın baş verdiyi halda belə bu barədə protokol tərtib edilməsi qanunsuz və əsassızdır. Bundan başqa, inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən lazımı qaydada məlumatlandırılmamışdır. Yuxarıda göstərilənlərə əsasən 05 noyabr 2021-ci il tarixdə Yol Patrul Xidməti inspektoru X4 tərəfindən barəsində tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 08 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar əsaslandırılmış formada tərtib edilməyib, sübutlarla təsdiq olunmur, mülahizə xarakterlidir. Odur ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında 05 noyabr 2021-ci il tarixli, İXP ******* saylı protokolun və 08 dekabr 2021-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilsə də , tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, qərarı, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şikayətini nəzərdən keçirib iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, yəni 08 dekabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması səlahiyyətli orqana həvalə edilməlidir. Belə ki, məhkəmə iclasında Qaradağ RPİ-nin DYPŞ-nın səlahiyyətli nümayəndəsi iştirak etməmiş, iş üzrə əhəmiyyət kəsb edən bütün sənədləri məhkəməyə təqdim etməmiş və şikayət verən şəxsin etdiyi etirazın əsasları kimi istinad etdiyi halların təkzib edilməsi təmin edilməmişdir. Məhkəmə, X2 tərəfindən 05 noyabr 2021-ci il tarixdə yol verildiyi ehtimal edilən xətaya görə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli olmasından ibarət səlahiyyətli orqanın gəldiyi qənaəti təsdiq və ya təkzib edə biləcək sübutların səlahiyyətli orqan tərəfindən təqdim edilməməsi işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozuntu kimi qiymətləndirilir. Belə ki, istər inzibati xəta haqqında protokolda, istərsə də inzibati tənbeh vermə haqqında qərarda İXM-nin 100-cü maddəsinin tələbləri kobud şəkildə pozularaq inzibati xəta törədən şəxsin təqsirli olmasının müəyyən edilməsi üçün hansı xüsusi texniki vasitələrdən istifadə edilməsi və s. hallar qeyd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından X2 tərəfindən verilmiş şikayət qismən təmin olunaraq, X1 barəsində Qaradağ RPİ-nin DYPŞ-nın rəisi, polis polkovnik leytenantı X5 tərəfindən qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında 08 dekabr 2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması səlahiyyətli orqana həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 133 və 134-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət qismən təmin olunsun. Bakı şəhər Qaradağ RPİ-nin DYPŞ-nın rəisi, polis polkovnik-leytenantı X5 tərəfindən İXM-nin 353.2-ci maddəsinə əsasən qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında 08 dekabr 2021-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Qaradağ RPİ-nin DYPŞ-na göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar