Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-12/2025 07.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, X1 iştirakı ilə, X1 DİN-in BDYPİ-nin 14 dekabr 2024-cü il tarixli EQ 25055258 nömrəli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 14 dekabr 2024-cü il tarixli, EQ 25055258 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və əmlində inzbati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİnin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenant Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 25055258 saylı qərar əsasında o, İXMnin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 16:20-də "xxxx" MMC-dən **-JM-*** saylı yük maşınına gips yüklənilmiş və şirkət tərəfindən maşını tərəzidə çəkilmişdir. O özü maşının içində olmadan yük maşının çəkisi 39900 kq gəlmişdir. Bundan sonra o təyinat nöqtəsinə çatmaq üçün yola düşmüşdür. Sonra Qaradağ postuna çatmamış həmin ərazidə təzə qoşulmuş elektron tərəzinin üzərindən keçmiş və yoluna davam etmişdir. O yolda olan zaman telefonuna sms bildiriş daxil olmuş və onun artıq yük daşımağı (42150 kq) əsas gətirilərək İXM-nin 353.2-ci maddəsi ilə 600 manat cərimə olunduğu bildirilmişdir. Daha sonra o, təyinat nöqtəsinə çatan zaman malı qəbul edən digər şirkət tərəfindən təkrarən maşını tərəzidən çəkilmiş və 40120 kq gəlmişdir. Bu dəfə o özü də maşında olmuş, ona görə çəki əvvəlkindən 120 kq artıq gəlmişdir. Adətən tərəzilər arasında 100-200 kq fərq olur, ancaq yükün 2150 kq artıq olması mümkün deyil. Həmin tərəzi elə quraşdırılıb ki, o qəsdən qərəzli şəkildə yük maşınlarını artıq çəki ilə çəkərək cərimlənmələrə səbəb olur. Həmçinin barəsində inzibati protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin bir sıra tələbləri pozulmuşdur. Həmin tərəzi ondan başqa bir çox sürücünün yük maşının artıq çəki ilə çəkərək cərimlənməsinə səbəb olmuşdur. Bundan başqa inzibati xəta haqqında protokolda nəqliyyat vasitəsinin oxa düşən yükü icazə verilən kütləsi müəyyən edilmiş halları aşması barədə hər hansı bir qeyd aparılmamışdır. Qanunvericiliyin tələbinə görə xüsusi ölçü alətlərinin, cihazlarının və tərəzilərin standartlara uyğun olması barədə serfikatı olmalıdır. "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası"nın, "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri"nin və "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2009-cu il tarixlii qərarının 4.1-ci bəndində qeyd edilmişdir ki, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tarafindan qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qərarın 4.3-cü bəndinə əsasən xüsusi ölçü alətlərinin, cihazlarının va tarǝzilərin standartlara uyğun olmaları barədə sertifikatları olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etmayə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şaxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatm tamin edilməsi tədbirləri tətbiq edilərkən Qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanlarının və vəzifəli şəxslərinin idarə nəzarəti ilə, məhkəmə prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xota haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh verma haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən və yol örtüyünün altında yerləşən xüsusi texniki vasitələrin (elektron tərəzilərin) məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Həmin Məcəllənin 127-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilmasi haqqında qərar qəbul edir. Yuxarıda sadaladığı normalardan da görünür ki, kimi tam əsasız olaraq barəsində protokol tərtib edilmiş və əsasız olaraq inzibati qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki o, 14 dekabr 2024-cü il tarixdə idarə etdiyi DAF XF 460 FT yük markalı, ** JM *** dövlət qeydiyyat nişanlı avtomaşınla Goranboy rayonundan yerləşən "xxxx" MMCyə məxsus “Safikurd” anabarından gips yükləyərək Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Ağdağ” zavoduna gətirmişdir. Ona 14 dekabr 2024-cü il tarixdə yazılmış cərimə əsassızdır. Belə ki, ərizəyə əlavə etdiyi müvafiq qəbzlərdən də görsənir ki, idarə etdiyi DAF XF 460 FT yük markalı, ** JM *** dövlət qeydiyyat nişanlı avtomobili yüklədiyi ərazidən 39 ton, 900 kq kq, çəki ilə 14 dekabr 2024-cü il tarixdə saat 12:14 radələrində ərazidən çıxmışdır. Yükü boşaltdığı əraziyə isə 40 ton 120 kq, çəki ilə 14 dekabr 2024-cü il tarixdə saat 15:04 radələrində çatmışdır. Kamera görüntülərində limit 40 ton qeyd edilmiş, idarə etdiyi avtomobilin yükü isə 42 ton, 150 kq kimi qeyd edilmişdir. İdarə etdiyi yük avtomobili hərəkətdə olan zaman saxlanılmamış və yük avtomobilləri üçün nəzərdə tutulmuş tərəziyə çıxarılmamışdır. Əsassız olaraq ona belə bir cərimə tətbiq edilmişdir. Qeyd etdklərini "xxxx" MMC-yə məxsus “Safikurd” anabarından və “Ağdağ” zavodundan ona verilmiş çəki qəbzləri də göstərir. Həmin qəbzlərə əsasən 14 dekabr 2024-cü il tarixdə yük doldurma yerini tərk edərkən idarə etdiyi yük avtomobilinin brutto çəkisi 40 ton 120 kq kiloqram olmuşdur. Bütün bunların nəzərə alınaraq DİN-in BDYPİ-nin 14 dekabr 2024-ci il tarixli EQ 25055258 saylı qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. O cümlədən bununla bağlı məhkəməyə hər hansı bir material təqdim edilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş DİN-in BDYPİ-nin 14 dekabr 2024-cü il tarixli, EQ 25055258 saylı qərarın surətindən aydın olur ki, vətəndaş X2 14 dekabr 2024-cü il tarixli EQ 25055258 saylı qərara əsasən M-2, 47.9 km Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində 14 dekabr 2024-cü il tarixdə, saat 21:05-də DAF XF 460 FT yük markalı, ** JM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Həmin cərimənin yazılmasına əsas olunmuş fotoşəkildən aydın olur ki, DAF XF 460 FT yük markalı, ** JM *** dövlət qeydiyyat nişanlı avtomobil 14 dekabr 2024-cü il tarixdə, saat 21:05-də Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində tərəzidən keçərkən limit 40000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin ümumi çəkisi 42150 kq olmuşdur. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri, şikayətçinin izahatını araşdıraraq hesab edir ki, X2 barəsində DİN-in BDYPİ tərəfindən tərtib edilmiş 14 dekabr 2024-ci il tarixli EQ 25055258 nömrəli qərar əsassız olduğundan ləğv edilməli və yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, DİN-in BDYPİ qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və iş üçün əhəmiyyət kəsb edən sənədləri, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin irəli sürdüyü dəlil və faktları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Bundan başqa şikayətçinin məhkəməyə təqdim etdiyi "xxxx" MMC-dən ona verilmiş 14 dekabr 2024-cü il tarixli, “Yük-nəqliyyat qaiməsi MA-AV 022371 seriyalı” sənəddən aydın olur ki, sürücü 14 dekabr 2024-cü il tarixdə, çıxış vaxtı saat 16:20 radələri göstərilməklə idarə etdiyi DAF XF 460 FT yük markalı, ** JM *** dövlət qeydiyyat nişanlı avtomobilə gips məhsulu yüklənmiş və bu zaman avtomobilinin brutto çəkisi 39900 kiloqram olmuşdur. İş materialalrında olan "xxxx" MMC-yə məxsus 59623 saylı tərəzi çekinin surətindən aydın olur ki, eyni qaimə əsasında yüklənmiş mal 14 dekabr 2024-cü il tarixdə, saat 22:37 radələrində dolu vəziyyətdə çəkilərkən qeyd olunan yük avtomobilinin brutto çəkisi 40120 kiloqram olmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X2 yuxarıda qeyd olunan vaxtda idarə etdiyi avtomobilin maksimim kütləsi 40 tonu keçməmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə DİN-in BDYPİ-nin 14 dekabr 2024-cü il tarixli EQ 25055258 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Beləliklə məhkəmə, yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə tənbeh edilməsinə dair 14 dekabr 2024-cü il tarixli, EQ 25055258 saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-12/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-12/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver