Məhkəmə qərarları › İş №3(002)-1202/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1202/2023

08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1202/2023 08.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızı, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 08 iyun tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəməyə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamam olmuşdur, işə baxılarkən tamamlanması mümkün deyil. Ona görə də protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, sahə inspektoru inzibati iş üzrə icraatı natamam şəkildə apararaq işi məhkəməyə təqdim etmişdir. İnzibati xəta haqqında protokolun tarixi natamam (il qeyd olunmadan) tərtib olunmuş, həmçinin Polis Bölməsində aparılan inzibati icraat zamanı sahə inspektoru iş üzrə zərərçəkmiş şəxsi dəvət edərək izahatını almamış və zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçi olub-olmamasını, onunla barışıb-barışmamasını, həmçinin dəymiş zərərin aradan qaldırılıb-qaldırılmamasını müəyyən etməmişdir. Belə olan halda isə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi və ya onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməli olması məsələsi barədə müvafiq qənaətə gəlmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, döymə, yəni döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Göründüyü kimi yuxarıda qeyd edilən halları araşdırmadan şəxs barəsində inzibati icraat başlamışdır. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki Azərbaycan Respublikasının İXM-nin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib edən sahə inspektoru inzibati xəta haqqında protokola inzibati xətanın törədildiyi ili qeyd etməmiş, zərərçəkmiş şəxsi dəvət edərək izahatını almadığı, zərərin ödənilib-ödənilməməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ilə barışıq əldə edib-etməməsi, sonuncuya qarşı hələ də şikayət və tələbinin olub-olmaması məsələsini araşdırmadığı, həmçinin həmin məsələlərin müəyyən edilməsi üçün zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirakını təmin etmədiyi və mövcud natamamlıqları isə sanksiyasında inzibati həbs nəzərdə tutulan, yəni dərhal baxılmalı olan işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nə qaytarılmalıdır. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə qaytarılsın. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar