Məhkəmə qərarları › İş №3(002)-1207/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1207/2023

02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1207/2023 02.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə aparıcı məsləhətçi-müfəttişi X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi X2 iştirakı ilə, Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində (bundan sonra-Şəxs ASC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1 və 266.2-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsi Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1 və 266.2-ci maddələri ilə MN ******* nömrəli, 31 may 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Həmin inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs ASC-nin balansında olan Qaradağ rayonu Lökbatan Qəsəbəsində tullantı sularının hər hansı bir təmizləmə aparmadan boru vasitəsi ilə birbaşa Xəzər dənizinə axıdılmışdır. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin etibarnamə üzrə aparıcı məsləhətçi-müfəttişi X3 protokola etiraz edərək bildirmişdir ki, inzibati materiallarda olan və fotoşəkilləri çəkilmiş boruların Şəxs ASC-yə heç bir aidiyyəti yoxdur. Qeyd edilən borular yeni salınmış yaşayış massivlərinin ərazisində olan kanalizasiya sularının axıdılması üçün quraşdırılmışdır və Qaradağ rayon İcra Hakimiyyətinin balansındadır. Buna görə də inzibati protokol əsassız tərtib edilmişdir və barələrində olan inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi X4 məhkəmə iclasında bildirmişdir ki, inzibati protokol onun tərəfindən tərtib edilmişdir və tam əsaslıdır. Belə ki, monitorinq nəticəsində Şəxs ASC-nin Lökbatan qəsəbəsi ərazisində, “Azpetrol” yanacaqdoldurma məntəqəsinin ara tərəfindən Xəzər dənizinə çirkab su axıtdığı müəyyən edilmişdir. Çirkab suyun axıdılması Sosial şəbəkə vasitəsilə yayılmış “Xəzər dənizinə çirkab suyun axıdılması” məzmunlu müraciətə əsasən müəyyən edilmişdir. Sözügedən kanalizasiya borusunun kimə məxsus olmasını müəyyən etmək üçün Şəxs ASC-nin nümayəndəsinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinə gəlməsi bağlı məktub göndərilmiş, lakin Şəxs ASC-nin səlahiyyətli nümayəndəsi qeyd edilən halların araşdırılması ilə bağlı idarəyə gəlməmişdir. Protokolu müdafiə edir və Şəxs ASC-nin inzibati qaydada cərimə edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə- fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 266.2-ci maddəsinə əsasən Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə - vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş Şəxs ASC barəsində MN ******* nömrəli 31 may 2023-cü il tarixli inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki,Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1 və 266.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan inzibati xəta hadisələrinin Şəxs ASC tərəfindən törədilməsini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 79278 saylı akt əsasında təsdiq edilməsini qeyd etmişdir. Lakin çirkab suların axıdılması müşahidə olunan kanalizasiya borularının həqiqətən də "xxxx" ASC-nin balansında olması ilə bağlı protokol tərtib edən orqan tərəfindən araşdırma aparılmamış və bununla bağlı hər hansısa bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə həmin suların tullantı su olmasını təsdiq edən laboratoriya nəticəsi də iş materialına əlavə olunmamış, məhkəməyə təqdim olunmuş fotoşəkillər üzrə isə Xəzər dənizinə axıdıldığı qeyd olunan suyun tullantı suları olmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin aparıcı məsləhətçi-müfəttişinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1 və 266.2-ci maddələri ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1 və 266.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar