Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1211/2020 13.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şəxs iştirakı ilə, xx xxxxxx 1964-cü il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayından daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM: DİN-nin Baş Dövlət X2 Yol-Patrul Xidməti Alayı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.9-ci maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. Vİ Tağım Yol patrul xidməti inspektoru polis baş serjantı X1 tərəfindən Şəxs barəsində tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs həmin gün saat 17:49-da Bakı-Qazax Yolunun 47.5 km-də 719 saylı ərazidə idarə etdiyi “X4” minik markalı, ** UB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında bildirmişdir ki, yaranmış hərbi vəziyyətlə bağlı təcili olaraq rayona ezam olunmuşdur. xx xxxxxxxx 2020-ci il tarixdə geri qayıdarkən məcburiyyət qarşısında qalaraq avtomobili bərk surətlə idarə etmişdir. Bu zaman yolda olan radarlara düşməmək üçün avtomobilin qeydiyyat nişanının sonuncu rəqəmini “skotç” vasitəsi ilə bağlamağ məcburiyyətində qalmışdır. Polis əməkdaşları onu saxlayaraq nömrənin üzərini niyə bağladığını soruşduqda o vəziyyəti başa salmış, lakin polis əməkdaşları onu dinləməmiş və onun vəziyyətini nəzərə almamışlar. O məcburiyyət qarşısında qalaraq bu hərəkəti törətmişdir. Odur ki, barəsində başlanmış inzibati işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində yuxarıda qeyd olunan İXM-nin 342.9-cu maddəsinin tərkibi sübuta yetirildiyindən həmin maddənin sanksiya çərçivəsində cərimə olunmalıdır. Belə ki, məhkəmə iclasında iştirak edən Şəxs özünün etiraf edici izahatından və iş materiallarına əlavə edilmiş bir ədəd foto şəkilin surətindən də görünür ki, qeyd olunan avtomobilinin qeydiyyat nişanının sonuncu rəqəminin görünüşü müəyyən örtükdən istifadə edilərək tamamilə oxunmaz vəziyyətə gətirilmişdir. Eləcə də tərtib edilmiş protokoldan aydın olur ki, Şəxs protokol tərtib edilərkən öz izahatında idarə etdiyi avtomobilin texniki baxışı olmadığı üçün dövlət qeydiyyat nişanının cərimə olunmaması məqsədi ilə örtüdüyünü etiraf etmişdir. Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində göstərilir ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xəta tam təsdiq olunur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və iş materiallarını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 349.2-ci maddəsinə əsasən 600 manat məbləğində cərimə edilməsi daha məqsədə müvafiqdir. Bundan başqa qeyd olunan maddənin sanksiyasında inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi nəzərdə tutulsa da, məhkəmə hesab edir ki, hazırki işdə müsadirənin tətbiq edilməsinə zərurət aradan qalxmışdır. Belə ki, inzibati işin materiallarından və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, dövlət qeydiyyat nişanının sonuncu rəqəminin üzəri hər hansı bir dəyərə malik olmayan kağız və ya “skotç lent”-dən istifadə etməklə örtülmüş və həmin əşya hazırda mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1211/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1211/2020
13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver