Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1211/2023 12.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, evli, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-578/2016 saylı, 15 fevral 2016-cı il tarixli icra vərəqəsi ilə üzərinə düşən öhdəlikləri heç bir üzrlü səbəb göstərmədən icra etməmişdir. Bununla da, o, İXM-nin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, borclu Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-578/2016 saylı, 15 fevral 2016-cı il tarixli icra sənədi ilə üzərinə düşən öhdəlikləri heç bir üzrlü səbəb göstərmədən icra etməmişdir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 578/2016 saylı, 15 fevral 2016-cı il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 11442,42 ABŞ dolları məbləğində əsas borc, 2110,32 ABŞ dolları məbləğində faiz borcu, 20 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 13572,74 ABŞ dolları məbləğində borc pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilərək icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya və tələbkara göndərilmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun adına əmlak vəziyyətinin və gəlirinin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, borclunun adına hər-hansı gəlir və əmlak aşkar edilməmişdir. Hal-hazırki vaxtadək borclu tərəfindən iddiaçının xeyrinə ödəniş edilməmişdir. Borclunun olduğu yer məlum olmadığı üçün barəsində axtarış edilmişdir. Borclu icra sənədini tam icra etməsi ilə bağlı xəbərdar edilsə də, lakin görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-578/2016 saylı, 15 fevral 2016-cı il tarixli icra vərəqəsindən məlumatlıdır. Lakin, əri tərəfindən həmin borc məbləğinin ödənildiyini, beləliklə qeyd olunan banka borcunun olmadığını, hesab edərək, ödənişlər etməmişdir. Hazırda işsizdir, lakin sosial müavinət alır. Himayəsində 4 övladının olmasını, növbəti aydan borcunu ödəyəcəyini nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-578/2016 saylı, 15 fevral 2016-cı il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 11442,42 ABŞ dolları məbləğində əsas borc, 2110,32 ABŞ dolları məbləğində faiz borcu, 20 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 13572,74 ABŞ dolları məbləğində borc pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan icraata başlama haqqında xx.xx.2016-cı il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-578/2016 saylı, 15 fevral 2016-cı il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan borclunun axtarışı haqqında 19 mart 2020-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Qərarın icrası Qaradağ RPİ-nə həvalə edilmişdir. İş materiallarında olan Qaradağ RPİ-nin 11-ci PB-nin 12 iyun 2023-cü il tarixli, 3-13- 48-2/2-2747 saylı məktubundan görünür ki, Şəxs 12 iyun 2023-cü il tarixdə icra şöbəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-578/2016 saylı, 15 fevral 2016-cı il tarixli icra qeydinin icrasını təmin etməmişdir. Hazırki vaxtadək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM- 32.1.1) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1211/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1211/2023
12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver