Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1212/2025 22.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol Qaradağ Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokola əsasən, Şəxs 22 may 2025-ci il tarixdə Bakı-Salyan yolunun 14-cü km-də polis əməkdaşının tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X5 protokolu müdafiə edərək, protokolu Qaradağ RPİ-nin 10-cu PŞ-nə daxil olmuş raportlara əsasən tərtib ediyini bildirdi. Şəxs barəsində inzibati həbs seçilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakı-Salyan yolunun 14-cü km-də YPX-nın polis inspektoru tərəfindən saxlanılmış və ona şəxsiyyətini təsdiq edən sənədi, o cümlədən sürücülük vəsiqəsini təqdim etməsi tələb olunmuşdur. Lakin onun şəxsiyyətini təsdiq edən sənəd digər nəqliyyat vasitəsində qaldığı üçün o, şəxsi məlumatlarını X3 “MyGov.az” tətbiqindən istifadə etməklə təqdim etmişdir. Daha sonra polis inspektoru ona avtomobili eynək taxaraq istifadə etdiyini və onun avtomobilin hissələrinə müdaxilə olunaraq, konstruksiyasına dəyişiklik edildiyini irad bildirərək, inzibati xəta törətdiyini diqqətinə çatdırmışdır. Lakin o, avtomobilin dövlət qeydiyyatından bu formada keçirildiyini, 2 ildir idarə etdiyini bildirsə də, polis inspektoru ondan avtomobili duracağa təmin etməsini tələb etmişdir. O, avtomobilin duracağa təmin olunmasına etiraz etmədiyini, lakin iş yerinə gecikdiyini nəzərə alaraq, avtomobilin evakuator vasitəsilə aparılmasını xahiş etmişdir. Buna baxmayaraq, polis əməkdaşı onun işə getməsinə mane olaraq, nəqliyyat vasitəsinin məhz sürücünün özü tərəfindən duracağa təmin edilməli olduğunu israrla tələb etmişdir. Daha sonra ona polisə tabe olmamağı irad bildirərək olduqları yerə ƏÇPA polis əməkdaşlarıni dəvət etmişdir. Polis əməkdaşından tabe olmamasının nədə ifadə olunduğunu öyrənmək istəsə də sonuncu ona heç bir məlumat verməmişdir. Sonra hadisə yerinə ƏÇPA polis əməkdaşları cəlb edilmiş və nəqliyyat vasitəsi özü tərəfindən idarə edilməklə duracağa təmin edilmişdir. Əlavə olaraq bildirmişdir ki, o, heç bir halda polis əməkdaşına qarşı tabesizlik etməmiş, polis işçilərinə qarşı heç bir müqavimət göstərməmiş, nalayiq ifadələrdən istifadə etməmişdir. Göstərilən halları nəzərə alaraq, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis bölməsində olarkən hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən şahid DİN BDYPİ-nin Yol-patrul Xidməti Alayının Xüsusi taqımının, yol patrul xidməti baş inspektoru X2 izahatında bildirmişdir ki, vətəndaş Şəxs tərəfindən Bakı-Salyan yolunun 14-cü km-də saxlanılmışdır. Bu zaman ondan sənədlərini təqdim etməsini istəmiş, lakin vətəndaş sənədlərinin üzərində olmadığını bildirmişdir. Bort kompyuter vasitəsilə sürücüyə aid sənədlərə baxış edərkən onun optik eynəkdən istifadə etməklə avtomobili idarə etdiyi halda, sürücülük vəsiqəsində eynək işarəsinin olmadığını və bu səbəbdən həmin vəsiqənin dəyişilməli olduğunu, bundan başqa, idarə etdiyi avtomobilin konstruksiyasına dəyişiklik edildiyini müəyyən etmiş və inzibati xəta hadisəsini aşkarlamışdır. O, vətəndaşa sürücülük vəsiqəsinin istifadəyə uyğun olmadığını əsas gətirərək, avtomobilin duracağa təmin etməsini bildirsə də, Şəxs tabesizlik göstərərək, nəqliyyat vasitəsini duracağa tərəf sürməkdən imtina etmiş, hadisə yerinə evakuator çağırılmasını istəmişdir. Şəxs nəqliyyat vasitəsini özü idarə etməklə duracağa təmin etməli olduğu halda, bu qanuni tələbi yerinə yetirməkdən imtina etmişdir. Bu səbəbdən əraziyə ƏÇPA əməkdaşları dəvət edilərək, avtomobili duracağa təmin etdikdən sonra, vətəndaş barəsində tədbir görülməsi üçün onu polis şöbəsinə təmin etmişlər. Məhkəmə proses iştirakçılarının və şahidin izahatlarını dinləyərək, təqdim olunmuş videogörüntülərə baxış keçirərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportlara əsasən vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə YPX polis inspektoru tərəfindən Bakı-Salyan yolunun 14-cü km-də saxlanılmışdır. Bu zaman ondan sənədlərini təqdim etməsini istənilmiş, lakin vətəndaş sənədlərinin üzərində olmadığını bildirmişdir. Şəxs idarə etdiyi avtomobilin konstruksiyasına dəyişiklik edildiyi müəyyən edilmişdir. Vətəndaşa avtomobili duracağa təmin etməsini bildirilsə də, Şəxs tabesizlik göstərərək, nəqliyyat vasitəsini duracağa tərəf sürməkdən imtina etmiş, qanuni tələbə məhəl qoymamışdır. Bu səbəbdən əraziyə ƏÇPA əməkdaşları dəvət edilərək, avtomobili duracağa təmin etdikdən sonra, vətəndaş barəsində tədbir görülməsi üçün onu polis şöbəsinə təmin etmişdirlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 may 2025-ci il tarixdə Bakı-Salyan yolunun 14cü km-də polis əməkdaşının tələblərinə tabe olmamışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş 01 ədəd DVD diskdə mövcud olan videogörüntünün məhkəmə iclasında tədqiqi zamanı müəyyən olunur ki, Şəxs YPX polis əməkdaşı tərəfindən saxlanılmış, sənədləri yoxlanılan zaman Şəxs sənədləri üzərində olmadığına görə şəxsi məlumatlarını X4 “MyGov.az” tətbiqindən istifadə etməklə təqdim etmişdir. Polis əməkdaşı onun optik eynək istifadə etməklə nəqliyyat vasitəsini idarə etdiyi halda, vətəndaşın sürücülük vəsiqəsində eynək işarəsinin olmamasını, həmçinin avtomobilin təkərlərinin disklərinin dəyişdirildiyini irad bildirmişdir. Bu səbəbdən yol polisi əməkdaşı sürücülük vəsiqəsinin istifadəyə uyğun olmadığını əsas gətirərək, avtomobilin duracağa sürücünün özü tərəfindən təmin etməsini Şəxs tələb etmişdir. Bu zaman Şəxs avtomobilin duracağa təhvil verilməsi üçün evakuator dəvət olunmasını istəmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 22 may 2025-ci il tarixdə Bakı-Salyan yolunun 14-cü km-də polis əməkdaşı tərəfindən saxlanılmışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs polis əməkdaşına qarşı heç bir müqavimət göstərməmiş, tabesizlik nümayiş etməmişdir. Belə ki, YPX əməkdaşı inzibati xəta hadisəsini aşkar etdikdən sonra Şəxs sənədlərini faktiki olaraq təqdim etməsini tələb etmiş, lakin sonuncu şəxsiyyətini təsdiq edən məlumatları qanuni olaraq, dövlət portalından istifadə etməklə elektron daşıyıcı üzərində təqdim etmişdir. Bundan əlavə, sürücüdən avtomobilin özü tərəfindən duracağa təmin edilməsi əsassız olaraq tələb edilmişdir. Belə ki, şahidin ifadəsinə və videogörüntüdə söylədiklərinə istinadən məhkəmə hesab edir ki, X8 Xidmətinin əməkdaşı tərəfindən sürücü Şəxs sənədlərində və nəqliyyat vasitəsində olan çatışmazlıqlarla bağlı qanunvericilikdə müvafiq tənbehlər tətbiq edilməsi nəzərdə tutulmuşdur. Lakin sürücünün nəqliyyat vasitəsini özü tərəfindən deyil evakuatorla təhvil verilməsinin istəməsi, eyni zamanda sənədlərinin üzərində olmaması səbəbindən təqdim edə bilməməsi polis işçisinə qarşı tabesizliklə eyniləşdirilə bilməz. Belə ki, sürücünün sənədlərinin mövcud olub-olmamasını müəyyən etmək üçün polis işçisi bort kompyuterdən istifadə etməsi halı mövcuddur. Bundan əlavə ƏÇPA əməkdaşlarının hadisə yerində olduqları vaxt vətəndaşın tabesizlik göstərərək getməməsi barədə hər hansı sübut təqdim olunmamışdır. Beləliklə, Şəxs haqlı olaraq, heç bir tabesizlik və s. qeyri-qanuni hərəkətərə yol vermədən, hətta açarları təqdim edərək, hadisə yerinə evakuator dəvət edilməklə nəqliyyat vasitəsinin duracağa aparılmalı olduğunu bildirmişdir. Şəxs polis əməkdaşlarına qarşı müqavimət göstərməsini və ya tabesizlik etməsini təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hər bir vətəndaş İXM-nin 535.1-ci maddəsinin dispozisiyasında qeyd olunduğu kimi, polisin yalnız qanuni tələbinə əməl etmək vəzifəsi daşıyır. Şəxs YPX əməkdaşına qarşı heç bir qanunsuz hərəkətə və ifadələrə yol verməmiş, saxlanılarkən onun yalnız qanuni tələblərinə tabe olmuşdur. Təsvir olunanlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, onun əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş 1 ədəd CD diskə əlavə edilmiş görüntülər iş materialına əlavə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Məhkəmə iclasında tədqiq edilmiş 1 ədəd CD diskə əlavə edilmiş görüntülər iş materialına əlavə olunsun. Qərarın surəti rəsmi şəkildə verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1212/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1212/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver