Məhkəmə qərarları › İş №3(002)-1214/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1214/2021

05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1214/2021 05.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 17 sentyabr 2021-ci il tarixli, 00100-1802/21 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi ünvanında qeydiyyatda olan Şəxs MMC 10 sentyabr 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********9362 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilimiş Almaniyadan 38AR675/38AFF215 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş yükü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 08 sentyabr 2021-ci il tarixdə saat 21:44-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməmişdir. İnzibati xəta törətməkdə təqsirləndirilən hüquqi şəxs Şəxs MMC və Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, həmin təşkilatlardan nümayəndələr məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə hüquqi şəxs Şəxs MMC və Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi ünvanında qeydiyyatda olan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar