Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1216/2023 13.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, 01 aprel 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Şəxs 13 iyun 2023-cü il tarixdə, saat 09:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi 14-cü km-də stasionar postda polis əməkdaşının tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi A.A.Əsədullayev Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində özünə məxsus “Jeep” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə atasını rayona yola salmaq üçün Bakı-Qazax yolunun 14-cü km-nə gəlmişdir. Həmin vaxt orada rayon maşınlarının deyil X11 maşınlarının dayandığını görmüşdür. Oradan təxminən 100 metr irəlidə maşını saxlamışdır. Bundan sonra su almaq üçün geriyə qayıdaraq mağazaya girmişdir. Suyu aldıqdan sonra təkrar öz avtomobilinin yanına qayıtmaq istədikdə polis əməkdaşları onun gəldiyi yerdən keçməsinə icazə verməmişlər. O, niyə icazə olmadığnı soruşduqda polis əməkdaşı ona piyadaların hərəkətinin qadağan olunduğunu bildirmişdir. Buna cavab olaraq maşını irəlidə saxladığını və yoluna necə davam edə biləcəyini soruşmuşdur. Polis əməkdaşı ona qəti şəkildə yoluna davam edə bilməyəcəyini demişdir. O, isə nə üçün daha əvvəl eyni yoldan keçərkən hərəkətin qadağan olunduğunu bildirmədiyini soruşmuşdur. Daha sonra hər ikisi arasında sözlə mübahisə yaranmış, polis əməkdaşı onun getməsinə mane olmuşdur. Üzləşdiyi qeyrimüəyyən vəziyyət barədə “102” xidməti-zəng mərkəzinə məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, o, heç bir halda polis əməkdaşına qarşı tabesizlik etməmiş, polis işçilərinə qarşı heç bir müqavimət göstərməmiş, nalayiq ifadələrdən istifadə etməmiş, əksinə özü könüllü şəkildə polis əməkdaşlarının xidməti avtomobilinə əyləşmişdir. Göstərilən halları nəzərə alaraq, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis bölməsində olarkən hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyriinsani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən şahid X10 Alayının patrul bölüyü, polis nəfəri X4 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Lökbatan dairəsi, 14-cü km-də stasionar postda xidmət apararkən təxminən saat 09:30 radələrində bir nəfər şəxsin rayon istiqamətinə yolun hərəkət hissəsi ilə hərəkət etmək istədiyini görüb ona yaxınlaşaraq piyadalar üçün yolla hərəkət etməsinin qadağan olduğunu bildirmişdir. Lakin, həmin şəxs “maşınım oradadır və mən keçəcəm” deyərək hərəkətini davam etdirmişdir. Bir daha həmin şəxsə piyadaların hərəkətinin qadağan olduğu bildirilmiş, lakin o, aqresivləşərək onun qanuni tələbinə tabe olmamışdır. Daha sonra AP9691 çağırışlı avtopatrulu çağırıb həmin şəxsi patrul maşınına əyləşdirib 10-cu polis bölməsinə gətirmişlər. Məhkəmə iclasında iştirak edən şahid X10 Alayının patrul bölüyü, polis nəfəri X2 digər şahid X4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X8 çıxışında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 13 iyun 2023-cü il tarixdə, saat 09:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi 14-cü km-də qurulmuş stasionar postda X11 əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir k, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs polis işçilərinə qarşı heç bir müqavimət göstərməmiş, nalayiq ifadələrdən istifadə etməmiş, əksinə polis əməkdaşlarının bütün tələblərinə əməl etmişdir. Sonuncu heç bir etiraz etmədən xidməti patrul avtomobilinə əyləşmişdir. Həmçinin, qeyd olunan əraziyə piyada şəkildə hərəkət etmənin qadağan olunması barədə elan mövcud olmadığından və həmin ərazidə nəqliyyat vasitəsini dayandırdıından həmin istqamətdə hərəkət etmişdir. Bundan əlavə, həmin ərazidə təhlükəsizlik şəhər kameralarının mövcud olmasına baxmayaraq, Şəxs polis əməkdaşlarına qarşı müqavimət göstərməsini və ya tabesizlik etməsini sübut edəcək heç bir videogörüntü məhkəməyə təqdim olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs X11 əməkdaşlarına qarşı heç bir qanunsuz hərəkətə və ifadələrə yol verməmiş, saxlanılarkən onların bütün tələblərinə tabe olmuşdur. Təsvir olunanlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, onun əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili M.Z.Ağayevə məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan rəsmi qaydad verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1216/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1216/2023
13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver