Məhkəmə qərarları › İş №3(002)-1223/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1223/2023

03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1223/2023 03.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi ilə, Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru, polis baş serjantı X1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1988-ci ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN: xxxxxxx) subay, orta təhsilli, işləməyən, Yardımlı rayonu Vərgədüz kəndində qeydiyyat olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, 06 may 2023-cü il tarixdə saat 17:38-də Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisindən keçən 39-cu kilometrliyində Şəxs idarə etdiyi «Changan» markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobillə eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi «Hyundai HD65» markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşmuşdur. Toqquşmadan sonra hər iki avtomobil idarəetmədən çıxaraq yolun sol hissəsindəki dəmir çəpərə və işıq dirəyinə çırpılmış, nəticədə «Changan» markalı avtomobilin sürücüsü Şəxs, sərnişini Zərərçəkmiş şəxs2 və «Hyundai HD65» markalı yük avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs1 təcili yardıma müraciət etmişlər. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru, polis baş serjantı X2 tərtib etdiyi protokolu müdafiə etdiyini və Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə “Changan” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Saatlı rayonundan Bakı şəhərinə gəlmişdir. Qaradağ rayonu, Ümid qəsəbəsində olarkən avtomobili yolun soldan ikinci hərəkət zolağı ilə saatda 100 km/saat sürətlə idarə edən zaman avtomobil texniki cəhətdən saz olmuş, yük yeri boş olmuş, avtomobildə 1 sərnişin olmuşdur. Daha sonra avtomobili soldan birinci hərəkət zolağı ilə idarə edərkən arxadan “Mercedes Benz” markalı avtomobil gəlib ona çatmışdır. Ona yol vermək üçün sağa istiqamətlənən zaman onu arxadan vurmuşdur. Bu vaxt o, idarəetməni itirmiş və avtomobil sağa sola getməyə getməyə başlamışdır. Sağında isə yük avtomobili olmuş, onunla toqquşmamaq üçün sükanı sola döndərib avtomobili yolun sol hissəsindəki səkiyə və dəmir çəpərlərə vurmuşdur. Hadisə vaxtı xəsarət almışdır. Hazırda zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbləri yoxdur. Göstərilənləri, əməlindən səmimi peşman olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 17:35 radələrində Ümid qəsəbəsi ərazisində yük avtomobilini yolun sağdan ikinci hərəkət zolağı ilə saatda təxminən 70-80 km/saat sürətlə idarə etmişdir. Hərəkətdə olduğu zaman sol yan güzgüdən arxaya baxanda qara rəngli minik avtomobilinin sola dəmirə tərəf gedib yenidən qəflətən sağa doğru qayıdıb onun arxasına keçdiyini görmüşdür. O, yan güzgüdən arxaya baxmaq istədikdə həmin minik avtomobili onun avtomobilini sağ arxa təkərdən vurmuşdur. Bundan sonra zərbənin təsirindən o, idarəetməni itirmiş və avtomobil sürətlə sola doğru hərəkət etmişdir. Əyləcə basıb avtomobili saxlamaq istəsə də bunun heç bir xeyri olmamış və idarə etdiyi “Hyundai HD65” markalı yük avtomobili dəmir çəpərə daha sonra işıq dirəyinə dəyib dayanmışdır. Hadisə zamanı sağ ayağından xəsarət alsa da hazırda bərpa olmuşdur. Hadisə ilə bağlı Şəxs şikayəti yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə arvadı ilə birlikdə Saatlı rayonundan Bakı şəhərinə gəlmişlər. O, avtomobildə qabaq sağ oturacaqda oturmuşdur. Bakı-Qazax yoluna çıxıb Bakı şəhəri istiqamətində xeyli getdikdən sonra o, yorğun olduğu üçün yatmışdır. Qəflətən səs-küy eşidib oyanmış və üstünə şüşə qırıqları töküldüyünü görmüşdür. Bundan sonra özündən getmiş, oyananda ətrafdan başqa adamların onu avtomobildən çıxardığını görmüşdür. Yerə düşəndən sonra arvadının da xəsarət aldığını görmüşdür. Daha sonra hadisə yerinə təcili yardım avtomobil gəlmiş və onları xəstəxanaya aparmışdır. Hadisə zamanı xəsarət almış, lakin ekspertizadan keçməyə vaxtı olmamışdır. Hadisə ilə bağlı Şəxs şikayəti yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati tənbeh görülməsi üçün qərarın surəti BDYPİ YPXA-na göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin 10 may 2023-cü il tarixli 321 saylı canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktından görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sol qalça, sol qasıq büküşü və sağ baldır nahiyələrinin qançırları, sağ diz oynağının sıyrığı, sağ diz oynağının qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bud nahiyəsinin və sağ dizin arxa səthinin dərialtı hematomaları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X4 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, sürücüsü olduğu yük avtomaşınında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan 6 may 2023-cü il tarixli, 2/13574 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə ayıq olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 06 may 2023-cü il tarixdə saat 17:38-də Bakı-Ələt-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisindən keçən 39-cu kilometrliyində idarə etdiyi “Changan” markalı, **- HX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yüngül bədən xəsarəti almışlar. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və ona qarşı heç bir şikayət və tələblərinin olmamasını və ona cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini xaraktertizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar