Məhkəmə qərarları › İş №3(002)-1224/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1224/2023

03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1224/2023 03.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 iyun 2023-cü il tarixli, 00100-01551/23 (EP № 0079628) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "X1" MMC-nin ünvanına İraqdan 47AT826/55AAB433 nömrəli nəqliyyat vasitəsi ilə idxal edilmiş **********3868 saylı xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmiş mallara dair gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, "X1" MMC-nin ünvanına İraqdan idxal edilmiş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Nəticədə, gömrük qaydaları əleyhinə inzibati xəta baş vermişdir. Araşdırma zamanı "X1" MMC-nin ünvanına İraqdan idxal edilmiş malların daşındığı 47AT826/55AAB433 nömrəli nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2023-cü il saat 04:31-də Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı körpü" gömrük postundan daxil olduğu, lakin 47AT826/55AAB433 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə gətirilən mallara dair elektron qaydada qısa idxal bəyannaməsinin verilmədiyi məlum olmuşdur. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-yə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatətlər daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64 və 112.1.4-cü maddəsinə əsasən işə səlahiyyətli nümayəndələrin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş 20 iyun 2023-cü il tarixli bildirişdən görünür ki, Şəxs hüquqi ünvanı ünvan 2a Qaradağ Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (20 iyun 2023-cü il tarixli reyestrin 18-ci sıra nömrəsi ilə). İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, məkhkəmə bildirişi Şəxs nümayəndəsi tərəfindən 01 iyul 2023-cü il tarixdə qəbul edilmişdir. İş materiallarında olan 02 iyul 2023-cü il tarixli, 3(002)-1224/2023 saylı sms xəbərdarlığın AZEMİS elektron məhkəmə sistemi vasitəsi ilə göndərilməsi barədə bildirişdən görünür ki, Şəxs nümayəndəsinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx.xx.2023-cü il tarixli, 3(002)-1224/2023 nömrəli sms xəbərdarlıq). Məhkəmə, iş materiallarını, həmçinin barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsinin ərizəsini araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********3868 saylı gömrük bəyannamənin surətindən görünür ki, həmin bəyannamənin «əvvəlki bəyannamə və sənədin xülasəsi» adlanan 40-cı qrafasında heç bir qeydiyyat aparılmamışdır. İş materiallarında olan 16 iyun 2023-cü il tarixli, 00100-01551/23 nömrəli protokoldan görünür ki, Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi X2 protokolun surətini həmin tarixdə almışdır. İş materiallarında olan inzibati xəta haqqında işin materialları ilə tanış olma barədə 16 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi X2 00100-01551/23 saylı işin materialları ilə tanış olmuş və heç bir vəsatət irəli sürməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri ünvan 4 ünvanında qeydiyyatda olan " X1 " MMC-nin ünvanına 47AT826/55AAB433 nömrəli nəqliyyat vasitəsi ilə idxal edilmiş **********3868 saylı xx.xx.2023-cü il tarixli nömrəli Gömrük Bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Nəticədə gömrük qaydaları əleyhinə inzibati xəta baş vermişdir. Araşdırma zamanı Şəxs MMC-nin ünvanına İraq Respublikasından idxal edilmiş malların daşındığı 47AT826/55AAB433 nömrəli nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2023-ci il saat 04:31-də Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı körpü" gömrük postundan daxil olduğu, lakin həmin mallara dair elektron qaydada qısa idxal bəyannaməsinin verilmədiyi məlum olmuşdur. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli fərmanı ilə təsdiq edilmiş «Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün «Yaşıl dəhliz» və digər buraxılış sistemlərindən istifadə» Qaydalarının 2.2-ci maddəsinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC -nin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129,130 və 485.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1.500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar