Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1226/2022 05.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, qərardan şikayət vermiş şəxs X3, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, 20 sentyabr 1954-cü ildə Cəbrayıl rayonu Süleymanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində barəsində inzibati xəta faktı üzrə araşdırma nəticəsinə görə xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati protokol tərtib olunmuşdur. Həmin protokolun məzmununa görə Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında bələdiyyə mülkiyyətində olan istifadəsinə verilmiş torpaq sahəsində hasarlama işləri apararkən hasarın fundamentinə düşən 2 ədəd yulğun kolunu guya kəsərək məhv etmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı (şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsi və ya zədələnməsi) törətmişdir. İnzibati araşdırma gedişində və inzibati protokolun tərtibi zamanı ona elan olunmuş inzibati xəta ilə razı olmamışdır. Belə ki, ilkin olaraq adı gedən yulğun kollarının bilavasitə istifadəsində, sahibliyində və beləliklə də, onun mülkiyyətində olan torpaq sahəsinin hüdudları içərisində olmuş olduğunu dəfələrlə vurğulamışdır. Digər bir halda isə qanunvericiliklə mühafizə olunan yulğun bitkilərinin yalnız 8 növünün mövcud olduğu və adıgedən yulğun kollarının həmin növlərə aid olmadıqlarıda inzibati araşdırma zaman tərəfindən dəfələrlə nəzərə çatdırılmışdır. Lakin onun bu dəlilləri nəzərə alınmamış, onun iştirakı olmadan barəsində idarə rəisi Vaqif Cavadov tərəfindən inzibati tənbeh tətbiq edilməsinə dair xx.xx.2022-ciil tarixli MN ******* saylı qərar qəbul olunmuş və 4400 manat məbləğində cərimə olunmuşdur. Bu cərimə ilə yanaşı ona 960 manat məbləğində təbiətə dəymiş ziyan hesablanmışdır. xx.xx.2022-ci il tarixli qərar poçt rabitəsi vasitəsilə ona xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, tərəfindən heç bir qayda pozuntusuna yol verilmədiyi halda Vaqif Cavadov tərəfindən xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Hesab edir ki, tərəfindən hazırda mübahisələndirilən inzibati xəta haqqında protokol əsassız olaraq tərtib edilmişdir və onun əsasında barəsində qanunsuz qərar qəbul edilmişdir. Ona görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi üçün tərəfindən Azərbaycan Respublikası Ekologiya və X10 ünvanına xx.xx.2022-ci il tarixli şikayət təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) şikayət verilir. Şikayətlə bağlı nazirliyin ümumi şöbəsinin müdiri tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli 5/Q-539-09 saylı məktubla ona şikayətinə baxıldığı və yalnız barəsində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müvafiq qərar qəbul edildiyi bildirilmişdir. Göründüyü kimi, nazirliyin xx.xx.2022-ci il tarixli 5/Q-539-09 saylı məktubu ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli qərarın əsaslılığı təsbit edilmişdir və sadəcə heç bir qərar qəbul edilmədən, həmin məktubda ona xx.xx.2022-ci il tarixli MN 12881465 saylı İnzibati tənbeh vermə haqqında qərarından məhkəməyə müraciət edə bilməsi xatırladılmışdır. Ona görə də hazırkı şikayətlə bilavasitə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X8 məhkəmə iclasında şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının İXM-nin 253-cü maddəsinin qeyd hissəsinə əsasən torpaq sahəsinin onun atasının xüsusi mülkiyyətində olması nəzərə alınaraq, həmin maddə ilə ona inzibati xəta haqqında protokol tərtib edilməməli olduğu halda tərtib olunmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 05 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 şikayətçinin dəlilləri ilə razılaşmayaraq göstərdi ki, inzibati xəta haqqında qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. İdarəyə Qaradağ RPİ-nin 11-ci polis bölməsindən məktub daxil olmuş, bununla bağlı E.Qarayevdən mülkiyyət hüquqlarını təsdiq edən sənədi tələb etdikdə bələdiyyə sənədini təqdim etmişdir. Bundan sonra E.Qarayevin izahatı alınmış, o izahatında onun istifadəsinə verilmiş torpaq sahəsində hasarlama işləri apararkən hasarın fundamentinə düşən 2 ədəd yabanı halda bitmiş yulğun kolunu məhv etdiyini bildirmiş, bununla bağlı barəsində hüquqi tədbir görülməsinə etiraz etmədiyini və tətbiq olunacaq cəriməni ödəyəcəyini bildirmişdir. Ona görə də hesab edir ki, X3 şikayət ərizəsi əsassızdır və təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş şikayətə əlavə edilmiş 24 avqust 2022-ci il tarixli 75171 saylı akta əsasən yaşıllığa dəyən ziyanın hesablanması cədvəlindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarı ilə 2 ədəd yulğun kolunun məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyan 960 manat təşkil edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 05 sentyabr 2022ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə təqsirli bilinərək, 4400 manat məbləğində cərimə edilmişdir. Ələt Bələdiyyəsinin 13 saylı, 22 dekabr 2006-cı il tarixli Protokolundan Çıxarışdan görünür ki, ünvan 3 ünvanında pasport qeydiyyatında olan X2 Ələt Bələdiyyəsinə müraciəti qənaətbəxş hesab edilmiş və ona “X1 Haqqında” Azərbaycan Respublikasının Qanununa, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə müvafiq, Ələt qəsəbəsi, Salyan yolu küçəsində fərdi yaşayış evinin tikilməsi üçün 600 (altı yüz) kvadrat metr torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə olunmuş etibarnamədən görünür ki, X5 23 noyabr 2020-ci il tarixində 5 il müddətinə Azərbaycan Respublikasının bütün dövlət və qeyri-dövlət orqanlarında onu təmsil etmək səlahiyyətlərini X6 həvalə etmişdir. İş materiallarına əlavə olunmuş 24 avqust 2022-ci il tarixli izahatdan görünür ki, X5 2006-cı ildən etibarən Bələdiyyə sənədi əsasında onlara verilmiş həyətyanı sahədə hasarlama işləri apararkən 2 ədəd yabanı halda bitmiş yulğun kolu kəsdiyini qeyd edərək törətdiyi əməllə bağlı ona tətbiq ediləcək cəriməni ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə- fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 253-cü maddəsinin Qeyd hissəsinə əsasən həmin məcəllənin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət əkinlərə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar aydın şəkildə öz əksini tapmışdır. Belə ki: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 139-1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Belə olan halda, məhkəmə şikayətçinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası ərazisində torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Qeyd olunanlardan aydın olur ki, daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüququ həmin əmlakın dövlət reyestri aparıldıqdan sonra yaranır. Beləliklə, şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, xx.xx.2022-ci il tarixli qərarının inzibati tənbehin vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1226/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1226/2022
05.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver