Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1227/2025 10.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Şikayət verən şəxs X1 iştirakı ilə, 25 aprel 1987-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Azadkənd kəndində qeydiyyatda olan ünvan 1 ünvanında yaşayan X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 14 may 2025-ci il tarixli, EQ 27938621 saylı qərardan şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 14 may 2025-ci il tarixli, EQ 27938621 saylı qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 14 may 2025-ci İl tarixli, EQ 27938621 №-li «inzibati tənbeh vermə haqqında» qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətam törədilməsinə görə barəsində 1200 manat məbləğində inzibati cərimə növündə tənbehin tətbiq edilməsi qərara alınmışdır. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 14 may 2025-ci il tarixli, EQ 27938621 №-li «inzibati tənbeh vermə haqqında» qərarı hüquq normalarının pozulması ilə qəbul edildyindən, bu səbəbdən də əsassız və qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməlidir. Belə ki, həmin qərarda mənim xx.xx.2025-ci il tarixində, saat 22:13 radələrində M-2 avtomobil yolunun Qaradağ rayonu Səngəçal qəsəbəsi Ələt istiqamətinin 47.9-cu km-də istifadəmdə olan MAN TGA 18.460 yük markalı, **-OP-*** qeydiyyat nişanlı avtomobillə İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (iri qabarİtli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi) il ərzində törədilməsi əsas gətirilərək barəsində inzibati tənbeh tətbiri tətbiq edilmişdir. Bununla bağlı qeyd edir ki, tərəfindən qeyd olunan inzibati xətanın törədilməsinə yol verilməmiş və idarə etdiyi yük avtomobilində olan yükün çəkisi verilmiş icazə həddində olmuşdur. Belə ki, idarə etdiyi yük avtomobilinə Qaradağ rayonu ərazisində yerləşən daş karxanasından «mişar daşı» adlı tikinti materialı yükləndikdən sonra, xx.xx.2025-ci il tarixində, saat təxminən 21:00-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi yaxınlığında «Binə» Ticarət Mərkəzi ilə üzbəüz yerləşən «AQROVEST» adlanan şirkətin yerləşdiyi ərazidə olan tərəzidə avtomobilin çəkisi yoxlatdırmış və avtomobilin yüklə birlikdə ümumi çəkisinin 39940 kq olması, yəni icazə verilən kütlə parametrləri həddində olması müəyyən edilmişdir. Bundan sonra Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən Hacıqabul rayonu ərazisindən keçərkən istifadəsində olan mobil telefona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətam törətməsinə dair «sms» mesaj gəlmişdir. Belə olan halda Kürdəmir rayonuna çatan zaman xx.xx.2025~ci il tarixində, saat 01:09da «Karmen» adlı dəyirmanın ərazisində yerləşən "xxxx" MMC-yə məxsus yük tərəzisində avtomobilin çəkisi yoxlatdırmış və avtomobilin yüklə birlikdə çəkisinin 39880 kq, yəni xx.xx.2025-ci il tarixində, saat təxminən 21:00-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi yaxınlığında «Binə» Ticarət Mərkəzi ilə üzbəüz yerləşən «AQROVEST» adlanan şirkətin yerləşdiyi ərazidə olan tərəzidə çəkilən zaman olan çəkidən 60 kq az olması müəyyən edildi. Buna səbəb isə yanacaq çənində olan yanacağın yolboyu istifadə olunması ilə bağlıdır. Göründüyü kimi idarə etdiyi avtomobilin yüklə birlikdə ümumi çəkisinin icazə verilən kütlə parametrləri həddində olması müəyyən edilmişdir. Buna baxmayaraq tərtib edilmiş elektron protokolda avtomobilin yüklə birlikdə ümumi çəkisinin guya 3730 kq artıq olmasının müəyyən edildiyi qeyd olunaraq, barəsində inzibati tənbeh vermə haqqında qanunsuz və əsassız qərar qəbul edilmişdir. Beləliklə, Kürdəmir rayonunda, «Karmen» adlı dəyirmanın ərazisində yerləşən "xxxx" MMC-yə məxsus tərəzinin və Qaradağ rayonu, Lökbatan qəsəbəsi yaxınlığında «Binə» Ticarət Mərkəzi ilə üzbəüz yerləşən «AQROVEST» adlanan şirkətin yerləşdiyi ərazidə olan tərəzinin göstəricilərinə əsasən müəyyən edilir ki, xüsusi elektron texniki vasitələrin göstəriciləri ilə ölçülmüş çəki göstəricələri səhvdir və tərəfindən qeyd olunan inzibati xətanı törətməyimi təsdiq edən hər hansı digər sübutedici fakt mövcud deyildir. AR İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları İlə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 10 mart 2025-cı il tarixli, EQ 26550455 №-li «inzibati tənbeh vermə haqqında» qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 600 manat məbləğində inzibati cərimə cərimə növündə tənbehinin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərar tərəfindən mübahisələndirilmiş, Şabran rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli Qərarı ilə həmin qərar ləğv edilmiş və Sumqayıt Apellyasıya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Şabran rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bununla da tərəfindən AR İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi əsaslan mövcud deyildir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək barəsində qəbul edilmiş 14 may 2025-ci il tarixli, EQ 27938621 saylı qərarın ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərarı tərtib edən orqan işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndənin iştirakını təmin edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında qərarı tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş DİN-in BDYPİ-nin 14 may 2025-ci il tarixli qərarın surətindən aydın olur ki, vətəndaş X2 14 may 2025-ci il tarixli qərara əsasən M-2, 47.9 km Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində 14 may 2025-ci il tarixdə, saat 22:13-də MAN TGA 18.460 YÜK markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 1200 manat məbləğində cərimə edilmişdir. Həmin cərimənin yazılmasına əsas olunmuş fotoşəkildən aydın olur ki, MAN TGA 18.460 YÜK markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobil 14 may 2025-ci il tarixdə, saat 22:13-də Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində tərəzidən keçərkən limit 40000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin ümumi çəkisi 43730 kq olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 14 may 2025-ci il tarixli, EQ 27938621 saylı qərar əsassız olduğundan ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, DİN-in BDYPİ qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və iş üçün əhəmiyyət kəsb edən sənədləri, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin irəli sürdüyü dəlil və faktları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Bundan başqa şikayətçinin məhkəməyə təqdim etdiyi Aqroterminal tərəfindən verilmiş tərəzi qəbzindən aydın olur ki, sürücü 14 may 2025-ci il tarixdə şikayətçinin idarə etdiyi MAN TGA 18.460 YÜK markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilin brutto çəkisi 39940 kiloqram olmuşdur. İş materiallarında olan 70409 saylı "xxxx" MMC tərəfindən verilmiş tərəzi qəbzinin surətindən aydın olur ki, 15 may 2025-ci il tarixdə, saat 01:09-da mişar daşı ilə yüklənmiş vəziyyətdə çəkilərkən qeyd olunan yük avtomobilinin brutto çəkisi 39880 kiloqram olmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X2 yuxarıda qeyd olunan vaxtda idarə etdiyi avtomobilin maksimim kütləsi 40 tonu keçməmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 14 may 2025-ci il tarixli, EQ 27938621 saylı qərar ləğv edilsin və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1227/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1227/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver