Məhkəmə qərarları › İş №3(002)-1228/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1228/2021

21.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1228/2021 21.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 29 oktyabr 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, ev 2, mənzil 3-də qeydiyyatda olmaqla yaşayan Şəxs barədə, Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 16 sentyabr 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarından aydın olur ki, 04 avqust 2021-ci il tarixdə, saat təxminən 12:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu küçəsində vətəndaş Şəxs idarə etdiyi “Chevrolet Colorado minik” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomaşınla yolu keçən piyada 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 vuraraq sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ RPİ-nin TŞ-nın rəisi, polis polkovnik-leytenantı Bahadur Əliyev tərəfindən qəbul edilmiş 01 sentyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən aydın olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə sürücü Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, «Chevrolet Colorado» markalı, ** PB *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olduğuna görə onun əməlində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinin tərkibi olduğuna görə onun barəsində həmin maddə ilə inzibati qaydada ölçü götürülməsindən ötrü materialın Qaradağ RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, ev 2, mənzil 3-də ailəsi ilə birlikdə yaşayır və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentində sürücü işləyir. O, Dövlət Neft Şirkəti Nəqliyyat Departamentinə məxsus “Chevrolet Colorado” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomaşını yol vərəqəsi əsasında idarə edir. 04 avqust 2021-ci il tarixdə günorta saatlarında üç nəfər iş yoldaşını Qobustan qəsəbəsində yerləşən işlədiyi şirkətin anbarına aparmaq üçün Ələt qəsəbəsində yerləşən Pirsaat adlanan ərazidən götürüb, Ələt qəsəbəsinin daxili ilə Səlyan şossesi Qobustan qəsəbəsi istiqamətində, yolun sağ hərəkət yolu ilə saatda təxminən 60-70 km sürətlə hərəkət edirmiş. O hərəkətdə olan zaman velosipedçinin yolun sol hissəsindən sağ hissəsinə doğru manevr etdiyini görmüş, nəqliyyat hadisəsinin qarşısını almaq məqsədilə tormoza basıb, avtomaşını sağ tərəfə çəkmiş, lakin məsafə az olduğundan hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomaşının qarşı hissəsi yüngülcə velosipedçiyə toxunmuş və o heç bir xəsarət almamışdır. O iş yoldaşları ilə velosipedçiyə yerdən qalxmaqda kömək göstərmiş, həmin uşaq isə velosipedinə əyləşərək çıxıb getmişdir. Bu zaman yaxınlıqdakı kafedən sonradan adının Şahin olduğunu öyrəndiyi şəxs ona yaxınlaşaraq avtomaşını asta idarə etməsini bildirmiş və nalayiq ifadələr işlədərək onun şərəf və ləyaqətini alçaltmışdır. O sakitləşməsini istədikdə həmin şəxs ona hücum edib, yumruqla sifət nayihəsinə vurmuş və qolu ilə boynunu sıxmışdır. Daha sonra hadisə yerinə azyaşlı velosiepdçi ilə atası gəlmiş, o uşağın atasından üzr istəmiş və uşağı yoxlanış üçün xəstəxanaya aparmışdır. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. O öz ifadəsində daha sonra qeyd etmişdir ki, zərərçəkmiş şəxs ona təzyiq edərək Şahin adlı şəxslə bağlı şikayətini geri götürməsini, əks təqdirdə 1000 manat məbləğində pul ödəməsini tələb etmişdir. O isə 150 manat pul vermişdir. O əməlindən peşiman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək daha yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 və qanuni nümayəndəsi olan atası Zərərçəkmiş şəxs2 təkrarən məlumat verilsə də, və eləcə də mobil telefon vasitəsilə şəxsən əlaqə saxlanılsa da onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə zərərçəkən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 04 avqust 2021-ci il tarixli, 2/22180 nömrəli tibbi müayinə aktından aydın olur ki, Şəxs 04 avqust 2021-ci il tarixdə, saat 15:50 radələrində tibbi müayinədən keçirilərkən ayıq olduğu müəyyən edilmişdir. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxsin Qaradağ rayon şöbəsindən daxil olmuş 21 avqust 2021-ci il tarixli, 543 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1- sağ dirsək oynağının və sağ saidin yuxarı 1/3-nin hərəkət məhdudluğu ilə müşayiət olunan yumşaq toxumalarının əziyi halında qançır- şişkinliyi, sağ saidin və sol əlin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün “Sədəf” Klinikasına müraciət etdiyi 04 avqust 2021-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Vətəndaş Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlərin xarakter və lokalizasiyasılarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, hərəkətdə olan avtomaşının velosipedçini vurması nəticəsində törənə bilərdilər. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxsin Qaradağ rayon şöbəsindən daxil olmuş 06 avqust 2021-ci il tarixli 537 saylı ekspert rəyindən görünür ki, Şəxs- boynun sağ yan səthinin və döç qəfəsinin ön səthinin sıyrıqları, boynun sağ və sol ön səthlərinin qançıları bərk küt əşya (əşyalar) təsirindən, müaytinədən bir günə qədər əvvəl törənmişlər, qərraın təsviri hissəsində göstərilən 04 avqust 2021-ci il tarixdə törənməsi mümkündür və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dəəcələri təyin edilmir. Vətəndaş Şəxs almış olduğu xəsarətin xarakter və lokalizasiyalarına əsasən nəzərə alıb demək olar ki, həmin xəsarətlər həmin şəxsin özü həm də digər şəxs tərəfindən yetrilməsi mümkündür. Məhkəmə iş materillarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə, Şəxs əməlini etiraf edərək səmimi peşiman olmasını və zərərçəkmiş şəxsə müəyyən yardım göstərməsini nəzərə alaraq onun barəsində inzibati cərimə tətbiq olunmasını daha ədalətli, qanuni və əsaslı hesab edir. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-c maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar