Məhkəmə qərarları › İş №3(002)-1229/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1229/2022

10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1229/2022 10.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Qusar rayonu, Qalacıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Qusar rayonu, Qalacıq kəndində qeydiyyatda olan və Abşeron rayonu, Sulutəpə qəsəbəsində kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM-nin) 510-cu maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis bölməsindən daxil olmuş 10 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 10 oktyabr 2022-ci il tarixdə xırda xuliqanlıq edərək Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsin sahə inspektoru X2 tərtib etdiyi protokolu müdafiə etdiyini qeyd edib, çıxışında bildirmişdir ki, Şəxs 10 oktyabr 2022-ci il tarixdə sərxoş halda Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə daxil olmuş, uca səslə nalayiq küçə söyüşləri söyərək iş rejimini pozmuş, bununla da xırda xuliqanlıq etmişdir. Göstərilənlərə əsasən, V.Mehdiyev barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bildiyini qeyd edib, izahatında bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat təxminən 03:30 radələrində sərxoş vəziyyətdə 10-cu polis bölməsinə daxil olmuş, nalayiq ifadələr işlətmiş və bölmənin iş fəaliyyətini pozmuşdur. Törətdiyi əməli səmimi etiraf edir. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Son olaraq məhkəməyə müraciət edib barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis bölməsində ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Törətdiyi əməldə özünü təqsirli bilərək məhkəmədə hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmaq istəmədiyini və bu onun maddi vəziyyəti ilə bağlı olmadığını qeyd etmişdir. Belə ki, iş materiallarında olan Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin rəisi Nizami Novruzova ünvanlanmış 10 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, Qaradağ RPİ-nin 10-cu PB-nin məsul növbətçisi polis leytenantı X3, 10-cu PB-nin əməliyyat qrupunun üzvləri polis kapitanı Emin Məmmədov, polis mayoru Emin Quliyev, polis leytenantı Etibar Eyvazov, polis mayoru Cəmşid Əliyev ilə xx.xx.2022-ci il tarixdə saat təqribən 03.30-da polis bölməsində xidmət apararkən Şəxs Tacəddin oğlu növbətçi hissəyə sərxoş halda daxil olaraq uca səslə nalayiq küçə söyüşləri söyərək iş rejimini pozmuşdur. Onlar S.Ağayevi qanuna tabe olmağı və polis bölməsini tərk etməsini xahiş etsələr də o, intizamsızlıq göstərərək daha da aqressivləşib polisin ünvanına təhqiramiz ifadələr işlətmişdir. Həmin vətəndaşın sərxoşluq dərəcəsinin təyin olunması üçün müayinəyə göndərilmişdir. Vətəndaş orta dərəcə sərxoş olmuşdur. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 10 oktyabr 2022-ci il tarixli, 2/24403 nömrəli tibbi müayinə protokolundan görünür ki, S.T.Ağayev hadisə zamanı orta dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan “X4 haqqında“ protokoldan görünür ki, Şəxs 10 oktyabr 2022ci il tarixdə saat 03:50-da inzibati qaydada tutulmuş, həmin tarixdə saat 07:00-da azad edilmişdir. Beləliklə, S.T.Ağayevin törətdiyi inzibati xəta, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün və protokolu tərtib etmiş şəxsin məhkəmə iclasında verdikləri izahatlar, inzibati xəta haqqında protokol və digər iş materialları ilə onun xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən S.T.Ağayevin özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair söz verməsini və ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən S.T.Ağayevin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs S.T.Ağayevin barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, S.T.Ağayevi cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 510-cu maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar