Məhkəmə qərarları › İş №3(002)-1241/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1241/2021

06.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1241/2021 06.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinin polis sahə inspektoru X21, zərərçəkmiş şəxs X17 və vəkili 10 saylı vəkil bürosunun vəkili X22, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 31 iyul 2021-cu il tarixli qərar və onun əsasında tərtib edilmiş 06 oktyabr 2021-ci il tarixli MN seriyalı MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 12 iyul 2021-ci il tarixdə saat 11:50 radələrində Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qarşısında X10 aralarında yaranmış mübahisə zəmnində döyərək sonuncunun sağlamlığına dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinin polis sahə inspektoru, polis leytenantı X28 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, X8 şikayət ərizəsi əsasında toplanmış material üzrə araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından 31 iyul 2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verib özünü qismən təqsirli bilərək bildirmişdir ki, X6 onun atasının əmisi nəvəsidir, X18 da Ülfıyənin anasıdır. X3 atası vəfat etdikdən sonra Ülfiyə gilə tez-tez gedib gəlmişdir. Onların evində olarkən Ülfiyə ilə yaxın münasibətləri yaranmışdır. Bundan sonra müxtəlif vaxtlarda və yerlərdə Ülfiyə ilə yaxınlıq etmişdir. 2020-ci ilin dekabr ayının əvvəllərində həyat yoldaşı Cəmilə onun Ülfiyyə ilə yaxınlığını bilmişdir. Bundan sonra Ülfiyə ilə yoldaşı Cəmilə arasında, eləcə də onun arasında mübahisələr başlamışdır. 06.04.2021-ci il tarixdə baş verən mübahisə ilə bağlı Ülfiyyə polisə şikayət etmiş, 11 -ci polis bölməsində araşdırma aparılmış, toplanmış material Qaradağ rayon polis idarəsinin istintaq şöbəsinə göndərilmiş, oradan da istintaq yekunlaşaraq Ülfiyə Burcaliyevanın özünün barəsində cinayət işi başlanılmış və həmin cinayət işi aidiyyəti üzrə baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. 12.07.2021-ci il tarixdə saat təxminən 11:50-də sonuncu məhkəmə prosesi keçirilmiş və məhkəmənin hökmünə əsasən Ülfiyə Burcəliyeva təqsirli bilinərək islah işləri cəzasına məhkum olunmuşdur. Məhkəmə iclası yekunlaşdıqdan sonra onlar məhkəmədən çıxanda Ülfiyə məhkəmənin qərarı ilə razı olmadığından əsəbləşib onlarla məhkəmənin qarşısında mübahisə etməyə başlamış və mübahisə zəmnində həyat yoldaşı Cəmilə Ülfiyə və anası Yetər Burcaliyeva ilə dalaşmışlar. Həmin vaxt oda orada onların yanında olduğundan onları sakitləşdirmək istəyərkən ola bilər ki, bilmədən Yetər Burcaliyevaya hər hansı xəsarət yetirmişdir. Dava dalaş sakitləşdikdən sonra o həyat yoldaşını və övladını maşınına əyləşdirmiş və yola düşərək oranı tərk etmişlər. Yolda həyat yoldaşı Cəmilənin vəziyyəti pisləşdiyi üçün təcili yardıma müraciət etmiş, daha sonra isə həyat yoldaşı 102 xidmətinə zəng edib Ülfyənin onu döydüyünü bildirmişdir. Bundan sonra onlar polis bölməsinə dəvət edilmiş və polis bölməsinə gəldikdən sonra onlara məlum olmuşdur ki, Ülfiyə və anası Yetər döyülmələri ilə bağlı onlardan şikayət etmişlər. Göstərilənləri nəzərə alınaraq məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X17 izahatında göstərmişdir ki, X13 və onun həyat yoldaşı X11 onun qohumlarıdır. X7 onun qızıdır və onunla birlikdə yaşayırlar. Ülfiyə ilə qohumları Cəmilə və əri Elşən mübahisə etdiklərinə görə 11-ci polis bölməsində araşdırma aparılmış və nəticədə qızı Ülfiyənin barəsində CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılaraq iş aidiyyatı üzrə baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. 12.07.2021-ci il tarixdə saat təxminən 11:50-də sonuncu məhkəmə prosesi keçirilmiş və məhkəmənin hökmünə əsasən qızı Ülfiyə Burcəliyeva təqsirli bilinərək islah işləri cəzasına məhkum olunmuşdur. Məhkəmə iclası yekunlaşdıqdan sonra qızı Ülfiyə ilə birlikdə məhkəmədən çıxanda Elşənin arvadı Cəmilə qızı Ülfiyəni söyüşlə təhqir edib üzərinə hücum çəkdi. Bundan sonra Elşən də qızına qarşı nalayiq ifadələr işlədib vurmaq üçün onun üzərinə gedərkən o araya girib qızını qorumaq istəyəndə Elşən əlləri ilə bir neçə dəfə onun başına vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt orada olan tanımadığı şəxslər Elşənin və arvadı Cəmiləyə müdaxilə edərək onları ayırmışlar. Bundan sonra Ülfiyə 102 xidmətinə zəng edib məlumat vermiş, həmçinin həmin vaxt zərbələrin təsirindən özünü pis etdiyi üçün qızı Ülfiyə TTY çağırmışdır. Zərərçəkmiş şəxs sonda Şəxs bağışlamadığını və onunla barışmadığını bildirib məhkəmədən ona ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qiasmində dindirilmiş X4 izahatında göstərmişdir ki, Şəxs Rəfıxan oğlu və onun həyat yoldaşı X11 onun qohumlarıdır. Müəyyən səbəblərdən qohumu Elşənin arvadı ilə aralarında mübahisə olmuş və onların arasında dava-dalaş olmuşdur. Baş verən dava- dalaşla bağlı Qaradağ rayon polis idarəsində araşdırma aparılmış, toplanmış material Qaradağ rayon polis idarəsinin istintaq şöbəsinə göndərilmiş və barəsində CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmış və həmin cinayət işi aidiyyəti üzrə baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. 12.07.2021-ci il tarixdə saat təxminən 11:50-də sonuncu məhkəmə prosesi keçirilmiş və məhkəmənin hökmünə əsasən o təqsirli bilinərək islah işləri cəzasına məhkum olunmuşdur. Məhkəmə iclası yekunlaşdıqdan sonra anası Yetər Burcaliyeva ilə birlikdə məhkəmədən çıxanda Elşənin arvadı Cəmilə onu söyüşlə təhqir edib üzərinə hücum çəkmiş. Bundan sonra Elşən də ona qarşı nalayiq ifadələr işlədib onu vurmaq üçün onun üzərinə gələrkən anası araya girib onu qorumaq istəyəndə Elşən əlləri ilə bir neçə dəfə anasının başına vurmuş və əlləri ilə anasını itəliyərək yerə yıxmışdır. Nəticədə anası Yetər Burcaliyeva xəsarət almışdır. Həmin vaxt orada olan tanımadığı şəxslər Elşənin və arvadı Cəmiləyə müdaxilə edərək onları ayırmışlar. Bundan sonra o 102 xidmətinə zəng edib məlumat vermiş, həmçinin həmin vaxt zərbələrin təsirindən anası özünü pis etdiyi üçün TTY çağırmışdır. İş materiallarında olan və məhkəmə baxışında təqiq edilmiş: Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Cəmşid Əliyev tərəfindən 31 iyul 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş qərardan görünür ki, X5, X1 və X9 qarşılıqlı müraciəti əsasında toplanmış material üzrə, cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin Qərarda qeyd olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və X12 Qaradağ Rayon Şöbəsi tərəfindən verilmiş 457 nömrəli 17 iyul 2021-ci il tarixli ekspert rəyindən görünür ki, X9 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində başın sağ təpə nahiyəsinin və döş qəfəsinin sağ yarısının qançırları hər iki bazunun sıyrıqları bərk küt əşya(əşyalar) təsirindən, müayinədən bir neçə saat əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən 12 iyul 2021-ci il tarixdəı törənməsi mümkündür və sağlamlığa zərər burmyana xəsarətlərə aid edildiyi üçün dərəcələri təyin edilmir. Y.R.Burcaliyevanın almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olur ki, həmin xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Y.R.Burcaliyevanın adına 15 saylı təcili tibbi yardım stansiyasında tərtib olunmuş tibbi sənəddən göstərilən diaqnoz hipertoniya diaqnozu olmadığı halda yüksəlmiş arterial təzyiq ürək-damar xəstəliklərinin əlamətləri olduğundan xəsarət kimi qiymətləndirilməmiş və dərəcə təyinində nəzərə alınmamışdır. İnzibati qaydada tutma haqqında 05 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 05 oktyabr 2021-ci il tarixdə saat 18:45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir; 31.4-cü maddəsinə əsasən bu məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X2 döyülməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, zərərçəkmiş şəxsin və şahidin izahatları, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 saata görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. İnzibati həbsetmənin əvvəli 05 oktyabr 2021-ci il saat 18:45-dən hesablansın. Şəxs hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 saata görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar