Məhkəmə qərarları › İş №3(002)-1242/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1242/2021

02.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1242/2021 02.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X3 Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Daxil olmuş 30 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görsənir ki, Şəxs MMC, İD ********** nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizliyi sertifikatı almadan Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Sədərək” firmasına məxsus Ticarət Mərkəzində 23 avqust 2021-ci il tarixdə satmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X4 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs MMC-nin qida məhsullarının sertifikatlaşdırılması barədə olan 02 dekabr 2020-ci il tarixli İD ********** nömrəli müraciəti İdarədə baxılmışdır. “Lisenziya və icazələr haqqında Azərbaycan Respublikasının Qanununun” 19.11-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödənilmədiyinə görə 02 dekabr 2020-ci il tarixli İD ********** nömrəli müraciət əsasında idxal olunan yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatının ləğvi üçün 23 iyul 2021-ci il tarixli İD ********** nömrəli qərar qəbul edilmişdir. Bununla bağlı sözü gedən məhsul partiyalarının satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanılması barədə məlumatların əldə edilməsi üçün 23 iyul 2021-ci il tarixli, 23/1/İSN- 7012 nömrəli məktub ünvanlanmışdır. Sözügedən məhsul partiyaları barədə Agentliyin Bakı regional bölməsinə 23 avqust 2021-ci il tarixinədək məlumat verilməsi qeyd olunsa da, hal hazırki dövrə qədər Şəxs MMC tərəfindən cavab məktubu ünvanlanmamış və ya bu barədə regional bölməyə məlumat verilməmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, regional bölmənin adı çəkilən məktubunda qeyd olunan müddət ərzində quruma məlumat verilmədiyi təqdirdə MMC-nin bu hərəkətinin məhsulların sertifikatsız satışı kimi qiymətləndiriləcəyi və barəsində inzibati icraata başlanılacağı bildirilmişdir. Bütün bu halların nəzərə alınaraq Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 öz izahatında tərtib olunmuş protokolu qəbul etməyərək bildirmişdir ki, Şəxs MMC qida təhlükəsizliyi ilə bağlı məsələlərə xüsusi diqqət yetirən MMC-lər sırasındadır. Belə ki, MMC barəsində ilk dəfədir ki, belə bir protokol tərtib olunur. Həmçinin sözügedən protokol qanunvericiliyə uyğun qaydada tərtib edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokol tərtib olunarkən hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Protokolun tərtib olunmasından isə ümumiyyətlə MMC-nin xəbəri olmamışdır. Belə ki, qeyd olunan MMC-nin hüquqi ünvanı təxminən altı-yeddi ay olar ki, dəyişib və hal-hazırda həmin MMC ünvan 2 ünvanında yerləşir. Lakin əvvəlki ünvanada bildiriş göndərilmiş olsaydı belə, şirkətin bundan xəbəri olardı. Eyni zamanda şirkətlə əlaqə saxlamaq üçün işlək vəziyyətdə olan mobil və nömrə elektron poçt ünvanı da mövcuddur. Lakin bu əlaqə vasitələrinin heç birindən istifadə edilməmişdir. Daha sonra inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılmasına MMC dəvət olunmamış, protokolun tərtib olunmasından xəbəri belə olmamışdır. Məhkəməyə bildiriş təqdim olunsa belə, həmin bildirişdə göstərilən ünvan həmin MMC-nin ünvanı deyil. Buna görə də bu bildiriş onlara gəlib çatmamışdır. Bundan əlavə MMC-nin rəhbərliyinə və ya səlahiyyətli nümayəndəsinə telefon vasitəsi ilə də hər hansı bir məlumat verilməmiş və ya bu barədə sms xəbərdarlıq ünvanlanmamışdır. O, öz izahatında daha sonra göstərmişdir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qanunvericilik aktları ilə və ya digər normativ sənədlərdə vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar qüvvədə olan qanunvericiliyə əsasən məcburi sertifikasiyadan keçirilməlidir. Göstərilən tələblərə uyğunluğunu təsdiq edən sertifikat olmadıqda belə malları Azərbaycan Respublikasında satmaq və istifadə etmək qadağandır. Lakin məcburi sertifikatlaşdırılmalı olan malların siyahısını təsdiq edən hər hansı bir qanunvericilik aktı yoxdur. Bundan başqa qeyd olunan yeyinti məhsullarının müəyyən hissəsi hal-hazırda müvafiq anbarda saxlanılmaqla, baxışın keçirilməsinə hər hansı bir etirazları yoxdur. Odur ki, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassız hesab edilməklə inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, Şəxs MMC-yə ünvanlanmış 14 sentyabr 2021-ci il tarixli bildirişdə hüquqi şəxsə inzibati xəta haqqında işə baxılması ilə bağlı məlumat verilməsi qeyd olunsa da, həmin bildirişin həqiqətən hüquqi şəxsin ünvanına göndərilməsini və ona çatdırılmasını təsdiq edən hər hansı mötəbər sənəd iş materiallarına əlavə edilməmişdir. İşin bu halı isə hüquqi şəxsin inzibati xəta haqqında protokolun tərtib edilməsindən məlumatlı olmamasını və buna görə də protokolun onun nümayəndəsinin iştirakı olmadan tərtib edilməsini deməyə əsas verir. Halbuki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən izahat vermək, işin materialları ilə tanış olmaq, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və digər hüquqları vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Həmçinin məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol İXM-nin 100-cü maddəsinin tələblərinə uyğun tərtib olunmamışdır. Belə ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin İXM-nin 447.0.4cü maddəsi ilə təqsirləndirilməsi göstərilsə də, İXM-nin 447.0.4-cü maddəsinin mahiyyətinə uyğun Şəxs MMC-nin törətdiyi inzibati xətanın mahiyyəti protokolda düzgün qeyd edilməmişdir. Belə ki, Şəxs MMC-nin qida məhsullarını qida təhlükəsizliyi sertifikatı olmadan satması qeyd olunsa da, həmin qida məhsullarının hansı məhsullar olması öz əksini tapmamış, protokolda qeyri-müəyyənlik olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Bundan başqa məhkəmə araşdırması zamanıda müəyyən edilmişdir ki, Şəxs MMCnin iş materiallarında olan ünvanına (Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, ev 65, məhəllə 381, mənzil 60) göndərilmiş məktublar poçt xidməti tərəfindən “köçüb” qeydi edilməklə məhkəməyə geri qayıtmışdır. Bundan başqa, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin 5-ci bəndinə görə, istehlakçıların həyatının, sağlamlığının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyinə dair mala (işə, xidmətə) aid tələblər normativ sənədlərlə müəyyən edilir. Ayrı-ayrı mal qrupları (işlər, xidmətlər) üçün yuxarıda göstərilən tələblər Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir (5-ci maddənin 2-ci bəndi); Qanunvericilik aktları ilə və ya digər normativ sənədlərdə vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar (işlər, xidmətlər) qüvvədə olan qanunvericiliyə əsasən məcburi sertifikasiyadan keçirilməlidir. Göstərilən tələblərə uyğunluğunu təsdiq edən sertifikat olmadıqda belə malları (o cümlədən xarici malları) Azərbaycan Respublikasında satmaq və istifadə etmək qadağandır. Belə malların Azərbaycan Respublikasının ərazisinə idxal edilməsinə razılıq üçün gömrük orqanlarına təqdim edilən, müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş və ya da tanınmış uyğunluq sertifikatı əsas verir. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, Şəxs MMC barəsində olan inzibati xəta haqqında protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 30 sentyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsassız sayılmaqla, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında 30 sentyabr 2021-ci il tarixli MN ******* saylı protokol əsassız hesab edilməklə, təqdim edilmiş inzibati material natamam olduğundan, yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Hakim Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar