Məhkəmə qərarları › İş №3(002)-1243/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1243/2023

03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1243/2023 03.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 03 iyul 2023-cü il tarixli MN № ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 21 may 2023-cü il tarixdə, axşam saat 00:00 radələrində ünvan 3 ünvanında qeyr-rəsmi birlikdə yaşadığı həyat yoldaşı X5 döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PB-nın polis sahə inspektoru, polis kapitanı X6 tərəfindən İXM-nin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 10-cu PB-nın polis sahə inspektoru, polis kapitanı X6 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis mayoru Cəmşid Əliyevin 13 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Həmin qərara əsasən X2 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin ibtidai araşdırmaya prosessusal rəhbərliyi həyata keçirən Qaradağ rayon Prokuroruna göndərilməsi, qərarın surətinin X3 göndərilməsi, qərarın surətinin Şəxs İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həlli üçün Qaradağ RPİ-nin 10-cu PB-na təqdim edilməsi, toplanmış materialın Qaradağ RPİ-nin 10-cu PB-nin arxivində saxlanılması qərara alınmışdır. Bundan sonra həmin qərar onun icraatına verilmiş və onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 öz izahatında bildirmişdir ki, Şəxs 2019-cu ildən tanıyır. Belə ki, həmin il onunla ailə həyatı qurmaq üçün ona qoşulub qaçmışdır. Ər-arvad kimi ünvan 4 ünvanında yaşamışlar, lakin rəsmi nikahları olmamışdır. Birgə yaşdıqları vaxtda iki övladı dünyaya gəlmişdir. Son zamanlarda Rəqib evə gec və sərxoş vəziyyətdə gəlirmiş, uşaqlarına baxmır və ona da pul vermirmiş. Buna görə də o bir dəfə Binəqədi polisinə müraciət etmiş lakin sonradan ailənin dağılmaması üçün şikayətini geri götürmüşdür. 21 may 2023-cü il tarixdə, saat 23:50 radələrində Rəqib yenə evə sərxoş vəziyyətdə gəlibmiş. Uşaqların gilas istədiyini deyəndə Rəqib ona pulunun olmadığını demiş və onu təhqir etmişdir. O küsüb digər otağa keşmiş, bu zaman Rəqib yataq otağına daxil olaraq onu çarpayının üstünə yıxıb yumruqla başına və bədənin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra o atası evinə qayıtmış və 10-cu Polis Bölməsində ərizə yazmışdır. O ərinin evdə etdiklərinin həm də uşaqlarının psxilogiyasına ağır təsir göstərdiyini, onunla yaşamağın dözülməz olduğunu, ərinin mütəmadi olaraq spirtli içki qəbul etdiyini, heç bir faydalı əməklə məşğul olmadığını bildirərək Şəxs barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli hesab edərək öz izahatında bildirmişdir ki, 2019-cu il tarixdə ikinci dəfə ailə həyatı qurmaq məqəsdilə X7 ilə evlənmişdir, lakin rəsmi nikahları yoxdur. Ər-arvad kimi ünvan 4 ünvanında yaşamışlar. Birgə yaşdıqları vaxtda iki övladı dünyaya gəlmişdir. Son zamanlarda Fidanın valideynlərinin müdaxiləsinə görə aralarında söz söhbətlər olurmuş. Bununla bağlı bir dəfə Fidan Binəqədi polisinə müraciət etmişdir. 21 may 2023-cü il tarixdə, axşam saat 00:00 radələrində evə gəlmiş, Fidanın uşaqla pis rəftar etdiyini görüb ona irad bildirmişdir. Fidanı itələyib uşağı qucağına almışdır. Aralarında mübahisə yaranmış, Fidan yataq otağına getmişdir. Növbəti gün ona məlum olmuşdur ki, Fidan onu polisə şikayət edib və atası evinə gedib. O Fidanı döyməmişdir. O, öz izahatında məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi inzibati xəta tam sübuta yetirilir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 24 may 2023-cü il tarixli 353 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş X2 məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar olunmuş xəsarətlər – başın sağ gicgah, sol bud və döş qəfəsinin arxa səthinin qançırları bərk küt əşya (əşyalar) təsirindən müayinədən 3-5 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən 21 may 2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Vətəndaş F.R.Azayevanın almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi istina olunur. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis mayoru Cəmşid Əliyevin 13 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından aydın olur ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin ibtidai araşdırmaya prosessusal rəhbərliyi həyata keçirən Qaradağ rayon Prokuroruna göndərilməsi, qərarın surətinin X3 göndərilməsi, qərarın surətinin Şəxs İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həlli üçün Qaradağ RPİ-nin 10cu PB-na təqdim edilməsi, toplanmış materialın Qaradağ RPİ-nin 10-cu PB-nin arxivində saxlanılması qərara alınmışdır. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində cinayət tərkibi yoxdur, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və bununla bağlı ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar