Məhkəmə qərarları › İş №3(002)-1248/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1248/2021

27.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1248/2021 27.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Şəxs (bundan sonra -Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “OKAY" MMC barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 01 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X1 protokolu müdafiə etdiyini qeyd edib, əlavə olaraq bildirmişdir ki, “OKAY" MMC AQTA-nə ölkəyə idxal olunan qida məhsullarını sertifikatlaşdırılması üçün müraciət etmiş, sistem üzərindən şirkətə ödəniş bildirişi göndərilmiş, lakin şirkət dövlət rüsumunu ödəmədiyi üçün mallara verilməsi hazır olan sertifikat ləğv edilmişdir. Belə ki, şirkətə malların dövriyyəsi barədə məlumat verilməsi üçün müraciət edilmiş, həmçinin lazimi qaydada məlumatlandırılmasına baxmayaraq idxal olunan qida məhsullarını saxlandığı anbara baxış keçirilərkən həmin anbarda məhsullar aşkar edilməmiş və bu barədə 30 sentyabr 2021-ci il tarixdə akt tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan hüquqi şəxsə bildiriş göndərilsə də, hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat təqdim edilməmişdir. Məhkəmə işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, “OKAY" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 01 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 01 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 23.07.2021-ci il tarixdə “OKAY" MMC AQTA-nın Bakı regional bölməsinin 23.07.2021-ci il tarixli, İD ********** nömrəli qərarda qeyd olunan müraciət üzrə idxal olunmuş qida məhsullarının qida təhlükəsizliyi sertifikatı olmadan satışı həyata keçirilmişdir. İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, nizamnamə kapitalı 10.00 AZN olan “OKAY" Məhdud Məsuliyyətli Cəmiyyəti 30.09.2020-ci ildə dövlət qeydiyyatına alınmışdır. 30 sentyabr 2021-ci il tarixli Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin, idxal və ixrac olunan qida məhsullarının, qida təhlükəsizlik sertifikatının alınması üçün baxışın keçirilməsi haqqında aktın surətindən görünür ki, 23.07.2021-ci il tarixli, İD ********** nömrəli, 16.07.2021-ci il tarixli İD ********** nömrəli, 23.07.2021-ci il tarixli İD ********** nömrəli, 23.07.2021-ci il tarixli, İD ********** nömrəli, 23.07.2021-ci il tarixli, İD ********** nömrəli, 07.09.2021-ci il tarixli İD ********** nömrəli, 23.07.2021-ci il tarixli, İD ********* nömrəli, 23.07.2021-ci il tarixli, İD ********* nömrəli və 16.07.2021-ci il tarixli, İD ********** nömrəli qida təhlükəsizliyi sertifikatının ləğv edilməsi haqqında qərarda qeyd olunan müraciətlər üzrə idxal olunan qida məhsullarını saxlandığı anbara baxış keçirərkən həmin anbarda məhsullar aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 447.0.4-cü maddəsində göstərilir ki, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.. 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.. Məhkəmədə “OKAY" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə “OKAY" MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, OKAY" MMC hüquqi şəxs qismində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxs qismində 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar