Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-125/2021 06.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, X1, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1988-ci ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 05.01.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu Şəxs 26.06.2012-ci il təvəllüdlü X4 və 28.12.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 05 avqust 2015-cı il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa 108 (bir yüz səkkiz) manat olmaqla, cəmi 216 (iki yüz on altı) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin 04.09.2015-ci il tarixli 2(060)-8671/2015 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X9 protokolu müdafiə edərək bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8671/2015 saylı, 04 sentyabr 2015-ci il tarixli icra vərəqəsinə əsasən 26 iyun 2012-ci il təvəllüdlü X5 və 28 dekabr 2003-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 05 avqust 2015-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa görə 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, icra sənədinin könüllü icra edilməsi üçün borclunun ünvanına, məlumat üçün isə icraata başlamaq haqqında qərarın surəti tələbkarın ünvanına və məhkəməyə göndərilmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun adına əmlak vəziyyətinin və gəlirinin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, onun adına hər hansı əmlak müəyyən edilməsə də, lakin müəyyən olunmuşdur ki, borclu C. Sadıqov 2016-cı il tarixdən "xxxx" MMC-də aşbaz işində işləyərək 437 manat əmək haqqı almış və həmin vaxt tələbkarın xeyrinə mütamadi olaraq ödənişlər etmiş, lakin sonradan işdən azad olunduqdan sonra ödənişləri vaxtı vaxtında ödəyə bilməmişdir. Borclu Şəxs yerinin müəyyən olunmaması icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməməsinə mane olmuş, bu səbəblə də onun barəsində axtarış elan edilməsi barədə qərar qəbul edilmişdir. Qərarın icrası ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Qaradağ Rayon Polis İdarəsi tərəfindən 11.08.2020-ci il tarixdə 30789 saylı axtarış işi açılmışdır. Daha sonra borclu Şəxs 05 yanvar 2021-ci il tarixdə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Qaradağ rayon İcra və Probasiya Şöbəsinə gətirilmiş, həmin tarixdə şöbədə izahatı alınmış və həmin gündə barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Hazırda borclunun özünün deməsinə görə günə muzd fəhlə işləyərək gündəlik 10-15 manat məbləğində əmək haqqı alır. Hazırkı tarixə borclu tərəfindən ödənilməli olan aliment borcu 3010 manat məbləğində təşkil edir. X8 məhkəmə iclasında izahatında bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8671/2015 saylı, 04 sentyabr 2015-ci il tarixli icra vərəqəsinə əsasən 26 iyun 2012ci il təvəllüdlü X5 və 28 dekabr 2003-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 05 avqust 2015-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa görə 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Lakin, borclu icra sənədi üzrə öz öhdəliyini tam yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Hazırda borclu Şəxs tərəfindən ödənilməmiş qalan aliment borcu 3010 manat təşkil edir. Buna baxmayaraq 2021-ci ildə ümumilikdə cəmi 466 manat ödəniş etmişdir. Hazırda Şəxs şikayətçidir və göstərilənləri nəzərə alaraq sonuncu barəsində inzibati həbslə bağlı tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8671/2015 saylı, 04 sentyabr 2015-ci il tarixli icra vərəqəsinə əsasən 26 iyun 2012-ci il təvəllüdlü X5 və 28 dekabr 2003-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 05 avqust 2015-ci il tarixdən başlayaraq ondan hər ay hər uşağa görə 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində aliment tutularaq iddaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Əvvəllər "xxxx" MMCdə aşbaz işində işləyərək 440 manat əmək haqqı almış və aliment borcunu vaxtı-vaxtında ödəmiş, lakin 2020-ci ilin mart ayında “pandemiya” ilə əlaqədar ixtisara düşdüyü üçün işdən çıxarılmışdır. Hazırda günə muzd fəhlə işləyərək gündəlik 10-15 manat qazanc əldə edir. Lakin buna baxmayaraq 2021-ci ilin fevral ayında 266 manat, mart ayında isə 200 manat tələbkarın xeyrinə ödəniş etmişdir. O, ödəniş etməkdən qəsdən boyun qaçırtmır. Gələcəkdə imkanı olacağı təqdirdə aliment borcunu tam ödəyəcəkdir. Məhkəmədən əməlindən peşman olduğunu və göstərilənləri nəzərə alaraq barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8671/2015 saylı, 04 sentyabr 2015-ci il tarixli icra vərəqəsinə əsasən 26 iyun 2012-ci il təvəllüdlü X5 və 28 dekabr 2003-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 05 avqust 2015-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa görə 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində aliment tutularaq iddaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında 19 oktyabr 2015-ci il tarixli qərarın surətindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8671/2015 saylı, 04 sentyabr 2015-ci il tarixli icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs göndərilmişdir. Borclunun axtarışı haqqında 23 iyul 2020-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmiş qərar icra edilməsi üçün Qaradağ rayon Polis İdarəsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ rayon polis İdarəsinin əməliyyat işi üzrə rəis müavini Azər Mahmudov tərəfindən Qaradağ rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 26 avqust 2020-ci il tarixli 069-13558-1220 nömrəli məktubdan görünür ki, Şəxs barəsində 11.08.2020-ci il tarixdə Qaradağ RPİ tərəfindən 30789 saylı axtarış işi açılmışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, borclu Şəxs icra sənədi üzrə X1 xeyrinə 08 fevral 2021-ci il tarixdə 261 manat, 09 fevral 2021-ci il 5 manat, 05 mart 2021-ci il tarixdə 200 manat olmaqla, ümumilikdə 466 manat ödəniş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 05 yanvar 2021-ci il tarixli, 3(002)-125/2021 nömrəli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 03.03.2021-ci il tarixli, 3(103)-429/2021 nömrəli qərarına əsasən Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli, 3(002)-125/2021 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 13.1.4-1 maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun, tələbkarın izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən tam yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Sumqayıt şəhər Məhkəməsinin 04.09.2015-ci il tarixli 2(060)-8671/2015 nömrəli icra vərəqəsinin icrasını tam təmin etməmişdir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirib, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 06 aprel 2021-ci il saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. İnzibati həbsetmənin əvvəli 06 aprel 2021-ci il saat 11:00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-125/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-125/2021
06.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver