Məhkəmə qərarları › İş №3(002)-1253/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1253/2021

06.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1253/2021 06.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ İş № 3(002)-1253/2021 QARADAĞ RAYON MƏHKƏMƏSİNİN QƏRARİ 06 oktyabr 2021-ci il Bakı şəhəri Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X4, Qaradağ Rayon Mühafizə İdarəsinin polis nəfərləri polis serjantları X2 və X1, Müdafiəşi 10 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 2000-ci ildə Ukrayna Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Zərdab rayonu, Məmmədqasımlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində naməlum ünvanda kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ RPİ-nin 10-cu PB-dən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən təqsirləndirilməsinə dair inzibati material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X7 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 06 oktyabr 2021-ci il tarixdə saat 11:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Meyvəli” bazarında polisin qanuni tələblərinə qəsdən tabe olmamaqla polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyinə görə onun barəsində 06 oktyabr 2021-ci il tarixdə MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı X5 öz izahatında bildirmişdir ki, 06 oktyabr 2021-ci il tarixdə saat 09:30 radələrində, iş yoldaşı X3 ilə xidmətdə olduğu “Meyvəli” X6, İ korpusun arxasında nəqliyyat vasitələrinin hərəkətinə mane olan yük maşınlarını tənzimləmək məqsədilə qanuni fəaliyyətləri ilə məşğul olan zaman təxminən 20 yaşlarında gənc bir oğlanın heç bir səbəb olmadan xidməti patrul avtomobilini əlindəki mobil telefonla çəkdiyini görmüş, həmin şəxsə yaxınlaşıb özünü təqdim edərək nəyə görə patrul avtomobilini çəkdiyini soruşduqda həmin şəxs özünü kobud aparmaqla video çəkiliş etmədiyini bildirmişdir. O həmin şəxsə mobil telefonda apardığı çəkilişi silməsini tələb etdikdə həmin şəxs “yalançının var-yoxunu belə- belə edim ki, mən çəkiliş etməmişəm” deyərək ictimai yerdə nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt orada xeyli insan olmuşdur. Bundan sonra həmin şəxsin barəsində tədbir görülməsi üçün onu 10-cu PB-ya aparılması məqsədilə avtomiblə əyləşməsini tələb etdikdə həmin şəxs etiraz edərək güc tətbiq etmiş və maşına əyləşə-əyləşə yüksək səslə “sizin ağzınızı belə-belə edecəyəm” deyərək yenə də öz nalayiq ifadələrini davam etdirmişdir. Bölmədə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Odur ki həmin şəxs barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı X3 öz izahatında, polis serjantı X2 göstərdiklərini təsdiq edərək, eyni məzmunlu izahat vermişdir. Şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında inzibati pozuntuya yol verdiyini etiraf edərək məhkəmə iclasında bildirmişdir ki, o Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, fərdi tikilidə kirayə yaşayır və “Meyvəli” bazarında fəhləliklə məşğul olur. Hadisə baş verən zaman yəni, 06 oktyabr 2021-ci il tarixdə səhər saatlarında “Meyvəli” bazarında mobil telefonda oyun oynayan zaman polis əməkdaşları ona yaxınlaşaraq icazəsiz çəkiliş apardığını bildirmiş, o isə öz növbəsində çəkiliş aparmadığını bildirərək buna etiraz etmişdir. O əlindəki telefonu polis əməkdaşlarına təqdim etmiş, polislər isə telefona baxdıqdan sonra qaytararaq ona inanmadıqlarını demişlər. Bu zaman o əsəbiləşərək “yalançının var-yoxunu belə-belə edim ki, mən çəkiliş etməmişəm” ifadəsini işlətmişdir. Bundan sonra onu avtomobilə əyləşdirərərək 10-cu PB-ya aparmışlar. Əvvəlcə polis bölməsinə getməkdən imtina etsə də, onu zorla polis bölməsinə aparmışlar. O izahatında daha sonra qeyd etmişdir ki, polisə çəkiliş aparmadığını bildirdikdə nalayiq ifadələr işlətmişdir, etdiyi əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəkir. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta, özünün etirafedici izahatı, polis əməkdaşlarının izahatı və iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, nəzərə alaraq hesab edir ki, onun barəsində aşağı həddə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 06 oktyabr 2021-ci il tarixdən saat 17:00-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 10-cu PB-ya həvalə edilsin. 4.İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. 5.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar