Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1253/2022 12.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PB-dan daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X6 protoklu müdafiə edərək bildirmişdir ki, 21 sentyabr 2022-ci il tarixdə vətəndaş X7 DİN-in 102 xidmətinə və eləcə də Qaradağ RPİ-nin 10-cu PB-na ərizə ilə müraciət edərək narkotik maddə aludəçisi olan qardaşı oğlu Şəxs 20 sentyabr 2022-ci il tarixdə əlində balta ilə ona məxsus olan evin hasarını sökməsini, 21 sentyabr 2022-ci ildə əlində dəmir parçası ilə üzərinə gəlməsi və evinin şüşələrini sındırmasını, 25 sentyabr 2022-ci il tarixdə özünə məxsus ** SS *** dövlət qeydiyyat nişanlı “Nissan” markali avtomobilin əyləc sisteminin borusunu qəsdən kəsərərək onun həyatına sui-qəsd etməsi barədə məlumat vermişdir. Şəxs narkotik vasitə istifadə etdiyi məlum olduğundan barəsində İXM-nin 206-cı maddəsinə əsasən 12 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati protokol tərtib edilmişdir. O, həmin protokolu Qaradağ RPİ-nin 10-cu PB-nın baş təhqiqatçısı, polis kapitanı X2 01 oktyabr 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarı əsasında tərtib etmişdir. Həmin qərara əsasən X4 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Qaradağ RPİ-nin 10-cu PB-nın aidiyyatı əməkdaşlarına həvalə edilməsi, gələcəkdə baş verə biləcək xoşagəlməz halların qarşısının alınması, X5 həyatının və əmlakının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Məmmədovlar ailəsinin münaqişəli ailə kimi qeydiyyata alınması, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokurorluğuna göndərilməsi, materialın saxlanılması üçün 10-cu PB-nın arxivinə təhvil verilməsi qərara alınmışdır. O, öz izahatında daha sonra protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verərək bildirmişdir ki, X7 bibisidir, onlarla eyni ünvanda yaşayır, məhkəmənin qətnaməsinə əsasən evləri bölünmüş, hərə özünə ayrılmış hissədə yaşayır. 20 sentyabr 2022-ci il tarixdə bibisi Kəmalə ilə aralarında mübahisə yaranmış, o, əsəbiləşərək bibisi Kəmalə ilə öz evinin arasında yerləşən hasarı sökməyə başlamışdır. Növbəti gün bibisi bu hərəkətinə görə onu təhqir etməyə başlamış, o, da bibisinə əsəbiləşərək ona məxsus evin pəncərəsinin barmaqlıqlarını və şüşəsini sındırmışdır. Əvəllər, yəni, 2018-ci ildə bir sıra narotik vasitələri qəbul etsə də hal-hazırda heç bir narkotik vasitədən istifadə etmədiyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs qanunsuz olaraq narkotik vasitələrin istehlakı ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 10-cu PB-nın baş təhqiqatçısı, polis kapitanı X2 01 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından aydın olur ki, Şəxs üzərində heç bir narkotik vasitə aşkar olunmamış, lakin 30 sentyabr 2022-ci il tarixdə Səhiyyə Nazirliyinin Respublika X3 Məcburi-Narkoloji tibbi yoxlamasından keçirilərkən onda psixosimulyatorlardan istifadə etmə halları aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkolji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamanın 30 sentyabr 2022-ci il tarixli, 5659 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs üç gün əvvəl ilk dəfə psixatrop maddə olan metanfetamindən istifadə etdiyini bildirmişdir. Həmin rəydə göstərilir ki müayinə zamanı Şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtyacı yoxdur. Ərazi norkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində aşağı həddə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsində göstərilir ki, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin.
2. Həbs müddətinin əvvəli 12 oktyabr 2022-ci il saat 17:30-dan hesablansın.
3. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 10-cu PB-nə həvalə edilsin.
4. Şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın.
5. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Sədrlik edən: Rufan Mürsəlov