Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1255/2025 04.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, X4 qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, (FİN: xxxxxxx), Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında xx.xx.2025-ci il MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində ictimai qaydanı səs-küy yaratmaqla nalayiq söyüşlər söyərək və ictimai qaydanı kobud surətdə pozaraq polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində ictimai qaydanı səs-küy yaratmaqla nalayiq söyüşlər söyərək kobud surətdə pozmuş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bu səbəbdən onun barəsində təqdim olunmuş raport əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması barədə müvafiq protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib etdiyi protokolu müdafiə edir, Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, YPX əməkdaşları tərəfindən avtomobildə olarkən saxlanılmış, ondan sərxoşluq vəziyyətinin yoxlanması məqsədilə alkotesterə üfürməsi tələb edilmişdir. Lakin o, cihaza üfürməkdən imtina etmişdir. Polislə arasında mübahisə baş vermiş, yaranmış səs-küyə digər vətəndaşlar toplaşmışlar. Əməlindən peşman olduğunu, himayəsində 2 azyaşlı övladının olduğunu nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, bildirmişdir ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuşdur. Polis tərəfindən döyülməyə və fiziki zorakılığa məruz qalmışdır. Əlilliyi olan şəxs deyildir. Hadisədən bir qədər əvvəl alkoqollu içki qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ üzrə inspektoru X5 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixdə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində əməkdaşlarla birgə xidmət aparılan zaman hərəkətdə olan avtomobil saxlanılmış və sürücü Şəxs spirtli içkinin təsiri altında nəqliyyat vasitəsi idarə etməsi müəyyən olunmuşdur. Sürücüyə alkotesterə üfürməsi təklif olunduqda o, göstərişə tabe olmamış, saxlanılmasına görə aqressivlik nümayiş etdirmiş, üzərindəki bıçaq vasitəsilə özünə xəsarət yetirəcəyini bildirmişdir. O, vətəndaşı sakitləşdirib vəziyyətə aydınlıq gətirmək istəsə də, Şəxs yüksək səslə, ictimaiyyət qarşısında onun və digər polis əməkdaşlarının nüfuzunu aşağı salacaq sözlər işlətmişdir. Dərhal əraziyə çevik polis alayı dəvət edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ üzrə inspektoru X3 digər şahid X8 ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq, Şəxs polisə qarşı ictimai ərazidə əsassız aqressiv davranışlar göstərdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil bildirdi ki, Şəxs əməlini səmimi etiraf etdiyini və himayəsində azyaşlı övladlarının olduğunu nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materialında olan xx.xx.2025-ci il tarixli Qaradağ RPİ-nin 10-cu PŞ-nə ünvanlanmış raportlardan görünür ki, xx.xx.2025-ci il tarixdə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində əməkdaşlarla ilə birgə xidmət aparılan zaman hərəkətdə olan avtomobil saxlanılmış, nəqliyyat vasitəsini idarə edən sürücü avtomobili digər küçəyə tərəf dönərək saxlamış və o, dərhal avtomobilin sürücü oturacağından sağ tərəfdəki sərnişin orturacağına keçid etmişdir. Həmin vətəndaş Şəxs spirtli içkinin təsiri altında nəqliyyat vasitəsi idarə etməklə tərəfindən yaxalanmış, lakin o, dərhal avtomobilin içində digər oturacağa yerdəyişmə edərək, nəqliyyat vasitəsinin onun tərəfindən idarə olunmadığını söyləmişdir. Vətəndaşa alkotesterə üfürməsi söylənilən zaman o, göstərişə tabe olmamış, saxlanılmasına görə aqressivlik nümayiş etdirmiş və bildirmişdir ki, üzərindəki bıçaq vasitəsilə özünə xəsarət yetirəcəkdir. Vətəndaşı sakitləşdirib vəziyyətə aydınlıq gətirmək istəsələr də, Şəxs yüksək səslə, ictimaiyət qarşısında onun və digər polis əməkdaşlarının nüfuzunu aşağı salacaq sözlər işlətmişdir. Dərhal əraziyə çevik polis alayı dəvət edilmişdir. Odur ki, polisin qanuni tələbini yerinə yetirmədiyinə və xidməti fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlər etdiyinə görə Şəxs barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. İş materialında olan xx.xx.2025-ci il MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində ictimai qaydanı səs-küy yaratmaqla nalayiq söyüşlər söyərək və ictimai qaydanı kobud surətdə pozaraq polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:30-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə oradan məhkəməyə gətirilmişdir. İş materiallarında olan 2/31243 saylı xx.xx.2025-ci il tarixli sərxoşluq hallarının təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə alkoqollu içkinin təsirindən orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş görüntülərdən aydın olur ki, Şəxs ictimai qaydanı kobud surətdə pozaraq və vətəndaşların narahatlığına səbəb olaraq polis əməkdaşlarına tabesizlik göstərmişdir və onların nüfuzunu aşağı salacaq sözlər işlətmişdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində ictimai qaydanı səs-küy yaratmaqla nalayiq söyüşlər söyərək və ictimai qaydanı kobud surətə pozaraq polis əməkdaşlarına tabesizlik göstərmişdir. Baş vermiş hadisələr digər vətəndaşların gözü önündə baş vermişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün və şahidlərin məhkəmə iclasında verdiyi izahatları və digər iş materialları ilə onun ictimai qaydanı pozması və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin, polis əməkdaşlarının dəfələrlə etdiyi çağırışlara baxmayaraq öz qanunsuz hərəkətlərini davam etdirməsi, onların göstərişinə tabe olmaması həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən həmin Məcəllənin 510 və 535.1-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran haldır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs inzibati məsuliyyəti yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən səlahiyyətli şəxsin hüquqazidd hərəkəti dayandırmağı tələb etməsinə baxmayaraq, Şəxs tərəfindən həmin hərəkətləri davam etdirməsi və inzibati xətanı sərxoş halda törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Həmin Məcəllənin 115.4.1-ci maddəsinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin hüquqlarının faktiki məhdudlaşdırıldığı andan, yəni 03 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş 1 ədəd DVD disk iş materiallarına saxlanılmalıdır. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 saata görə 33 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və və 535.1ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 03 iyun 2025-ci il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə və Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Məhkəmə iclasında tədqiq edilmiş 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 saata görə 33 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1255/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1255/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver