Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1258/2025 10.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunun nümayəndəsi Babaşzadə Qorxmaz Ağakişi oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən Qaradağ Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş 16 may 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, vəzifəli şəxs Şəxs Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Astara yolunun 25 km-də yerləşən Bakı Gəmiqayırma zavodunda qaynaq işləri üzrə təlimçi vəzifəsində işləyərkən həmin sexdə işlərin yerinə yetirilməsi zamanı baş verə biləcək təhlükələri lazımi diqqət və ya ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunları görməyərək texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi "Elektrik qaynaq işləri. DÜST 12.3.003-75"-in 1.2, 8.1, 8.7, 8.8 bəndlərinin tələblərinə görə qaynaq işlərinin seçilməsi zamanı onların təhlükəlilik dərəcəsi nəzərə alınmalı, qaynaq işləri aparan şəxslər xüsusi geyim, xüsusi ayaqqabı və qoruyucu ləvazimatlar kimi fərdi mühafizə vasitələri ilə təmin edilməli, qaynaqçıların ayaqlarının qorunması üçün ayağı metal orintilərinin yandırmasından və mexaniki zədələrdən qoruyan xüsusi ayaqqabılar tətbiq edilməli, qaynaqçının başının mexaniki zədələrdən qorunması üçün onların xüsusi mühafizə dəbilqələrində işləmələri təmin edilməli, dəbilqələr gözün, üzün və tənəffüs orqanlarının müdafiəsi üçün maska və üz örtükləri ilə rahat uzlaşmalı olduğu halda cinayətkarcasına etinasızlıq edərək həmin vəzifələrini yerinə yetirmədiyindən 28 noyabr 2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Astara yolunun 25 km ünvanında yerləşən Bakı Gəmiqayırma zavodunda qaynaq edilmiş 120x 180x18 mm ölçülü polad lövhənin qoparaq Bakı Gəmiqayırma zavodu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 ilə arasında bağlanmış 09 oktyabr 2024-cü il tarixli peşə hazırlığının təşkilinə dair müqaviləsinə əsasən təlim keçən müdavim kimi cəlb edilmiş Zərərçəkmiş şəxs baş nahiyəsinə düşməsi nəticəsində sonuncunun dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması inzibati xətasını törədilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, o, iş üzrə özünü təqsirli hesab etmir. Barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta iş üzrə icraata başlanılması haqqında Bakı şəhəri Qaradağ rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarı əsassız, hüquqazidd formada və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilǝ qorunan hüquqlarının pozulması nəticəsində qəbul edilmişdir. Belə ki, sərəncamverici səlahiyyəti olmadığından inzibati iş üzrə cəlb edilməli olan vəzifəli şəxs o, deyildir. Bildirmək istəyir ki, zavod tərəfindən əməkdaşlara, müdavimlərə fərdi-mühafizə vasitələri təqdim edilir. Əlaqədar olaraq üz qoruyucu kaskalar hər hansı kənar təsirdən şəxsləri qorumaq imkanına malikdir. Hadisə Zərərçəkmiş şəxs öz səhlənkarlığı nəticəsində baş vermişdir. İş materialına əlavə olunmuş ekspertiza rəyində Zərərçəkmiş şəxs 28 noyabr 2024-cü ildə baş vermiş hadisə nəticəsində xəsarət almasının qeyd olunduğunu əsassız hesab edir. Belə ki, Zərərçəkmiş şəxs hadisədən sonra müayinə olunması üçün DTX hospitalına aparılmış, müayinələrdən keçirilmiş, lakin onun kəllə-beyin travması alması müəyyən edilməmişdir. "Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun 13-cü maddəsinə görə, "təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rǝy vermək" ekspertin vəzifələrindən biridir, halbuki, iş üzrə verilmiş ekspertiza rəylərinin məzmununda olan ciddi nöqsanlar bu tələbin pozulduğunu göstərir. Belə ki, əməyin mühafizəsinə dair ekspertiza qüvvədə olmayan standartlar əsasında tərtib edilmiş, məhkəmə tibbi eksperti isə natamam və yalnız prokurorluq orqanı tərəfindən verilmiş sənədlər əsasında rəy vermişdir. Onun təqsirli olmasını təsdiq edən sübut mövcud deyildir. Məhkəmənin suallarına cavab olaraq Zərərçəkmiş şəxslə təlimata uyğun olaraq bütün risklər barədə danışıldığını, onun öncədən qaynağı bərkitməli olduğunu, özünün səhlənkarlıq etdiyini, qaynaq edən zaman dəbilqədən yox, qaynaq maskasından istifadə olunduğunu, ikisinin bir arada istifadə etməyin mümkün olmadığını, qaynaq edən şəxslərə xüsusi ayaqqabı da verildiyini, müdavimlərin hər səhər geyimlərinin yoxlanıldığını, çatışmazlıq olanların işə buraxılmadığını bildirmişdir. Məhkəmənin iclasında Şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təkrar məhkəmə təhlükəsizlik texnikası ekspertizasının rəyini də əsassız hesab etdiyini, nəzərə alınmamasını, onun təqsirli olması sübuta yetmədiyindən işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunun nümayəndəsi Babaşzadə Qorxmaz Ağakişi oğlu inzibati qərarı müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmənin 23 iyun 2025-ci tarixli iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən 16 nəfərlə birlikdə Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Bakı Gəmiqayırma Zavodu"nda "qaynaqçı" peşəsi üzrə təlimə cəlb edilmişlər. Şəxs onları hər gün həyata keçirirdikləri qaynaq işləri üzrə təlimatlandırmış və onların işlərinə nəzarət etmişdir. xx.xx.2024-cü il tarixdə, təxminən saat 15 radələrində emalatxanada 2 əli ilə başının üzərində dəmir lövhəni tutmuşdur. Həmin vaxt onunla birlikdə kursa başlayan Ramil lövhənin hər iki tərəfindən lövhələri tavana qaynaq etmişdir. Ramil qaynaq etdikdən sonra ona işini bitirdiyini və lövhələri buraxa biləcəyini demişdir. Həmin lövhələri buraxdıqdan bir neçə saniyə sonra lövhə onun baş nahiyəsinə düşmüş və o, xəsarət almışdır. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, qaynaq edən zaman onlara dəbilqə təqdim olunmamış, təcrübə müddətində olan tələbə olmalarına və qaynaq işini tam bilmədiklərinə baxmayaraq təhlükəsizliyi tam təmin olunmamış, çəkisi 20 kiloqram olan dəmiri parçasını qaynaq edərkən Şəxs onun yanında olmamışdır. Hadisə baş verdikdən sonra onunla bərabər təcrübə keçən tələbələr Şəxs hadisə yerinə dəvət etmişlər. Xəstəxanada olduğu müddətdə isə zavodun heç bir məsul şəxsi onunla maraqlanmamış, xəstəxanada ətraflı müayinə və müalicə olunmadan evə buraxılmışdır. Bu səbəbdən evdə olduğu zaman halı kəskin pisləşmiş, təcili tibbi yardımla yenidən xəstəxanaya aparılmış, öz vəsaiti hesabına müalicəsini davam etdirmişdir. Aldığı xəsarət əsasında ona baş-beyin travması diaqnozu qoyulmuş, əmək qabiliyyətini itirmişdir. Məhkəmə iclasına dəvət olunmuş ekspert X6 bildirmişdir ki, məhkəmə təhlükəsizlik texnikası ekspertizasının təyin edilməsi haqqında qərarın təsviri hissəsində göstərildiyi kimi, Qaradağ rayon prokurorluğunda aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində xx.xx.1989-cu təvəllüdlü Zərərçəkmiş şəxs Bakı Gəmiqayırma Zavodunda elektrik qaz qaynaqçısı peşəsi üzrə təlim-praktiki məşğələ zamanı qaynaq işləri aparılan zaman baş nahiyəsinə dəmir lövhə düşməsi nəticəsində xəsarət almışdır. Zərərçəkmiş şəxs xəsarət alması faktı ilə əlaqədar texniki-təhlükəsizlik qaydalarının pozulub-pozulmamasını, pozulmuşdursa, kim tərəfindən pozulmasını və s. xüsusi bilik tələb edən məsələləri aydınlaşdırmaq məqsədilə məhkəmə-təhlükəsizlik texnikası ekspertizası təyin edilmişdir. Qaynaq işləri üzrə təlimçinin vəzifə təlimatına (N№VT-549) əsasən: Qaynaq prosesinin praktiki tətbiqində ilkin istinad prosedurlarına uyğun olaraq, təhlükələrin, qüsurların və xəsarətlərin ehtimalını aradan qaldırmaq. Elektrik qaynaq işləri. DÜST 12.3.003-75-ün tələblərinə görə: Qaynaq işlərinin seçilməsi zamanı onların təhlükəlilik dərəcəsi nəzərə alınmalıdır. Qaynaq işləri aparan şəxslər xüsusi geyim, xüsusi ayaqqabı və qoruyucu ləvazimatlar kimi fərdi mühafizə vasitələri ilə təmin edilməlidirlər. Qaynaqçıların ayaqlarının qorunması üçün ayağı metal ərintilərinin yandırmasından və mexaniki zədələrdən qoruyan xüsusi ayaqqabılar tətbiq edilməlidir. 8.8. Qaynaqçının başının mexaniki zədələrdən qorunması üçün onların xüsusi mühafizə dəbilqələrində işləmələri təmin edilməlidir. Dəbilqələr gözün, üzün və tənəffüs orqanlarının müdafiəsi üçün maska və üz örtükləri ilə rahat uzlaşmalıdır. Beləliklə, hadisənin baş vermə şəraitini və normativ tələbləri nəzərə almaqla, ekspert qarşısında qoyulmuş suallar üzrə aşağıdakı nəticələrə gəlmək olar: praktiki məşğələ zamanı qaynaq prosesinin praktiki tətbiqində təhlükələrin, qüsurların ehtimalı aradan qaldırılmadan və fərdi mühafizə vasitələri (dəbilqə və xüsusi ayaqqabı) istifadə olunmadan qaynaq işlərinin aparılmasına yol verildiyinə görə, baş vermiş hadisə ilə əlaqədar "Elektrik qaynaq İşləri. DÜST 12.3.003- 75"-in 1.2, 8.1, 8.7, 8.8 bəndlərinin tələbləri və "Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları"nın 11-ci bəndinin tələbləri pozulmuşdur. Qaynaq edilmiş 120x 180x18 mm ölçülü polad lövhənin qopub düşmə səbəbi barədə məlumat olmadığına görə hadisənin texniki səbəbini müəyyən etmək mümkün olmadı. Baş vermiş hadisə ilə əlaqədar "Elektrik qaynaq işləri. DÜST 12.3.003- 75"-in 1.2, 8.1, 8.7, 8.8 bəndlərinin tələbləri qaynaq prosesinin praktiki tətbiqi üzrə məşğələ zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına cavabdeh olan şəxs tərəfindən pozulmuşdur; Zərərçəkmiş şəxs əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə təlimatlandırıldığını nəzərə aldıqda, qaynaq işı aparılan zaman qaynaq edilən metal löhənin altında fərdi mühafizə vasitələrindən (dəbilqə və xüsusi ayaqqabı) istifadə olunmadan dayanmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə "Təşkilat, idarə müəssisələrin fəhlə və qulluqquan üçün nümunəvi daxili nizam qaydaları"nın 11-ci bəndinin tələbləri onun özü tərəfindən pozulmuşdur. Qaynaq prosesinin praktiki tətbiqində təhlükələrin, qüsurların ehtimalı aradan qaynaq işlərinin aparılmasına yol verildiyinə görə, baş vermiş hadisə ilə əlaqədar "Elektrik qaynaq işləri. DÜST 12.3.003- 75"-in 1.2, 8.1, 8.7, 8.8 bəndlərinin tələbləri və "Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları"nın 11-ci bəndinin tələbləri pozulmuşdur. Qərarın ikinci sualı üzrə Qaynaq edilmiş 120x 180x18 mm ölçülü polad lövhənin qopub düşmə səbəbi barədə məlumat olmadığına görə hadisənin texniki səbəbini müəyyən etmək mümkün olmadı. Qərarın üçüncü sualı üzrə - Baş vermiş hadisə ilə əlaqədar "Elektrik qaynaq İşləri. DÜST 12.3.003-75"-in 1.2. 8.1, 8.7, 8.8 bəndlərinin tələbləri qaynaq prosesinin praktiki tətbiqi üzrə məşğələ zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına cavabdeh olan şəxs tərəfindən pozulmuşdur. Qərarın dördüncü sualı üzrə - Zərərçəkmiş şəxs əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə təlimatlandırıldığını nəzərə aldıqda, qaynaq işi aparılan zaman qaynaq edilən metal lövhənin altında fərdi mühafizə vasitələrindən (dəbilqə və xüsusi ayaqqabı) istifadə olunmadan dayanmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə "Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları"nın 11-ci bəndinin tələbləri onun özü tərəfindən pozulmuşdur. Məhkəmə iclasına dəvət olunmuş ekspert X1 Əliyevin məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətin - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi bərk küt əşya təsirindən törəndiyini, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün Dövlət Təhlükəsizlik Xidmətinin Hospitalına müraciət etdiyi xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ biləcəyini və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edildiyini bildirmişdir. Məhkəmənin suallarına cavab olaraq ilkin müayinəni dekabrda etdiyini, DTX Hospitalı tərəfindən təqdim olunmuş xəstənin xəstəlik tarixçəsi sənədləri əsasında baş-beyin silkələnməsi diaqnozu müəyyən etdiyini və rəy verdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 bildirmişdir ki, o, Zərərçəkmiş şəxs və digər tələbələrlə bərabər Bakı Gəmiqayırma zavodunda qaynaqçılıq üzrə təlim keçmişlər. Qaynaq edən zaman onlar anidən səs eşitmiş, məlum olmuşdur ki, Az.Əliyevin qaynaq etdiyi dəmir parçası onun baş nahiyəsinə düşmüşdür. Həmin vaxt onun gözlə görünən xəsarəti olmasa da o, hər iki əli ilə başını tutaraq kənarda əyləşmişdir. Daha sonra Şəxs yaxınlaşmış, Zərərçəkmiş şəxs ağrısının olub-olmamasını, həkimə getmək istəməsini soruşmuşdur. Sonuncu cavabında ağrıları keçdikdən sonra işinə davam edəcəyini bildirmiş, bir müddət sonra kiməsə demədən çıxıb getmişdir. Məhkəmənin suallarına cavab olaraq bldirmişdir ki, işə başlamazdan əvvəl onlara təhlükəsizlik qaydaları barədə təlimat verildiyini, fərdi mühafizə vasitələri ilə təmin olunduqlarını, qaynaq zamanı üz nahiyəsini örtən maskadan istifadə etdiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 bildirmişdir ki, zavodda qaynaq edən zaman Zərərçəkmiş şəxsin başını tutaraq oturduğunu görmüşdür. Yaxınlaşıb nə olduğunu soruşduqda isə, sonuncu başına dəmir düşdüyünü, baş nahiyəsində ağrıların olduğunu demişdir. Daha sonra Zərərçəkmiş şəxs xəstəxanaya aparılmışdır. Məhkəmə iclasında iştirak edən şahid X4 bildirmişdir ki, A.Əiyevlə birlikdə təcrübə keçən zaman sonuncu ondan əlində saxladığı dəmir parçasının tavana bərkidilməsi məqsədilə iki nöqtədən ilkin qaynaq işini həyata keçirməsini xahiş etmişdir. O, ondan xahiş olunmuş işini bitirdikdən sonra özünə aid işləri görmək üçün çəkilmişdir. Bir qədər sonra isə az öncə Zərərçəkmiş şəxslə bərabər qaynaq etdikləri dəmir parçasının sonuncunun baş nahiyəsinə düşdüyünü öyrənmişdir. Əlavə olaraq bildirmişdir ki, dəmir parçasının qaynaq olunduqdan istilik dərəcəsinin yüksəkliyi səbəbindən düşmə ehtimalı olduğunu nəzərə alaraq, əməkdaşların dəmir parçasının bir müddət tavana bitişmiş şəkildə saxlanılması zərurəti vardır. Zərərçəkmiş şəxs isə dəmir parçasının tavana bitişməsi üçün soyumasını gözləmədən, dəmiri sabitlənmədən buraxmış və lövhə onun baş nahiyəsinə düşmüşdür. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 08/767 nömrəli rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X2 müraciət etdiyi xx.xx.2024-cũ il tarixdə ve şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 11 aprel 2025-ci il tarixli, 10/2136 nömrəli rəyindən görünür ki, qaynaq prosesinin praktiki tətbiqində təhlükələrin, qüsurların ehtimalı aradan qaldırılmadan ve fərdi mühafizə vasitələri (dəbilqə və xüsusi ayaqqabı) istifadə olunmadan qaynaq işlərinin aparılmasına yol verildiyinə görə, baş vermiş hadisə ilə əlaqədar "Elektrik qaynaq işləri. DÜST 12.3.003-75"-in 1.2, 8.1, 8.7, 8.8 bəndlərinin tələbləri və "Təşkilat, idarə, müəssisələrin fəhlə ve qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları"nın 11-ci bəndinin tələbləri pozulmuşdur. Qaynaq edilmiş 120x180x18 mm ölçülü polad lövhənin qopub düşmə səbəbi barədə məlumat olmadığına görə hadisənin texniki səbəbini müəyyən etmək mümkün olmadı. Baş vermiş hadisə ilə əlaqədar "Elektrik qaynaq işləri. DÜST 12.3.003-75"-in 1.2, 8.1, 8.7, 8.8 bəndlərinin tələbləri qaynaq prosesinin praktiki tətbiqi üzrə məşğələ zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına cavabdeh olan şəxs tərəfindən pozulmuşdur. Məhkəmə iclası zamanı barəsində icraat aparılan şəxs “Azərbaycan Standartlaşdırma İnstitutu” X12 xx.xx.2025-ci il tarixli məktubu təqdim edərək işdə məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının rəyində istindan olunan ГOCT 12.3.003- 75 standartının qüvvədə olmağını əsas gətirərək rəyin sübut qismində nəzərə alınmamalı olduğunu bildirmişdir. Məhkəmə tərəfindən işin halların tam, obyektiv və hərətfli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə tərəfindən iş üzrə təkrar məhkəmə-təhlükəsizlik texnikası ekspertizası təyin edilərək rəy alınmışdır. məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 04 avqust 2025-ci il tarixli, 10/5153 nömrəli rəyindən görünür ki, praktiki məşğələ zamanı qaynaq prosesinin praktiki tətbiqində təhlükələrin, qüsurların ehtimalı aradan qaldırılmadan və fərdi mühafizə vasitələri (dəbilqə və xüsusi ayaqqabı) istifadə olunmadan qaynaq işlərinin aparılmasına yol verildiyinə görə, baş vermiş hadisə ilə əlaqədar «Elektrik qaynaq işləri. Təhlükəsizlik tələbləri. DÜST 12.3.003-86*»-ün 1.2, 7.1 bəndlərinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri pozulmuşdur. Qaynaq edilmiş 120x 180x18 mm ölçülü polad lövhənin qopub düşmə səbəbi barədə məlumat olmadığına görə hadisənin texniki səbəbini müəyyən etmək mümkün olmadı. «Elektrik qaynaq işləri. Təhlükəsizlik tələbləri. DÜST 12.3.003-86*>>-ün 1.2, 7.1 bəndlərinin tələbləri qaynaq prosesinin praktiki tətbiqi üzrə məşğələ zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına cavabdeh olan şəxs tərəfindən pozulmuşdur. Zərərçəkmiş şəxs əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə təlimatlandırıldığını nəzərə aldıqda, qaynaq işi aparılan zaman qaynaq edilən metal lövhənin altında fərdi mühafizə vasitələrindən (dəbilqə və xüsusi ayaqqabı) istifadə olunmadan dayanmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri onun özü tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən nzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarına araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, barəsində icraat aparılan şəxs Şəxs təqsirsiz olması barədə məhkəmə iclasında əsaslandığı dəlillər əsassız olmaqla inzibati məsuliyyətdən yayınmaq məqsədi daşımışdır. Məhkəmə işdə olan məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 11 aprel 2025-ci il tarixli, 10/2136 nömrəli rəyində qüvvədə olmayan normaya istinad olunması barədə dəlilə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, bununla bağlı məhkəmə araşdırması zamanı təkrar ekspertiza təyin edilmiş və əldə olunmuş məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 04 avqust 2025-ci il tarixli, 10/5153 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, «Elektrik qaynaq işləri. Təhlükəsizlik tələbləri. DÜST 12.3.003-86*»-nin tələblərinə görə: bənd 1.2. «Qaynaq işləri zamanı yaranan təhlükəli və zərərli istehsal amillərinin siyahısı DÜST 12.0.003-74-ǝ uyğun olaraq hazrkı standarta Əlavədə verilmişdir»; -bənd 7.1. «Qaynaq peşəsi üzrə işçilər, müəyyən edilmiş qaydada təsdiq edilmiş standartlara uyğun olaraq iş şəraiti nəzərə alınmaqla, fərdi qoruyucu vasitələrlə təmin edilməlidir» Qeyd: Göründüyü kimi ilkin ekspertiza rəyində göstərilmiş DÜST-ün tələbi ilə hazırki rəydə göstərilən DÜST-ün tələbi mahiyyəti üzrə eynimənalı olmaqla, qaynaq işinin aparılması ve zamanı əsas təhlükəsizlik tədbiri kimi işçilərin fərdi mühafizə vasitələri təmin edilməsi göstərilir. İİ. 20 iyul 1984-cü il tarixində təsdiq edilmiş «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»na uyğun olaraq: Fəhlə və qulluqçuların əsas vəzifələri: bənd 11. «Fəhlə və qulluqçular borcludurlar: b) istehsalatda əsas qayda olan, əmək nizam-intizamına riayət etməli, rəhbərliyin tapşırığını dəqiq yerinə yetirməli; d) müvafiq təlimat və qaydalar ilə müəyyən edilmiş əməyin mühafizəsinə və təhlükəsizlik texnikasına dair tələblərə tam riayət etməli, verilmiş xüsusi geyim, xüsusi ayaqqabı və qoruyucu ləvazimatlardan istifadə etməlidir». Beləliklə, hadisənin baş vermə şəraitini və normativ tələbləri nəzərə almaqla, hazırki iş üzrə ilkin ekspertiza rəyi mahiyyəti üzrə təsdiq olunmaqla ekspert qarşısında qoyulmuş suallar üzrə praktiki məşğələ zamanı qaynaq prosesinin praktiki tətbiqində təhlükələrin, qüsurların ehtimalı aradan qaldırılmadan və fərdi mühafizə vasitələri (dəbilqə və xüsusi ayaqqabı) istifadə olunmadan qaynaq işlərinin aparılmasına yol verildiyinə görə, baş vermiş hadisə ilə əlaqədar «Elektrik qaynaq işləri. Təhlükəsizlik tələbləri. DÜST 12.3.003-86*»-ün 1.2, 7.1 bəndlərinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri pozulmuş; - qaynaq edilmiş 120x 180x18 mm ölçülü polad lövhənin qopub düşmə səbəbi barədə məlumat olmadığına görə hadisənin texniki səbəbini müəyyən etmək mümkün olmamış; «Elektrik qaynaq işləri. Təhlükəsizlik tələbləri. DÜST 12.3.003-86*»-ün 1.2, 7.1 bəndlərinin tələbləri qaynaq prosesinin praktiki tətbiqi üzrə məşğələ zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına cavabdeh olan şəxs tərəfindən pozulması nəticəsinə gəlinmişdir. İş materialında olan qaynaq işləri üzrə təlimçinin vəzifə təlimatında qaynaq prosesinin praktiki tətbiqində ilkin istinad prosedurlarına uyğun olaraq olaraq, təhlükələrin, qüsurların və xəsarətlərin ehtimalını aradan qaldırmaq onun vəzifə öhdəliklərinə aid edilmişdir. Barəsində icraat aparılan şəxsin izahatına, məhkəmə iclasında baxış keçirilmiş videgörüntülər və hadisə yerinə baxış keçirilməsi haqqında protokola əlavə olunmuş fotoşəkillərə əsasən də qaynaq işlər aparan şəxslərin başının mexaniki zədələrdən qorunması üçün onların xüsusi mühafizə dəbilqələrində işləmələrinin təmin edilmədiyi görünür. Bu da öz növbəsində zərərçəkmiş şəxsin hadisə zamanı başından xəsarət almasına səbəb olmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı Şəxs tərəfindən işdə olan məhkəmə tibbi ekspertizasının rəyinin əsaslılığını mübahisələndirmiş, bununla bağlı rəy vermiş ekspertin məhkəmə iclasında iştirakı təmin edilmiş, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 08/767 nömrəli rəyini vermiş ekspert X7 məhkəmə iclasında rəyin mahiyyətinə uyğun izahat verərək, proses iştirakçılarının suallarına cavab vermişdir. Məhkəmə araşdırması zamanı barəsində inzibati icraat aparılan Şəxs DTX Hospitalının 28 noyabr 2024-cü tarixli KT müayinə aktında zərərçəkmiş şəxsdə “parenximada patoloji dəyişikliklər aşkar edilmədiyinin” qeyd edildiyini, müasir tibbdə beyin sarsıntısı diaqnozunun KT nəticələrinə deyil, müvəqqəti nevroloji pozuntulara əsaslandığını göstərsə də bununla bağlı məhkəmə tərəfindən verilmiş sorğu əsasında məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi stasionardan çıxanın statistik kartasında və epikrizdə Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi diaqnozu qeyd olunmuş, məhkəmə tibbi-eksperti tərəfindən gəlinmiş nəticənin qeyd olunan tibbi sənədlərlə uyğunluq təşkil etdiyi, həmin rəyin əsaslılığını şübhə altına qoyan halların olmadığı müəyyən edilmişdir. Beləliklə ki, məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar, inzibati materialda olan digər sənədlərlə, o cümlədən ekspertiza rəyləri, zərəçəkmiş şəxsin, şahid ifadələri ilə tam olaraq sübuta yetirilmişdir ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi Şəxs Bakı Gəmiqayırma zavodunda qaynaq işləri üzrə təlimçi vəzifəsində işləyərkən həmin sexdə işlərin yerinə yetirilməsi zamanı qaynaq işləri aparan şəxslərin qoruyucu ləvazimatlar kimi fərdi mühafizə vasitələri ilə təmin edilməli, qaynaqçının başının mexaniki zədələrdən qorunması üçün onların xüsusi mühafizə dəbilqələrində işləmələri təmin edilməli, dəbilqələr gözün, üzün və tənəffüs orqanlarının müdafiəsi üçün maska və üz örtükləri ilə rahat uzlaşmalı olduğu halda həmin vəzifələri yerinə yetirmədiyindən 28 noyabr 2024-cü il tarixdə zavodda qaynaq edilmiş polad lövhənin qoparaq təlim keçən müdavim kimi cəlb edilmiş Zərərçəkmiş şəxs baş nahiyəsinə düşməsi nəticəsində sonuncunun sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş, bununla da, Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli olsa da, o inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki inzibati məsuliyyətə cəlb etmə müddətləri keçmişdir. Belə ki, Bakı şəhəri Qaradağ rayon prokuroluğunda qeyd olunan faktla əlaqədar olaraq aparılmış araşdırma nəticəsində əməldə cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, inzibati məsuliyyətə cəlb edilmə məsələsinə baxılması üçün toplanmış material rayon prokuroruna təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göründüyü kimi hazırki iş üzrə qanunla nəzərdə tutulmuş üç aylıq inzibati cəlb etmə müddəti ötmüş hesab olunur. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli olsa da inzibati məuliyyətə cəlb etmə müddəti keçdiyinə görə onun barəsində inzibati tənbeh tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, hazırda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53 və 105-ci maddələrinin tələbləri baxımından Şəxs inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən onun barəsində Qaradağ rayon prokurorluğunun 16 may 2025-ci il tarixli qərarı əsasında başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi və Şəxs inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törrətməkdə təqsirli bilinərək barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçməsi əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1258/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1258/2025
10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver