Məhkəmə qərarları › İş №3(002)-1264/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1264/2021

12.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1264/2021 12.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 12 oktyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şirinov X5 rayon Məhkəməsinin 2(004)-4950/2014 saylı, 23 iyun 2014-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək çıxışında bildirmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4950/2014 saylı, 23 iyun 2014-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 23.06.2014-cü il tarixdən başlayaraq 04.08.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində aliment tutularaq X4 qızına verilməsi qət edilmişdir. İcra sənədi şöbənin icraatına daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilərək icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin tam icrası könüllü təmin edilməmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun adına əmlak vəziyyətinin və gəlirinin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun hər hansı gəliri və onun adına hər hansı əmlak müəyyən edilməmişdir. Borclu tərəfindən məhkəmə qərarının real icrasına yönələn heç bir tədbir görülməmiş, bu tədbirlərin həyata keçirilməsinə hərəkətsizlik göstərilməklə, tələbin təmin edilməsinə təşəbbüs belə göstərilməmişdir. Borclu Şəxs qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün barəsində 22 iyul 2016-cı il tarixdə axtarış elan edilmiş, icra edilməsi üçün səlahiyyətli orqana göndərilmiş və borclunun axtarışda olması nəzərə alaraq iş üzrə icraat dayandırılmışdır. Qərarın icrası ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Qaradağ Rayon Polis İdarəsi tərəfindən 24.09.2016-cı il tarixdə 42832 saylı axtarış işi açılmışdır. Borclu Ş.İlham 2014-ci il tarixli icra sənədi üzrə 2014-cü il tarixdən başlayaraq 2015-ci ilədək qeyd olunan aliment məbləğini vaxtı vaxtında icra etsə də, 2015-ci ildən hazırki müddət ərzində öhdəliklərini tam və vaxtında icra etmədiyi üçün bu günə onun 7210 manat aliment borcu yaranmışdır. Borclu Şəxs 12 oktyabr 2021-ci il tarixdə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Qaradağ rayon İcra və Probasiya Şöbəsinə gətirilmiş, həmin tarixdə şöbədə izahatı alınmış, görülmüş icra tədbirləri müsbət nəticə vermədiyindən borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 12.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra vərəqəsindən xəbərdardır. Maddi imkansızlığı səbəbindən aliment öhdəliklərini icra edə bilmir. Maddi imkanı olacağı təqdirdə borcundan ödənişlər edəcəkdir. Buna görə də barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4950/2014 saylı, 23 iyun 2014-cü il tarixli icra vərəqəsinə əsasən 04.08.2004-cü il təvəllüdlü X3 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün 23.06.2014-cü il tarixdən başlayaraq Şəxs hər ay 103 manat sabit pul məbləğində aliment tutularaq X6 verilməsi qət edilmişdir. İcraata başlama haqqında 23.05.2016-cı il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4950/14 saylı, 23 iyun 2014-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir. Nərimanov rayon İcra şöbəsinin icra məmurları Pərviz Babayev, Elgiz Qəmbərov və Qalib Hüseynlinin iştirakları ilə tərtib edilmiş 10 may 2016-cı il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(004)-4950/2014 saylı, 23 iyun 2014-cü il tarixli icra vərəqəsinin icrasını təmini məqsədilə görülmüş tədbirlər zamanı müəyyən edilmişdir ki, qeyd olunan icra sənədi üzrə borclu Şəxs ünvan 3 ünvanında yaşamır. Borclunun qardaşı Şirinov Elçin bildirmişdir ki, Şəxs harada yaşaması barədə məlumat yoxdur. Borclunun axtarışı haqqında 22.07.2016-cı il tarixli qərarın surətindən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Şəxs barəsində axtarış elan edilmiş, qərar icra olunması üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin 12 oktyabr 2021-ci il tarixli, 070-11913 nömrəli məktubundan görünür ki, barəsində 11.09.2015-ci il tarixli, 42832 nömrəli axtarış işi olan Şəxs aidiyyəti üzrə Qaradağ rayon İcra və probasiya şöbəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 13.1.4-1 maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın və borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi üzrə üzərinə qoyulmuş aliment öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər imkana və vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirib, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 12 oktyabr 2021-ci il saat 16:00dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. İnzibati həbsetmənin əvvəli 12 oktyabr 2021-ci il saat 16:00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar