Məhkəmə qərarları › İş №3(002)-1265/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1265/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1265/2025 20.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətindən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən inzibati cərimə növündə inzibati tənbehvermə haqqında qərarın icrası ilə əlaqədar DƏMX-nin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli , 3-17-5/2-2316/2024 saylı məktubunda nəzərdə tutulan tədbirlər görülməmişdir. Nəticədə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində 21 may 2025-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X7 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, X2 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması ilə xitam verilərkən işəgötürən tərəfindən bu Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur. Buna görə də Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının baş direktoru X4 inzibati xətanı törətdiyinə görə İXM-nin 192.6cı maddəsinə əsasən 1500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir. Bütün bu qeyd edilənlərə əsasən təmsil etdiyi İdarə tərəfindən 22 fevral 2024-cü il tarixli, MN ******* saylı “inzibati cərimənin şərti tətbiq edilməsi haqqında” qərar qəbul olunmuşdur. Borclunun əmək haqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi üçün görülmüş tədbirlər nəticə vermədiyinə və eləcə də cərimə könüllü qaydada ödənilmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.7-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddələrinə uyğun olaraq X4 barəsində qəbul edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar borclunun digər gəlirləri və əmlakları hesabına ödənilməsi və icrasının təmin edilməsi üçün xx.xx.2024-cü il tarixli, 3-17-5/2-2316/2024 saylı məktubunda Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin şirkət tərəfindən məktubda göstərilən tədbirlər görülmədiyindən Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində İXM-nin 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialına rəsmi məlumat verilsə də həmin şirkətdən nümayəndə məhkəmə iclasında iştirak etməmiş, lakin şirkətin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının baş direktoru X4 barəsində tətbiq edilmiş 1500 manat məbləğində inzibati cərimənin DƏMX-nin müvafiq bank hesabına ödənildiyindən şirkətin inzibati məsuliyyətdən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının baş direktoru X4 barəsində tətbiq edilmiş 1500 manat məbləğində inzibati cərimə ödənildiyindən şirkət inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə “elektron məhkəmə sistemi” vasitəsilə təqdim etdiyi 15 may 2025-ci il tarixli, “A” formatlı ödəniş tapşırğından aydın olur ki, 22 fevral 2024-cü il tarixli, MN ******* saylı protokol üzrə 1500 manat pul məbləği X5 Xidmətinin X1 müxbir hesabına ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 529-cu maddəsinin qeyd hissəsinə əsasən “bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur.” Odur ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati məsuliyyətdən azad edilməklə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 53.1.10-cu maddəsinin tələblərindən aydın olur ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin, 53, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən tərtib edilmiş 21 may 2025-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata inzibati məsuliyyətdən azad edilməklə xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar