Məhkəmə qərarları › İş №3(002)-1268/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1268/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1268/2025 23.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28311284 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28311284 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixli EQ 28311284 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə 80 manat cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyildir, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 10:32-də idarə etdiyi "HYUNDAİ 130 minik" markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, mikrorayon 2 ərazisində guya dayanma, durma qaydasını pozduğuna görə onu cərimə etmişlər. O, Sumqayıt şəhərindən üzü Nizami kinoteatrının qarşısında sərnişinin avtomobilə minməsi üçün cəmi 10 saniyə ərzində dayanmışdır. Həmin vaxt onun kəməri taxılı olmaqla avtomobildən belə enməmişdir. Həmin ərazi geniş olmaqla orada avtomobilin dayanmasının qadağan olunması barədə heç bir işarə olmamışdır. Həmin ərazidə başqa avtomobillər də dayanmışdır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28311284 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayəti müdafiə edərək, inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq şəkildə məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı təmin olunmamışdır. Məhkəmə işə inzibati orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini, təqdim olunmuş videogörüntünü və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli EQ 28311284 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Hyundai 130” minik markalı **-KM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması xətasına yol vermiş və buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 1 ədəd CD diskə yerləşdirilmiş görüntüdən görünür ki, inzibati xəta hadisəsinin törədildiyi yerdə dayanma və ya durmanı məhdudlaşdıracaq hər hansı yol hərəkəti işarəsi mövcud deyildir. Həmçinin, DYP tərəfindən qeydə alınmış fotoşəkillərdə inzibati xəta hadisəsinin törədildiyi yerdə dayanma və ya durmanı məhdudlaşdıracaq yol hərəkəti işarəsinin mövcud olduğunu təsdiq edəcək görüntü mövcud deyildir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, məhkəməyə təqdim olunmuş videogörüntü və DYP tərəfindən qeydə alınmış fotoşəkillər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, inzibati xəta hadisəsinin törədildiyi yerdə dayanma və ya durmanı məhdudlaşdıracaq hər hansı yol hərəkəti işarəsi mövcud deyildir. Yuxarıda göstərilən səbəblərdən də, inzibati xəta haqqında protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28311284 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28311284 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında işlə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə, tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə göndərilməlidir. Həmçinin, iş üzrə 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28311284 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında işlə bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə göndərilsin. İş üzrə 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar