Məhkəmə qərarları › İş №3(002)-1272/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1272/2021

22.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1272/2021 22.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Qaradağ RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Rüstəm Seyidovun 08 sentyabr 2021-ci il tarixli qərarından və 196/21 nömrəli rədd materialına əsasən tərtib edilmiş 15.09.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 23 avqust 2021-ci il tarixdə 21:00 radələrində Şəxs idarə etdiyi "xxxx"MMC-yə məxsus "Khazar LX” markalı, Az ** PY *** dövlət qeydiyyat nişanlı avtomaşınla Lökbatan-Puta yolu ilə üzü Puta qəsəbəsi istiqamətində saatda təxminən 80 km sürətlə hərəkətdə olduğu zaman yol qaranlıq olduğundan qarşıdakı sol tərəfə olan təhlükəli döngəni görə bilməmiş və asfaltda olan 1.1 üfüqi nişanlama xəttinin tələbini pozaraq əks istiqamətli hərəkət zolağına çıxmışdır. Bu zaman əks istiqamətdən hərəkətdə olan vətəndaş Zərərçəkmiş şəxs1 idarə etdiyi “Ravon Nexia” markalı, Az ** PX *** dövlət qeydiyyat nişanlı avtomaşını görüb, hadisənin qarşısını almaq məqsədilə əyləcə basıb, avtomaşını sol tərəfə çəkmişdir. Lakin avtomaşın fırlanaraq sağ yanı ilə həmin avtomaşının qarşı sol hissəsinə çırpılıb, yolun kənarında sol kənarında dayanmışdır. Avtomobillərin toqquşması nəticəsində “Ravon Nexia” markalı avtomobildə sərnişin Zərərçəkmiş şəxs2 yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bildiyini qeyd edib, izahatında bildirmişdir ki, "xxxx" MMC-yə məxsus “Khazar LX” markalı ** PY *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 23.08.2021-ci il tarixdə saat təxminən 21:00 radələrində idarə etdiyi avtomaşınla Qaradağ rayonu, Lökbatan qəsəbəsindən çıxıb, Puta qəsəbəsinə getmək üçün Lökbatan-Puta yolu ilə üzü Puta qəsəbəsi istiqamətində saatda təxminən 80 km sürətlə hərəkətdə olmuş, dəmir yolunu keçdikdən sonra avtomaşınla hərəkətdə olduğu zaman yol qaranlıq olduğundan qarşıdakı sola tərəf təhlükəli döngəni görə bilməmiş və əks istiqamətə çıxmışdır. Bu zaman əks istiqamətdən hərəkətdə olan “Ravon” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomaşını görüb, hadisənin qarşısını almaq məqsədilə əyləcə basıb, avtomaşını sol tərəfə çəkmiş. Lakin avtomaşın fırlanaraq sağ yanı ilə həmin avtomaşının qarşı sol hissəsinə çırpılaraq, yolun kənarında üzü Lökbatan qəsəbəsi istiqamətində dayanmışdır. Özünə gəldikdən sonra avtomaşından yerə düşüb, toqquşduğu avtomaşına baxdıqda həmin avtomaşında olan bir nəfər qadın sərnişinin xəsarət aldığını görmüş, dərhal hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, xəsarət alan qadını isə yol maşını ilə xəstəxanaya aparmışlar. Barəsində icraat aparılan şəxs Şəxs sonda əməlindən səmimi peşmanlıq hissinin keçirməsini, zərərçəkmiş şəxsin baş vermiş hadisə ilə bağlı ona qarşı şikayətin olmamasını və ailəsinin maddi tələbatını sürücülük fəaliyyəti ilə məşğul olmaqla təmin etməsini nəzərə alınaraq, barəsində sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı olmayan qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid Zərərçəkmiş şəxs1 izahat verərək bildirmişdir ki, o, “B C” kateqoriyalı sürücüdür. 2019-cu ildən bəri sürücülük təcrübəsi var. “Union” Lizing” ASC-yə məxsus “Ravon Nexia” markalı, Az ** PX *** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə edir. 23.08.2021-ci il tarixdə saat- təxminən 21:00 radələrində bacısı X1 yaşadığı Novxanı qəsəbəsinə aparmaq məqsədilə yuxarıda qeyd etdiyi avtomaşınla Qaradağ rayonu, Qızıldaş qəsəbəsindən çıxıb, Puta-Lökbatan yolu ilə üzü Lökbatan qəsəbəsi istiqamətində saatda təxminən 50-60 km sürətlə hərəkətdə idi. Bacısı avtomaşında arxa sol oturacaqda əyləşmişdir. Avtomaşınla qarşıdakı sərt döngəyə yaxınlaşan zaman əks istiqamətdən “Khazar” markalı avtomaşının qəfildən onun yoluna çıxdığını görüb, hadisənin qarşısını almaq məqsədi ilə əyləcə basıb, avtomaşını sağ tərəfə çəkmiş, lakin həmin avtomaşın gəldiyi sürətlə sağ yanı üstə sürüşərək idarə etdiyi avtomaşının qarşı sol hissəsinə çırpılmış, onun avtomobili zərbənin təsirindən yolun sağ kənarındakı torpaq sahəyə düşmüşdür. Bir qədər özünə gəldikdən sonra bacısı Nahidə Qurbanovanın alın və burun nahiyyəsindən xəsarət aldığını görmüşdür. Toqquşduğu avtomaşının isə “Khazar” markalı, Az ** PY *** dövlət qeydiyyat nişanlı olduğunu görmüşdür. Həmin avtomaşının sürücüsü dərhal onların yanına yaxınlaşaraq köməklik göstərmiş, hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəldikdən sonra bacısını taksi ilə Lökbatan qəsəbəsində yerləşən 19 saylı xəstəxanaya aparmış, xəstəxanada müayinə olunduqdan sonra evə buraxılmışdır. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə və zərərçəkmiş şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, zərərçəkmiş şəxs isə məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 23 avqust 2021-ci il tarixli, 2/11461 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs hadisə zamanı ayıq olmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 23 avqust 2021-ci il tarixli, 2/11479 nömrəli tibbi müayinə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 hadisə zamanı ayıq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4- Təcrübi və Tədris Birliyinin 24 avqust 2021-ci il tarixli 609 saylı canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktından görünür ki, vət. Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- başın alın nahiyəsinin əzilmiş yarası və burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan burun belinin əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X5 müraciət etdiyi 23.08.2021-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. vət. Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, sərnişini olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində törənə bilərdilər. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 09.04.2014-cü il tarixində verilmiş AD seriyalı 035027 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs “B” dərəcəli sürücülük hüququ vardır və vəsiqə 09.04.2024-cü ilədək etibarlıdır. AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş AE seriyalı 136432 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-PY-*** nömrəli dövlət qeydiyyat nişanlı, ““Khazar LX” markalı” minik avtomobil "xxxx" MMC-yə məxsusdur. “Azərmaş MMC” tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli etibarnamədən görünür ki, “Azərmaş MMC” ilə Şəxs arasında bağlanmış 29.05.2021-ci il tarixli MAS-3832 saylı “X2” əsasında lizinqə verilmiş 1 ədəd Khazar LX markalı, 90YP524 qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AE 136432 seriyalı, 2021-ci il buraxılışlı, ban №NVABA1HHFMF801655, mühərrik №147H0574869, ağ rəngli) maşınını yalnız Azərbcayn Respublikası Ərazisində idarə edilməsində səlahiyyətlidir. Etibarnamə 02.08.2021-ci il tarixdən 28.08.2021-ci il tarix daxil olmaqla etibarlıdır. Zərərçəkmiş şəxs2 tərəfindən Qaradağ RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Rüstəm Seyidova verilmiş 25 avqust 2021-ci il tarixli izahatından görünür ki, hadisədən sonra o, taksi ilə Lökbatan qəsəbəsində yerləşən 19 saylı xəstəxanaya aparılmış, orada müayinə olunduqdan sonra evə buraxılmışdır. Onun hadisəni törətmiş sürücüdən şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokol, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 25 avqust 2021-ci il tarixli 609 nömrəli ekspert rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşman olması və ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1), nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar