Məhkəmə qərarları › İş №3(002)-1276/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1276/2021

15.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1276/2021 15.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Həsənov İslam Telman oğlu, Şikayət vermiş şəxs X1 verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin icraatına X1 barəsində tərtib edilmiş EXP ******* nömrəli protokol inzibati tənbeh vermə haqqında qərarından şikayəti daxil olmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 3(006)- 2887/2021 nömrəli qərardadına əsasən X1 Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş 27.08.2021-ci il tarixli, EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı iş materialını nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, X2 barəsində aparılan inzibati xəta haqqında iş üzrə qərarın olubolmamasının müəyyən edilməsi mümkün deyildir və həmin qərar varsa belə iş materiallarına əlavə edilməmişdir. Qeyd edilməlidir ki, mübahisələndirilən məsələ ilə bağlı ilk növbədə qərarın şikayətə əlavə olunması zəruridir, çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərardır və sözügedən qərar olmadan məhkəmədə işə baxılan zaman onun qanuni olub-olmamasının yoxlanması mümkün deyildir. Bununla yanaşı, qanunvericilik tərəfindən inzibati xəta haqqında iş üzrə yalnız inzibati tənbeh vermə haqqında qərarlardan şikayətin verilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Həmçinin şikayətçi X1 adından verilmiş şikayət imzalanmamış, bu hal isə şikayətin sonuncu tərəfindən verilməsini şübhə altına alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 inzibati xəta haqqında iş üzrə verdiyi şikayət geri qaytarılmalı, həmçinin həmin inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququnun olması şikayətçiyə izah edilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar