Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1284/2021 20.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Mingəçevir şəhər məhkəməsindən daxil olmuş materiala baxaraq MÜƏYYƏN ETDİM: "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında material baxılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən 02 sentyabr 2021-ci il tarixli 00100/1692 saylı qərardadla Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Mingəçevir şəhər məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 3(051)-722/2021 saylı qərardadına əsasən qeyd olunan material aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından məlum olur ki, "xxxx" ASC 30 avqust 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********2169 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmiş, Rusiya Federasiyasından 50DZ948/99ZH648 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş yükü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikasının Gömrük Məcəlləsi 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, **********7377 sorğu nömrəli qısa idxal bəyannaməsini mallar 26.08.2021-ci il tarixdə saat 16:56-da Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, 26.08.2021-ci il tarixdə saat 18:25-də gömrük orqanına elektron formada verərək həmin malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsini verməmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 3(051)-722/2021 saylı qərardadı onunla əsaslandırılmışdır ki, AZNEFTEMAŞ” ASC-in hərəkətsizliyi özünü informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə icra edilməli vəzifənin yerinə yetirilməməsində göstərdiyindən və icra edilməmiş vəzifə informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə istənilən yerdə icra edilə biləcəyindən hazırki inzibati xəta haqqında işə inzibati xətanın aşkarlandığı, yəni səlahiyyətli vəzifəli şəxsin inzibati xəta haqqında protokol tərtib etdiyi yerdə baxılmalıdır. Məhkəmə hesab edir ki, işin baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsi düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə inzibati məsiliyyət yaranır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair 17.03.2021-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə inzibati məsuliyyəti müəyyən edir, yəni bu inzibati xəta hərəkətsizlik nəticəsində törədilmiş hesab olunur. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" ASC tərəfindən hərəkətsizliklə törədilməsi ehtimal olunan inzibati xəta hadisəsi hüquqi şəxsin Mingəçevir şəhərində yerləşən ünvanında baş verdiyindən, həmin işə Mingəçevir Şəhər Məhkəməsində baxılmalı idi. İş materiallarından da göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin rəsmi qeydiyyat ünvanı Mingəçevir şəhəri, Gəncə şossesidir. Bundan başqa qeyd olunan hüquqi şəxs üzərinə düşən öhdəliyi Bakı Baş Gömrük İdarəsində icra etməli olsaydı belə, yenə də həmin inzibati işin Qaradağ rayon Məhkəməsinə heç bir aidiyyatı yoxdur. Belə ki, Bakı Baş Gömük İdarəsinin ərazi yurisdiksiyası Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinə aid deyil, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinə aiddir. Məhkəmələr arasında fikir ayrılığı yarandığından, aidiyyət məsələsi Apellyasiya məhkəməsi tərəfindən həll edilməlidir. Beləlilklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmsasına dair Mingəçevir Şəhər Məhkəməsindən daxil olmuş materialın aidiyyət məsələsinin həll edilməsi məqsədilə iş Bakı Apellyasiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri rəhbər tutaraq QƏRARA ALDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən hüquqi şəxs "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib olunmuş 02 sentyabr 2021-ci il tarixli 00100-1698/21 saylı inzibati xəta haqqında protokol ilə əlaqədar məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həlli üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1284/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1284/2021
20.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver