Məhkəmə qərarları › İş №3(002)-1285/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1285/2021

01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1285/2021 01.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş 15.10.2021-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Qaradağ RPİ-nin 38-ci Polis Bölməsi tərəfindən verilmiş MN ******* saylı, 08 yanvar 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs AR İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İcra sənədi müvafiq qaydada icraya yönəldilmiş və 03.05.2021-ci il tarixdə könüllü icrasını təmin etmək üçün borclu Şəxs bildiriş göndərilmişdir, lakin icra sənədinin icrası üzürsüz səbəbdən hazırkı tarixədək təmin edilməmişdir. Eyni zamanda borclu Şəxs 14.10.2021-ci il tarixli izahatında qeyd olunan cəriməni ödəmək imkanına malik olmadığını, işlədiyi təqdirdə cəriməni ödəyə biləcəyini bildirmişdir. Həmin gün 14.10.2021-ci il tarixdə şöbəyə gəlməsi barədə xəbərdarlıq edilmiş. Lakin borclu qeyd olunan tarixdə şöbəyə gəlməyərək borcu ödəməkdən yayınmışdır. Borclu Şəxs 04.10.2021-ci il tarixli məktubla qeyd olunan icra sənədinin qanunla müəyyən edilmiş 3 aylıq icra müddətinin başa çatmasına dair xəbərdarlıq məktubu təqdim edilmişdir. Lakin borclu Şəxs icra sənədinin qanunla müəyyən edilmiş 3 aylıq icra müddətinin başa çatması ilə bağlı xəbərdarlığa heç bir münasibət bildirməmiş və icra sənədinin icrasından üzrsüz səbəbdən yayınmışdır. Qeyd olunanlara əsasən müəyyən edilmişdir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun məhkəmə iclasında izahat verərək bildirmişdir ki, borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu qərarda göstərilən məbləğdən ödəniş etməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Qaradağ RPİ-nin 38-ci Polis Bölməsi tərəfindən verilmiş MN ******* saylı, 08 yanvar 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs AR İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmiş, lakin maddi vəziyyəti qənaətbəxş olmadığından cəriməni ödəyə bilməmişdir. Hazırda işləmədiyindən hər hansı əmək fəaliyyəti ilə məşğul olub cərimənin ödənilməsini təmin edə bilmir. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci Polis Bölməsi tərəfindən verilmiş MN ******* saylı, 08 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 manat məbləğində inzibati cərimə edilmişdir. İcraata başlama haqqında 08.01.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci Polis Bölməsi tərəfindən verilmiş MN ******* saylı, 08 yanvar 2021-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs göndərilmişdir. Sorğu kartoçkasından görünür ki, Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru Dəyanət Mustafayev tərəfindən 14.10.2021-ci il tarixdə şöbənin icraatında olan icra sənədinin icrası məqsədilə Şəxs barəsində adına əmlak vəziyyətinin və gəlirinin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun hər hansı gəliri və onun adına hər hansı əmlak müəyyən edilməmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə – yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. İnzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs səlahiyyətli orqanın 08.01.2021-ci il tarixli qərarının icrasını 3 aydan artıq müddət ərzində təmin etməmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetirildiyindən sonuncunun əməli düzgün olaraq, İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinin sanksiyasının hədləri daxilində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 160 (yüz altmış) saat ictimai işləri növündə tənbeh edilsin. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Rayon (şəhər) İcra şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar