Məhkəmə qərarları › İş №3(002)-1285/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1285/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1285/2025 08.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətindən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, vəzifəli şəxs X2 tərəfindən inzibati cərimə növündə inzibati tənbehvermə haqqında qərarın icrası ilə əlaqədar DƏMX-nin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli , 3-17-5/2-85656/2024 saylı məktubunda nəzərdə tutulan tədbirlər görülməmişdir. Nəticədə Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də Şəxs MMC barəsində 22 may 2025-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə və Şəxs MMC-yə rəsmi qaydada təkrarən məlumat verilsə də tərəflər məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə də məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vətəndaş X3 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində qanunvericliyin tələbləri pozularaq işdən çıxma ərizəsi olmadan Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndi ilə xitam verilmişdir. Buna görə də Şəxs MMC-nin direktoru X2 inzibati xətanı törətdiyinə görə İXM-nin 192.6-cı maddəsinə əsasən 1700 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir. Bütün bu qeyd edilənlərə əsasən İdarə tərəfindən 11 iyun 2024-cü il tarixli, MN ******* saylı “inzibati cərimənin şərti tətbiq edilməsi haqqında” qərar qəbul olunmuşdur. Qeyd olunanlara əsasən 3-17-5/2-85656/2024 saylı, xx.xx.2024-cü il tarixli məktub Şəxs MMC-nin rəhbərliyinə göndərilərək X1 əmək haqqından hər ay 50% olmaqla 1700 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 7 gün ərzində Xidmətə yazılı formada məlumat verilməsi xahiş edilmişdir. Borclunun əmək haqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi üçün görülmüş tədbirlər nəticə vermədiyinə və eləcə də cərimə könüllü qaydada ödənilmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.7-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddələrinə uyğun olaraq X2 barəsində qəbul edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar borclunun digər gəlirləri və əmlakları hesabına ödənilməsi və icrasının təmin edilməsi üçün xx.xx.2025-ci il tarixli, 3-17-5/2-9284/2025 saylı məktubla Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin şirkət tərəfindən məktubda göstərilən tədbirlər görülmədiyindən Şəxs MMC barəsində İXM-nin 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: AZ1083, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan ştq, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar