Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1287/2021 20.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı X2, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin DEQMŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı X5, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin DEQMŞ-nin əməliyyat müvəkkili, polis kapitanı X1, Müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinə əsasən təqsirləndirilməsinə dair inzibati material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı X4 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 20 oktyabr 2021-ci il tarixdə saat 09:30 radələrində ünvan 2 ünvanının yaxınlığında ucadan nalayiq söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşları tərəfindən nizam intizama dəvət edilsə də onların qanuni tələbinə qəsdən tabe olmadığına görə onun barəsində 20 oktyabr 2021-ci il tarixdə MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin DEQMŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı X7 öz izahatında bildirmişdir ki, 20 oktyabr 2021-ci il tarixdə saat 09:30 radələrində, iş yoldaşı polis kapitanı X3 ilə birlikdə xidmətdə olduğu zaman ünvan 2 ünvanının yaxınlığında əməliyyat tədbirində olarkən bir nəfər tanımadıqları vətəndaşın ucadan danışaraq ünvansız nalayiq söyüşlər söyməsi diqqətlərini cəlb etmişdir. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onlar həmin vətəndaşı intizama dəvət etdikdə iradlarına məhəl qoymamışdır. Polis əməkdaşı olduqlarını bildirdikdə isə hərəkətlərini daha da aqressivləşdirmişdir. Onu sakitləşdirməyə yönəlmiş hərəkətlərinə qarşı nalayiq söyüşlər söyməklə əl-qol hərəkətləri ilə cavab vermişdir. Bu səbəbdən həmin vətəndaşı BMCMİ-yə gətirmək istəyərkən o hətta polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyək əllərindən çıxaraq qaçmağa cəhd göstərmişdir, lakin onlar həmin vətəndaşı saxlayaraq Baş İdarəyə gətirmişlər. Odur ki həmin şəxs barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin DEQMŞ-nin əməliyyat müvəkkili, polis kapitanı X3 öz izahatında, polis baş leytenantı X5 göstərdiklərini təsdiq edərək, eyni məzmunlu izahat vermişdir. Şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında inzibati pozuntuya yol verdiyini etiraf edərək məhkəmə iclasında bildirmişdir ki,20 oktyabr 2021-ci il tarixdə, səhər saat 09:30 radələrində ünvan 2 ünvanının yaxınlığında ucadan nalayiq söyüşlər söyən zaman polis əməkdaşları onu nizam-intizama dəvət etdikdə o, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq söyüş söyməkdə davam etmiş, polis əməkdaşları onu polis idarəsinə gətirmək istədikdə isə onların əllərindən çıxaraq qaçmağa çalışmışdır. O izahatında daha sonra etdiyi əməldən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta, özünün etirafedici izahatı, polis əməkdaşlarının izahatı və iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsində göstərilir ki, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Odur ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. İş materiallarına əlavə edilmiş “inzibati xəta törətmiş şəxsi tutma haqqında” 20 oktyabr 2021-ci il tarixli protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 20 oktyabr 2021-ci il tarixdə saat 09:30-da tutulmuşdur. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 20 oktyabr 2021-ci il saat 09:30-dan hesablansın və həbsin sonu 20 noyabr 2021-ci il saat 09:30 müəyyən edilsin. 3.Qərarın icrası DİN-in BMCMİ-nə həvalə edilsin. 4.İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. 5.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Rufan Mürsəlov